“Netanyahunun səfəri ölkələrimiz arasında əməkdaşlığı gücləndirəcək” Asim Mollazadə
"İsrailin baş naziri Binyamin Netanyahunun Azərbaycana gözlənilən səfəri ölkələrimiz arasında əməkdaşlığın güclənməsinə xidmət edəcək". Bunu SİA-ya açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O bildirib ki, İsrailin prezidenti, xarici işlər nazirləri dəfələrlə Azərbaycanda səfərdə olub: "Hesab edirəm ki, bu, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının təzahürüdür. Azərbaycanla İsrailin enerji, təhlükəsizlik və digər sahələrdə çox ciddi əməkdaşlığı var. Bununla yanaşı dünyada çox fəal olan yəhudi icmaları da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir, ölkəmizin üzləşdiyi işğal faktını, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda bizə dəstək verir. Ümid edirəm ki, Netanyahunun səfəri ölkələrimizin müxtəlif sahələrdə əməkaşlığının daha da güclənməsinə, bölgədə sabitliyin bərqərar olmasına xidmət edəcək".
Millət vəkili səfərlə bağlı İrandan verilən bəzi açıqlamalara da münasibət bildirib: "İranla Ermənistanın münasibətləri çox yüksək səviyyədədir, hətta müttəfiqlik səviyyəsinə yaxınlaşıb. Rusiyanın hərbi ərazisi olan Ermənistana müstəqilliyinin ilk illərində iqtisadi və enerji dəstəyi İrandan gəlib. İrandan Ermənistana ən yüksək səviyyədə səfərlər olub və Azərbaycan bununla bağlı mənfi fikirlər ifadə etməyib. Bizim digər ölkələrlə münasibətlərimizin inkişafına heç kimin haqqı yoxdur ki, hansısa fikirlər ifadə etsin".
Qeyd edək ki, Netanyahunun Azərbaycana səfəri dekabrın 13-də planlaşdırılır. Baş nazir 1997-ci ildə Şərq səfərindən İsrailə qayıdan zaman, yolüstü Bakıda olub, və hava limanında Azərbaycanın Ümumilli Lideri Heydər Əliyevlə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB