Əli Həsənov: "Son vaxtlar qaçqın və məcburi köçkünlərə hücumlar artıb"
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Milli Məclisin bu gün keçirilən iclasında bəzi deputatların Azərbaycanda qaçqın və məcburi köçkünlərin statusuna yenidən baxılması və onlara kommunal xərclərin ünvanlı şəkildə ayrılması və bu sahədə Hesablama Palatasının aşkara çıxardığı yeyinti halları ilə bağlı münasibətini bildirib. Sİa-nın xəbərinə görə, komitə sədri bildirib ki, ötən gün mətbuatda bəzi deputatların qaçqınların statusi ilə bağlı fikirləri həqiqətən də ciddi narazılıq yaradıb. Onun sözlərinə görə, kimsə qaçqın və məcburi köçkünlər haqqında danışırsa, indiki mövcud vəziyyəti bilib danışmalıdır: "Bu suallar ən azı bu işi bilənlərə ünvanlanmalıdır Ümumiyyətlə, son vaxtlar qaçqın və məcburi köçkünlərə qarşı hücumlar artıb. Bunun səbəbi nədir? Mənə də aydın deyil. Bu insanlar ölkənin ən həssas təbəqəsidir. Ölkə başçısı əhalinin bu təbəqəsinə xüsusi diqqət yetirir. Ona görə də qaçqın və məcburi köçkünlərin problmelərinə toxunarkən hamı diqqətli olmalıdır".
Komitə sədri qeyd edib ki, status siyasi və hüquqi məsələdir: "Biz bunu milli qanunvericiliyimizə uyğun qəbul edərək özümüzküləşdiririk. Qaçqın və məcburi köçkünlərə güzəşt isə dövlətin milli və daxili məsələsidir. Burada kimsə deyə bilər ki qaçqın və məcburi köçkünlərə güzəştlər statustdan doğur. Xeyr, bu statusdan irəli gəlməyə də bilər. Ona görə də bunları qarışdırmaq lazım deyil. Biz hər gün Ermənistan mətbuatını necə izləyiriksə, onlar da bizim mətbuatı izləyir. Mən əminəm ki, növbəti beynəlxalq tədbirlərdə onlar deyəcək ki, Azərbaycan tərəfi qaçqınların status məsələsinə baxmaq istəyir. Ona görə də belə həssas məsələlərdə diqqətli olmalıyıq. Axı bilməyib soruşmaq eyib deyil? Bu gün biz 1 milyon 200 mindən çox qaçqını niyə narahat etməliyik? Onlar onsuz da narahat və hər şeylərini itirmiş insanlardır".
Ə. Həsənov söyləyib ki, deputatların mediada açıqlaması ciddi narazıçılıq yaradıb: "Problemi bilmədən, araşdırmadan mövqe bildirmək düz deyil".
Qaçqınlara verilən güzəştlərələ bağlı yayılan fikirlərə mövqeyini açıqlayan Əli Həsənov deyib ki, bu Azərbaycanın daxili işidir və kimsə buna müdaxil edə bilməz.
Deputat Çingiz Qənizadənin "Qaçqınkomda"kı yeyintilərlə bağlı açıqlamasına gəldikdə komitə sədri deyib ki, hər kəs öz adından danışmalıdır".
Komitə sədri millət vəkilinin yemək, qaz, elektrik enerjisi ilə bağlı qaçqınlara verilən vəsaitlərdə fərqin olması ilə bağlı fikirlərinə cavab verib: "Təbii ki, sadalanan vəsaitlər arasında fərq olacaq. Çünki qaçqının bir hissəsi bulaq suyundan, bir hissəsi kanal suyundan istifadə edir. Belə olan halda, niyə fərq olmasın? Elə qaçqınlar var ki. onlar qazla təmin olunmayıb. Bu halda da müəyyən fərqlərin olması düzgündür. Belə fikirlər irəli sürənlər diqqətli olmalıdır. Sabah müxalifət götürüb yazacaq ki. "Qaçqınkomda" yeyinti var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB