DQİDK-nın rəsmisi: “Radikalizmlə mübarizə üç istiqamətdə həyata keçirilir” AÇIQLAMA

DQİDK-nın rəsmisi: “Radikalizmlə mübarizə üç istiqamətdə həyata keçirilir” AÇIQLAMA

"Ümumiyyətlə Azərbaycanda radikalizmlə bağlı mübarizə üç istiqamətdə həyata keçirilir. Birincisi, ideoloji istiqamətdir". Bunu SİA-ya Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, ideoloji iş dedikdə dini maarifləndirmə nəzərdə tutulur: "İkincisi, iqtisadi blok çərçivəsində fəaliyyətdir. Bu fəaliyyətə zərərli dini cərəyanların maddi qaynaqlarının aradan çıxarılması daxildir. Əgər bu təriqətlərin, cərəyanların zərərli fəaliyyətinin qarşısını almaq üçün biz onların iqtisadi imkanlarını məhdudlaşdırmasaq təbii ki, onlarla mübarizə də o qədər effektli olmayacaq. İdeoloji, iqtisadi müstəvi ilə yanaşı bir də hüquqi, inzibati müstəvi var. Bu sonuncu istiqamətdir, tədbirdir. Əgər onlar qanunları pozurlarsa, qanundan kənar bir fəaliyyət olacaqsa, varsa dərhal hüquq-mühafizə orqanları məsələyə müdaxilə edirlər. Bu hüquqi çərçivədə aparılan inzibati tədbirlərdir. Azərbaycanda dini radikalizmlə mübarizə sadaladığımız üç istiqamət üzrə həyata keçirilir".

Maariflçilik məsələsində gəldikdə isə qurum rəsmisi əlavə edib ki, DQİDK müxtəlif qurumlar tərəfindən birgə həyata keçirdiyi çoxsaylı tədbirlər var: "Bunlar bütün Azərbaycan gəncliyini, regionları, kəndləri, qəsəbələri ümumiyyətlə hər yeri əhatə edir. Bizim Gənclər və İdman Nazirliyi, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, hüquq-mühafizə orqanları, Silahlı Qüvvələrimizlə, Dövlət Sərhəd Xidməti ilə birgə tədbirlər planımız var. Yəni cəmiyyətin bütün təbəqələrinə hesablanmış tədbirlə həyata keçiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə