Ənənəvi müxalifətdə davam edən gərginlik vaxtilə uzun müddət bir arada fəaliyyət göstərmiş və demək olar ki, bir-birlərinə qarşı ittiham irəli sürməyən partiyalara da sirayət etməyə başlayıb. Bu dəfə Ümid partiyasının sədri İqbal Ağazadə funksioneri Məhəmməd Əsədullazadə vasitəsilə Müsavat partiyasının sədri Arif Hacılını hakimiyyətə işləməkdə ittiham edərək, təşkilatı siyasi fəaliyyətsizlikdə suçlayıb. Halbuki, Ümid partiyası Müsavatla uzunmüddətli əməkdaşlıq edərək, bütövlükdə digər müxalifət partiyaları ilə də eyni münasibət qurmurdu. Hətta Müsavatın funksionerləri sırasına daxil olmuş sabiq müsavatçı, "Yeni Müsavat" qəzetinin baş redatoru Rauf Arifoğlu həmin qəzetdə ayrıca şəkildə Ümid partiyasının fəaliyyətini təbliğ edən bülleten də buraxdırırdı ki, bu amiol də hər iki partiyanın eyni mövqedən çıxış etməsinin göstəricisi kimi qiymətləndirilirdi.
Rauf Arifoğlunun və "Yeni Müsavat" qəzeti əməkdaşlarının Müsavat partiyasından istefa vermələrindən sonra Ümid-Müsavat münasibətlərinə demək olar ki, son qoyuldu
Lakin bütün bunlar Müsavatın sabiq başqanı İsa Qəmbərin dövründə idi və görünür, onu saxta seçkilər vasitəsilə əvəzləmiş Arif Hacılı eyni münasibəti saxlabağı bacarmayıb. Xüsusilə, Rauf Arifoğlunun və "Yeni Müsavat" qəzeti əməkdaşlarının Müsavat partiyasından istefa vermələrindən sonra Ümid-Müsavat münasibətlərinə demək olar ki, son qoyuldu. Amma buna baxmayaraq, Ağazadə müəyyən pərdəni saxlayaraq, müsavatçılara qarşı sərt fikirlərlə çıxış etmirdi. Bu baxımdan, onun birdən-birə belə bir mövqe sərgiləməsi müxalifət cameəsini təəccübləndirməyə başlayıb.
Məsələn, ümidçilər "iqtisadi böhran" məsələsini ortaya ataraq iddia ediblər ki, bu fonda bütün siyasi partiyalar (yəni, müxalifət partiyaları-R.N.) birgə əməkdaşlıq etməlidirlər. Yeni ittifaqlarda birləşməli, hakimiyyətə qarşı fəal siyasi mövqe nümayiş etdirməlidirlər".
"Müxalifətin vaxtilə formalaşmış birliyini Müsavatın yeni rəhbərliyi pozub"
Partiya funksionerinin bildirdiyinə görə, təəssüf ki, özünü ölkənin böyük müxalif partiyası hesab edən Müsavat partiyasının siyasi fəaliyyəti demək olar ki, görünmür. O, Arif Hacılını nəzərdə tutaraq, onu və partiyadaşlarını "iqtidara işləyirsiniz"-deyə günahlandırıb. SİTAT: "Görəsən, Müsavat hakimiyyətdən nə qədər vəsait alır ki, belə susqun mövqe nümayiş etdirir?! Müxalifətin zamanla formalaşmış birliyini pozmuş Müsavatın yeni rəhbərliyini partiyadaxili intiriqaları sakitləşdirmək maraqlandırır.
Görünür ki, bu partiya özünün müxalifətçilik missiyasını başa vurub, öz qərargahına çəkilib, yalnız öz cari məsələri ilə məşğul olur. Belə olmasaydı, Müsavatı geniş siyasi arenada hakimiyyətə qarşı müxalifətdə görərdik. Partiya başqanı Arif Hacılı yalnız Facebook-da özünü göstərərək siyasətdə olduğu zənnini yaratmaqla məşğuldur".
Müsavatçı yetkililər Məhəmməd Əsədullazadə adlı birini tanımadıqlarını deyiblər
Ancaq bu arada daha bir məsələ ortaya çıxır. İddia edilir ki, İ.Ağazadə indi də özünü Müsavatın qatı düşməni olan və Əli Kərimlinin sədri olduğu AXCP-yə yarınmağa cəhd edir. Belə ki, onun məqsədlərindən biri də öz təbliğatını aparmasıdır ki, bu mənada Ağazadə "Azadlıq" qəzetində "Yeni Müsasvat"dakı bülletenindən çıxarmaq fikrindədir. Lakin maraqlı məqamlardan biri də Müsavat partiyasının bu məsələdə susqun davranmasıdır. Daha dəqiq desək, müsavatçı funksionerlər bu fikirlərin yalnız Ağazadənin dili ilə deyilməsindən sonra münasibət bildirəcəklərini deyərək, Məhəmməd Əsədullazadə adlı birini tanımadıqlarını deyiblər.
Lakin fakt budur ki, artıq bu partiyalar arasında ciddi intriqa yaşanmağa başlayıb və bunun nəticəsinin, proqnozunun indidən hansı sonluğa doğru gedəcəyini hiss etmək kifayət qədər mümkündür.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB