Politoloq: “Rusiyanın razılığı olmadan Ermənistana nüfuz edilməsi mümkün deyil" AÇIQLAMA

Politoloq: “Rusiyanın razılığı olmadan Ermənistana nüfuz edilməsi mümkün deyil" AÇIQLAMA

"İranın attığı addımların Rusiya ilə konflikt yaradacaq səviyyəyə çatacağını düşünmürəm. Çünki İran o potensialda və imkanda deyil. Bu ölkəni qıcıqlandıran amillərdən biri Türkiyə ilə Rusiyanın Suriya məsələsində anlaşması və birgə hərəkət etməsidir. İran rəsmiləri bununla bağlı verdikləri bəyanatlarda da artıq diplomatik, etik normaları aşan ifadələr səsləndirirlər. Onlar həmçinin qeyd edirlər ki, Türkiyə ilə Rusiyanın Suriyadakı əməkdaşlığı İranı proseslərdən tamamilə kənarda qoyub". Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, Rusiyanın razılığı olmadan Ermənistana hər hansı bir dövlət tərəfindən iqtisadi, həmçinin digər müstəvilərdə nüfuz edilməsi mümkün deyil: "İndiki şəraitdə İran Ermənistanla yaxınlaşmaqla daha çox qıcıqlandırıcı addımlar atmağa çalışır. Bu addımlar həm Türkiyə, həm də Azərbaycanla bağlıdır. Azərbaycan ərazilərinin işğalı haqda danışarkən Ermənistanın sabiq prezidentləri Petrosyan və Köçəryan həmin dövrlərdə İranın onlar üçün həyat yolu olduğunu deyirlər. İranın həmin dövrdə Ermənistana dəstəyi olmasaydı, ermənilərin işğal prosesinindəki ardıcıl fəaliyyəti və hərəkətləri mükün deyildi. Bunlar Ermənistanın keçmiş rəhbərləri tərəfindən açıq şəkildə dilə gətirilən ifadələrdir. İllərdir ki, Fələstində yaşayan insanların hüquqlarını müdafiə etməyə çalışdığını bəyan edən, bütün ideoloji prinsiplərini bu faktor üzərində quran İran öz qonşuluğunda müsəlman bir dövlətin ərazisinin başqa bir dövlət tərəfindən işğal olunmasına göz yumur, ortaq mədəniyyəti paylaşan insanların öz yurd yuvalarından didərgin düşmələrini təbii qəbul edir, işğalçıya dəstək verir. Bu, qeyri-səmimiliyin bariz nümunəsidir".

Bütün xəbərlər Facebook səhifəmizdə