Uzun müddətdir ki, "Respublikaçı Alternativ Hərəkatı"nda səsssizlik hökm sürməsindən sonra, bu qurum daxilində də çaxnaşma və qarşıdurmalar yaşanmağa başladı. Xüsusilə, hərəkatın sədri İlqar Məmmədovun həbsdə olması adıçəkilən qurumda daxili problemlərə səbəb olub. Yəni sədrin həbsdə olması onun işini davam etdirən üç funksionerin ziddiyyətli vəziyyətə düşmələrinə səbəb olub. "REAL"-ın icraçı katibi Natiq Cəfərli ilə hərəkatın idarə heyətinin üzvü Azər Qasımlı və digər funksioner Erkin Qədirli arasındakı qarşıdurmanın əsas səbəblərindən biri bir neçə ay öncə İ.Məmmədovun həbsxanadan göndərdiyi məktub-müraciətidir. Onu da xatırladaq ki, o, hərəkatın idarəsini məhz A.Qasımlıya həvalə etdiyini sözügedən məktub-müraciətində bildirmişdi. Məhz bundan sonra "REAL"da kəskin ziddiyyətlər meydana gəlməyə başlayıb. Məsələn, hərəkatdakı etibarlı mənbədən daxil olan məlumatlara görə, A.Qasımlının özünə yaxın üzvləri vasitəsilə təbliğat aparır və bu addım istər-istəməz qarşı tərəfdə qıcıq yaratmağa başlayıb. Yəni İ.Məmmədovun adından daha çox mətbuatda görünən, müxtəlif ictimai-siyasi və iqtisadi proseslərə münasibət bildirən N.Cəfərli və E.Qədirli onların fəallığını görməzlikdən gələn İ.Məmmədovun A.Qasımlının üzərində dayanması qərarını necə deyərlər, süngü ilə qarşılayıblar.
Hələ bu ilin əvvəllərindən bəyan edilmişdi ki, ""REAL" partiyaya çevrilir", amma...
Lakin ortada İ.Məmmədovun məlum seçim üzərində dayanması ilə yanaşı, daha bir ilginc factor mövcuddur. Məsələn, bəllidir ki, N.Cəfərli, E.Qədirli ilə A.Qasımlı arasında daha öncədən həll olunmamış qalan bir ziddiyyət yaşanmaqdadır. Ziddiyyətin əsasını isə "REAL"-ın siyasi müxalifət partiyasına çevrilib-çevrilməməsi məsələsi təşkil edir. Çünki hələ bu ilin əvvəllərindən bəyan edilmişdi ki, "REAL" partiyaya çevrilir və bu qurum təsis konfransı çağırmaq üzrədir. Amma nə konfrans keçirildi, nə də partiya yaradıldı. Bunun yerinə isə digər qarşılıqlı anlaşmazlıq, ziddiyyət və ittihamlar yarandı.
Beləliklə, A.Qasımlı "REAL"-ın daha tez siyasi partiyaya çevrilməsini tələb edib və burada əsas məqsəd onun İ.Məmədovun sonradan məlum fikrini dəyişərək, ya N.Cəfərlinin, ya da E.Qədirlinin üzərində dayana bilməsindən ehtiyat etməsidir. Ona görə də mövcud tələbi üzərində dayanaraq, "REAL"ın siyasi partiyaya çevrilməsinini zaman-zaman media vasitəsilə gündəmə gətirir.
Təbii ki, onun bu planından xəbərsiz olmayan N.Cəfərli-E.Qədirli cütlüyü hərəkatın partiyaya çevrilməsi planını maksimum şəkildə gecikdirməyə çalışmaqla, A.Qasımlının sədr olmaq planlarını pozmağa çalışırlar.
"REAL" da yaxın dövrlərdə düşərgədəki digər siyasi partiyaların aqibətlərini yaşamalı olacaq
Yeri gəlmişkən, N.Cəfərli bir müddət öncə bu məsələ barədə sosial şəbəkədə və mediada fikirlərini açıqlayıb. Onun fikirlərindən isə görünür ki, "REAL" müxalifətdə yeni idarəetmə forması gətirsə də, onun partiyaya çevrilməsi planının reallaşdırılması hələ tezdir. "İndi bu prosesi təkmilləşdirmək lazımdır, sonra isə partiyaya çevrilmək məsələsinə baxmaq olar" tipli fikirlərini ortaya atan N.Cəfərlinin qərarını E.Qədirli də dəstəkləyir.
Təbii ki, A.Qasımlı belə düşünmür. Yeri gəlmişkən, N.Cəfərlinin bu ilin oktyabr ayında hüquq-mühafizə orqanlarına çağırılması, bir neçə günlük saxlanılması, ardınca isə həmin hadisə barədə şübhəli fikir bildirməsi də vəziyyətin gərgin olmasına səbəb yaradıb. Məsələn, N.Cəfərlinin hüquq-mühafizə orqanlarına çağırılmasından dərhal sonra onu müdafiə edən tərəf yalnız E.Qədrili oldu. A.Qasımlı isə "Natiq Cəfərlinin həbsi və azadlığa çıxması mənim üçün qaranlıq qalıb" fikrini ortaya atdı. Bu fikir isə qarşıdurmanı daha da gərginləşdirib. Baş verənlər isə "REAL" üçün heç bir səmərəli nəticə verməyib. Əksinə, nəzərdə tutulan planlar da reallaşmamış qalıb. Hətta belə qənaətə gəlmək mümkündür ki, əgər "REAL" partiyaya çevrilərsə, hətta A.Qasımlının sədrlik məsələsi gündəmə çıxarsa, onda bu gün ona qarşı eyni mövqedən - etirazlı şəkildə çıxış edən N.Cəfərli və E.Qədirli arasında da münaqişələr yaşana bilər. Partiyaya çevrilməsi ehtimal edilən "REAL" hərəkatını isə qarşıda daha güclü daxili qarşıdurmalar gözləyir. Hətta hesab etmək olar ki, "REAL" da yaxın dövrlərdə düşərgədəki digər siyasi partiyaların aqibətlərini yaşamalı olacaq. Hərəkatdakı mövcud reallıq bunu deməyə kifayət qədər zəmin yaratmış olur.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB