Deputat maaşların artırılmasından danışdı

Deputat maaşların artırılmasından danışdı

Milli Məclisin plenar iclasında 2017-ci ilin büdcə müzakirələri davam edir. Müzakirələrdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, dövlət büdcəsinə gələn gəlirdən 49,2 faiz neftin payına düşür: "İldən-ilə qeyri-neft sektoru inkişaf etdirilir. Artıq rayonlar dotasiya almayaraq özlərini idarə edəcəklər. Azərbaycanda kənd təsərrüfatı sahəsi inkişaf edib, məhsuldarlıq artıb. Kənd təsərrüfatının inkişafı ölkəyə əlavə valyuta gətirə bilər".

Millət vəkili Fazil Mustafa isə çıxışında mədəniyyət, təhsil və səhiyyə sahəsində çalışanların əməkhaqqının qaldırılmasını təklif edib. Onun sözlərinə görə, büdcədən bir sıra sahələrə ayrılmalar artdığı halda, mədəniyyət və incəsənət sahəsinə ayrılan vəsait azaldılıb: "Onsuz da bu sahədə çalışan insanlar çox cüzi maaş alır. Ona görə də bu sahəyə diqqət yetirmək lazımdır".

F. Mustafa eyni zamanda təhsil və səhiyyə işçilərinin maaşlarının qaldırılmasını vacibliyini dilə gətirib: "Bu gün repetitorluqla məşğul olmayan müəllimin aldığı maaş mədəniyyət sahəsində çalışan şəxsdən heç də fərqli deyil Bu baxımdan bu sahədə çalışanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülməlidir".

Millət vəkili çıxışında ölkədəki bələdiyyələrin canlanmasına ehtiyac olduğunu dilə gətirib.

F. Mustafa əlavə edib ki, valyutanın ölkədən çıxmaması üçün tələbələrimiz öz ali məktəblərimizdə təhsil almalıdırlar: "Biz təhsil səviyyəsi aşağı olan tələbələrimizin xarici ölkələrə gedib oradakı ali məktəblərdə pullu təhsil almasına imkan verməməliyik. Universitetlərin qapısı açılmalı və bizdə də pullu ali məktəblər olmalıdır. Kim istəyir pulunu verib, oxusun. Valyutanı ölkədən çıxmasına yol vermək olmaz. Bunu özəl ali məktəblərdə tətbiq etmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə