Gənclər hərbi xidmətə yola salınıb SƏS TV

Gənclər hərbi xidmətə yola salınıb SƏS TV

Bu gün Xətai rayonundakı Heydər Parkında Şuşa, Laçın, Cəbrayıl rayonlarından olan gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.

SİA-nın məlumatına görə, mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksək rütbəli zabitləri, müvafiq rayonların icra hakimiyyətlərinin başçıları və nümayəndələri, ictimaiyyətin təmsilçiləri, Qarabağ müharibəsi veteranları, çağırışçıların valideynləri iştirak ediblər.

Əvvəlcə iştirakçılar parkda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çağırışçılara uğurlar arzulayan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov gənclərin Vətənin layiqli, fədakar müdafiəçisi olacaqlarına, ordu quruculuğu sahəsində Heydər Əliyev ideyalarına, eləcə də Prezident, Ali Baş Komandan İlham Əliyevin milli ordumuzun daim möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğıya əməli işləri, nümunəvi xidmətləri ilə cavab verəcəklərinə əminliyini bildirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov gəncləri hərbi xıdmətə yola düşmələri münasibətilə təbrik edərək sürətlə inkişaf edən ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan danışıb. Bildirib ki, ordu quruculuğu sahəsində aparılan davamlı işlər nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri bütün göstəricilərinə görə regionun ən qüdrətli ordusuna çevrilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa Rayon bölməsinin rəisi, polkovnik-leytenant Anar Əliyev "Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Məhəmməd Vəliyev , "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli də çağırışçılara Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər.

Çıxışçılar Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğunda inamlı addımlar atılır.

Qeyd edilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri vahid mərkəzdən idarə olunan güclü maddi-texniki bazaya malikdir və ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir qüvvəyə çevrilib.

Apreldə baş verən hərbi əməliyyatlar dövlətimizin və Ordumuzun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirdi. Düşmən təxribatlarının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğal altındakı mühüm əhəmiyyətə malik yüksəkliklər azad edildi. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşında həkk olundu. Aprel hadisələri zamanı Silahlı Qüvvələrimizə ən yüksək qiyməti Ali Baş Komandan İlham Əliyev verdi. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti verilən əmrləri böyük ruh yüksəkliyi ilə dəqiq yerinə yetirir.

Valideynlər ordu sıralarına yola düşən gənclərə xoş arzularını bildirərək övladlarının hərbi xidmətə yollanmasından iftixar hissi keçirdiklərini deyiblər.

Çağırışçılar Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər.

Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə