İlham Quliyev: “Reket jurnalistika”sı ilə bağlı ciddi addımlar atılmalıdır” AÇIQLAMA

İlham Quliyev: “Reket jurnalistika”sı ilə bağlı ciddi addımlar atılmalıdır” AÇIQLAMA

"Heç şübhəsiz ki, biz ciddi informasiya resursları rəhbərləri uzun müddətdir ki, ciddi problemlərin olmasından danışırıq və narahatçılığımızı ifadə edirik. Həqiqətən də "reket jurnalistika" ilə bağlı çox ciddi problemlər var idi. Bir müddət idi ki, "reket jurnalistika"sı yazılı mətbuatdan internet mediaya köç etmişdi. Təbii ki, bunun əhatə dairəsi də xeyli genişlənməkdə idi. Onlar nə qanun, hüquq tanıyırdılar, nə də ki, peşə etikası qaydalarına əməl edirdilər. Həmçinin bunlar ölkə qanunvericiliyə diqqət yetirmirdilər. Nəticədə isə bir anarxiya durumu yaranmışdı. Biz tez-tez media problemlərinin müzakirə olunduğu tədbirlərdə, beynəlxalq forumlarda, televiziya verilişlərində və s. bu məsələlərə toxunurduq və qəti addımların atılmasının vaxtının çatdığını qeyd edirdik. Sevindirici haldır ki, son vaxtlar bu istiqamətdə konkret addımlar atılmağa başlanılıb". Bunu SİA-ya "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, son günlərdə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyatlar, "reket jurnalist" kimi ad çıxarmış "jurnalistlərin" həbs olunması artıq bu istiqamətdə konkret addımların atıldığının göstəricisi kimi qəbul oluna bilər: "Əlbəttə ki, kiminsə həbs olunması o qədər də yaxşı nümunə deyil. Amma bu şəxslər ölkə qanunvericiliyini pozurlarsa, jurnalistikanı gözdən salırlarsa və s. heç şübhəsiz ki, konkret addımlar atılmalıdır. Hesab edirəm ki, bu sahədə çox ciddi addımlar atılmalıdır. Azərbaycan Mətbuat Şurasının xətti ilə dövlət orqanları media sferasına diqqət etməlidirlər. Əslində hansı media qurumların "reket" kimi fəaliyyət göstərməsi çoxlarına sirr deyil. Media camiəsinin əksəriyyət üzvləri bilirlər ki, filan qəzet ciddi media resursudur, filan sayt isə "reketçiliklə" məşğuldur. Hesab edirəm ki, dövlət orqanları Mətbuat Şurasını istiqamətləndirməklə, onun tövsiyyələrini nəzərə almaqla bu sahədə tənzimləmə işlərini davam etdirməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə