Müşfiq Ələsgərli: “Neqativ ünsürlərin yer tutmalarının qarşısı alınmalıdır” AÇIQLAMA

Müşfiq Ələsgərli: “Neqativ ünsürlərin yer tutmalarının qarşısı alınmalıdır” AÇIQLAMA

"Dövlət Təhlükəsizliyi Xidmətinin son günlər "reket qəzetlər" və onların sahibləri barədə həyata keçirdiyi tədbirlərə ciddi zərurət var idi. Belə ki, Azərbaycan Mətbuat Şurası həmin qəzetlərin adını hələ 2010-ci ildə "Qara siyahıya" daxil etmişdi. Amma həmin qəzetlər və onların sahibləri MŞ-nin tənqidlərindən, tövsiyyələrindən nəticə çıxarmaq əvəzinə, əksinə, neqativ əməllərini daha da artırmışdılar. Bəlli olduğu kimi, onların arxasında keçmiş MTN-nin rəhbərliyi dayanmışdı". Bunu SİA-ya Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, sadə vətəndaşlar bu qəzetlərdən məhkəmələrə müraciət edəndə, bədnam MTN şəbəkəsi həmin şikayətçilərə hədə-qorxu gəlir, adamları öz şikayətlərini məhkəmədən geri çəkməyə məcbur edirdilər: "Belə yanaşma həm ölkə vətəndaşlarında ruh düşkünlüyü yaradır, həm də mediaya qarşı inamı itirir, jurnalistləri gözdən salırdı. İndi DTX-nın həyata keçirdiyi tədbirlər, media adna ləkə gətirən şəxslərin təmizlənməsinə yardım edir. Biz hesab edirik ki, "reket jurnalistlərin şəbəkəsi" son günlər saxlanan iki qəzetin rəhbəri ilə yekunlaşmır. Arzuolunandır ki, həmin şəbəkənin bütün üzvləri barədə ölçü götürülsün".

M.Ələsgərli əlavə edib ki, Azərbaycan Mətbuat Şurası Peşə Davranış Qaydalarına syqısız yanaşan KİV-lərə qarşı yarandığı gündən mübarizə aparır: "Bu mübarizə 2008-ci ildən etibarən xüsusi proqram üzrə həyata keçirilir. Kampaniyanın gedişatında müsbət nəticələr əldə edilib: "Reket jurnalistikanın" qarşısının alınması üçün həm hüquqi, metodiki baza hazırlanıb, həm də təcrübi baxımdan əhəmiyyətli adımlar atılıb. Sonucda, ənənəvi KİV-də, xüsusən, çap mediada ciddi irəliləyişə nail olunub, belə demək mümkünsə, "reket jurnalistlərin" bu müstəvidə fəaliyyət dairəsi daralıb. Təəssüf ki, çap mediası sahəsində mövqelərini itirən "dırnaqarası jurnalistlər" onlayn müstəviyə transfer ediblər. Onlayn müstəvi onlara öz fəaliyyətlərini rahat qurmaq üçün şərait yaradır. Belə ki, həm qanunvericilikdəki boşluqlar, həm də onlayn müstəvidə etik standartların müəyyənləşməməsi onlara xüsusi imkanlar verib.

Heç bir əziyyət çəkmədən, para sərf etmədən, xüsusi prosedur keçmədən onlayn media resursu yaratmaq və burada "istədiyini yazmaq", yəni, kimisə şərləmək, böhtan atmaq, şantaj etmək, haqqında qeyri-real informasiyalar paylaşmaq mümkündür. Belə mühit, etik standartlara sayqısız yanaşan xəbər istehsalçılarının onlayn müstəvidə oturuşmaları ilə nəticələnib.

Amma bu, onlayn xəbər istehsalçılarının heç də hamısının neqativ əməllərlə məşqul olması, yaxud, onlayn müstəvinin yalnız "reket jurnalistlərin" məkanı olması anlamına gəlməməlidir. Onlayn müstəvi həm texniki imkanları baxımından, həm də azad fikir paylaşımı platforması olması baxımından çox böyük hadisədir. Sadəcə, orada neqativ ünsürlərin yer tutmalarının qarşısı alınmalıdır.

Sevindirici haldır ki, 2013-cü ildən etibarən, onlayn müstəvidə xəbər istehsalının hüquqi tənzimlənməsi yönündə ciddi addımlar atılır, hüquqi çərçivələr dəqiqləşdirilir. Paralel olaraq, yenə 2013-cü ildən etibarən, Mətbuat Şurasına da səlahiyyət verilib ki, onlayn medianın özünütənzimləmə prosesini həyata keçirsin. Bu baxımdan inanırıq ki, onlayn müstəvidə də etik standartların möhkəmlənəməsinə nail olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə