"Rayonlar ləğv olunsun, quberniya idarəçilik sisteminə keçilsin"

"Rayonlar ləğv olunsun, quberniya idarəçilik sisteminə keçilsin"

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2017-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirələri davam edir. SİA-nın xəbərinə görə, müzakirələr zamanı çıxış edən deputat Fəzail Ağamalı qeyd edib ki, dünyada iqtisadi böhran dərinləşməsinə baxmayaraq, Azərbaycanın bu böhrandan çıxmağa potensialı var: "Azərbaycan Prezidentinin qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyi taşırılar əsasında 2018-ci ildə vəziyyət bir qədər də yaxşılaşacaq".

Millət vəkili qeyd edib ki, qeyri-neft sektorunda əsas sahələrdən olan kənd təsərrüfatına maliyyə dəstəyi olmalıdır: "2017-ci ilin dövlət büdcəsindən kənd təsərrüfatına 35 milyon manat nəzərdə tutulub. Lakin bu məbləğ kreditləşmə üçün azdır. Ölkədə bank sistemi iflic vəziyyətdədir, onların sahibkarlara kredit vermək imkanları yoxdur. Belə olan halda bu sahəyə ayrılan vəsait artırıla bilər".

F.Ağamalı qeyd edib ki, Azərbaycanın dəmir yollarında 10 ildə görülməyən işlər il yarımda həyata keçirilib: "Burada xeyli işlər görülüb. Amma işləri davam etdirmək üçün maliyyə dəstəyi lazımdır. Düşünürəm, hökumət bunu nəzərə alacaq".

Deputat vurğulayıb ki, Azərbaycanın xarici ölkələrdə olan səfirliklərindən bir neçəsi bağlanmaq təhlükəsi ilə üzləşib: "2017-ci ilin büdcəsində Mənzil-kommunal təsərrüfat sisteminə 302 milyon manat, Xarici İşlər Nazirliyinə isə 220 milyon vəsait ayrılıb. Mənzil-kommunal təsərrüfat sahəsi vacibdir, yoxsa bizim beynəlxalq fəaliyyətimizin önə çıxması? Bütün bunlar nəzərə alınmalıdır".

Millət vəkili qeyd edib ki, struktur dəyişikliyi etməklə büdcəyə daha çox fayda vermək olar: "Təkrar strukturların ləğv olunması və ya birləşdirilməsi ildə əldə olunan vəsait büdcəyə yönəldilməlidir".

Çıxışının sonunda daha bir təklif irəli sürən millət vəkili əlavə edib ki, rayonlar ləğv olunmalı, quberniya idarəçilik sisteminə keçilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə