Suriyanın İdlib şəhərində hökumət güclərinin nəzarəti altında olan və mülki vətəndaşların təxliyyəsi üçün ayrılmış bir neçə avtobus silahlılar tərəfindən atəşə məruz qalıb. SİA xəbər verir ki, bu barədə BBC hadisə baş verən yerdəki mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, hücum Əl-Fua və Kəfray yaşayış məntəqələrində baş verib ki, nəticədə altı avtobus yandırılıb.
Suriyada insan haqlarının nəzarəti monitorinq mərkəzinin Londonda yerləşən bazasının informasiyasına görə, hücumlar arxasında "Cəbhət Fəth əş-Şam" ("Cəbhət ən-Nusra"nın keçmiş adı-red.) silahlı qruplaşması dayanıb.
Bu arada "The Independent" Suriya ordusu tərəfində döyüşən "Hizbullah" briqadasına istinadən xəbər verib ki, təxliyyə zamanı silahlı terrorçular arasında da güclü atışma yaşanıb. Belə ki, onların bir hissəsi mülki vətəndaşların ərazidən çıxarılmasının tərəfdarları, digər hissəsi isə buna qarşı çıxanlardır.
Qeyd edək ki, ötən gün KİV-lər Suriya hökuməti tərəfindən ayrılmış təcili tibbi yardım maşınlarının və avtobus karvanının Hələbin şərq hissəsində terrorçular tərəfindən atəşə məruz qaldığını yazıblar.
İdlibdə isə eyni vaxtda 2 minə yaxın yaralı və xəstə mülki vətəndaşın Əl-Fua və Kəfray bölgəsindən çıxarılması prosesi baş tutmalıydı.
Hələbdə isə təxliyyə prosesinə dekabrın 15-dən fasilə verilib. Lakin tərəflər arasında yeni razılıq əldə olunub və proses yenidən icra olunacaq.
Daha öncə isə hakimiyyətyönümlü şiə qüvvələri tələb irəli sürmüşdülər ki, Əl-Fua və Kəfraydan mülki vətəndaşların təxliyyəsi təmin olunsun və nəticədə şərqi Hələbdən də təxliyyə üçün münbit şərait yaradılsın.
Lakin terrorçu qruplaşmalar bu məsələdə yekdil fikirdə olmadıqlarına görə, onların arasında münaqişə yaranıb və bu, sonda anti-hökümət qüvvələri arasında silahlı qarşıdurmalara səbəb olub.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB