Müxalifət niyə bir-birinə dəydi? SİYASİ ANALİZ

İlginc səbəblər üzə çıxdı
Müxalifət niyə bir-birinə dəydi? SİYASİ ANALİZ

Son günlər Tarif Şurasının enerji qiymətlərinin qaldırılması ilə bağlı verdiyi qərardan sonra bir sıra müxalifət partiyalarının rəhbərləri məlumatsız şəkildə və sözügedən məsələnin dərinliklərinə varmadan, eləcə də ucuz siyasətlərinin reklamı üçün fürsətcillik edib siyasi divident toplamağa cəhdlər edirlər. Lakin bu arada daha bir maraqlı fakt diqqətdən kənarda qalmayıb. Məsələ ondadır ki, bugünlərdə 12 müxalifət partiyasının dekabrın 3-də ADP qərargahında sözügedən məsələ ilə bağlı tədbir keçirməsi və oraya AXCP, Müsavat, AMİP və s. kimi partiyaların qatılmaması düşərgədaxili ittihamları daha da qızışdırıb.

ADP sədri Səradr Cəlaloğlu: "Mənasız söz yığnağından başqa heç nə danışmırlar"

Lakin həmin tədbirdə də partiya liderlərinin çıxışları olsa da, sonrakı addımların nədən ibarət olacağı, belə tədbirlərin davamının olub-olmayacağı barədə qəti bir qərar qəbul edilməyib. Maraqlı məqamlardan biri də tədbirin partiyasının qərargahında keçirilməsinə baxmayaraq, ondan bir gün öncə Sərdar Cəlaloğlunun düşərgədaşlarına qarşı sərt ittihamlara çıxış etməsidir. Belə ki, onun fikrincə, hakimiyyət təmsilçiləri irəli arqumentlər qoysalar da, müxalifət partiyalarının rəhbərləri bu arqumentlərə qarşı heç bir fikir ortaya qoya bilmirlər. SİTAT: "Həmişəki kimi, mənasız söz yığnağından ibarət tənqid yağdırmaqdan başqa heç nə bilmirlər, hökumətə heç bir proqram, təkliflər paketi təqdim etmirlər".

"Ağ Partiya" sədri Tural Abbaslı: "Bunlar müxalifət adını işğal ediblər"

Sözügedən prosesdə başqa diqqətçəkici məqam "Ağ Partiya"nın sədri, sabiq müsavatçı Tural Abbaslının fikirləridir. O, ADP-nin qərargahında keçirilən toplantıda tədbirə qatılmaqdan imtina etmiş müxalif siyasi təşkilatları "bir atımlıq barıt" deyimi ilə suçlayıb və məsələlərə yalnız siyasi divident baxımından yanaşma etdiklərini vurğulayıb. Partiya sədri xüsusilə, AXCP, Müsavat və AMİP-i ittiham atəşinə tutub: "Təəssüf ki, özlərini güclü lider adlandıran, özlərini güclü qurumlar hesab edən bəzi partiyalar siyasi konyukturadan kənara çıxa bilmirlər, "bu vəziyyətdən, filan tədbirdə iştirak edib-etməməkdən nə cür divident götürərəm" düşüncəsi ilə hərəkət edirlər..."

Abbaslı ittiham etdiyi tərəfləri "keçi can hayında, qəssab piy axtarır" prinsipi ilə əlaqələndirərək deyib ki, onlar öz missiyalarına (müxalifətçiliyə-R.R.) xəyanət edirlər: "Xalq onları müxalifət kimi qəbul edib, tanıyıb. Bunlar da o yeri işğal ediblər, lakin o yerin tələblərinə uyğun hərəkət etmirlər. Bu, kəskin şəkildə qınanmalıdır, deyilməlidir ki, bəs sən hansı gündə ortaya çıxacaqsan? Nə vaxt intriqaları dayandıracaqsan?"

Beləliklə, müxalifətçi partiya sədri əlinə düşən imkandan maksimum qaydada yararlanaraq, yuxarıda daları çəkilən və "ana müxalifət" partiyası adına iddialı olduqlarını bəyan edən partiya "liderlərini" kabinet davası etməkdə ittiham edib və bildirib ki, korporativ siyasi maraqlardan çıxa bilməyənlər heç vaxt ciddi uğurlar əldə edə bilməyəcəklər və xalqa da heç bir xeyirləri dəyməyəcək. Hətta növbəti seçkilərdə bu kimi müxalifət partiyaları ümumiyyətlə kənarda qalacaq: "Xalq da hər şeyi görür, seçkilərdə bu qüvvələrin cavabı veriləcək".

Göründüyü kimi, müxalifət düşərgəsi hansı cinahda dayanmasından asılı olmayaraq, bir-birinə dəyib və bu bir daha sübut edir ki, düşərgədə vəziyyət get-gedə daha da gərginləşmək üzrədir. Hətta hakimiyyət əleyhinə "maraqlar" belə, onların bir araya gəlməsinə səbəb olmur və bunu biz deyil, isbat olunduğu kimi, müxalifətçilərin özləri etiraf edirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə