Bu gün Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının qərargahında Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibətilə "Müstəqilliyim, partiyam, əbədiyyətim" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu öndərin əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Tədbir Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş filmin nümayiş etdirilməsi ilə başlayıb.
Sonra giriş sözü ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamlayaraq bildirib ki, 21 noyabr tariximizdə əlamətdar bir gündür. O qeyd edib ki, 21 noyabr 1992-ci ildə yaradılan YAP ötən 24 ildə şərəfli yol keçib.
Rayon təşkilatının sədri Yeni Azərbaycan Partiyasının 24 il ərzində ümumxalq partiyasına çevrildiyini, bütün bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirib. R.Göyüşov tarixə qısa ekskurs edərək partiyanın yaranma zərurətindən danışıb. 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti yalnız ulu öndər Heydər Əliyevin çıxara biləcəyi ümidi ilə xalqın ziyalıları "SƏS" qəzeti vasitəsilə Ulu Öndərə müraciət ünvanladılar. Bu müraciətdən sonra 1992-ci il 21 noyabr tarixində Naxçıvanda Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının bünövrəsi qoyuldu.
O, ümummilli liderin əsasını qoyduğu siyasi kursun, 1994-cü ildən aparılan uğurlu neft strategiyasının bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin qüdrətli dövlətə çevrildiyini və Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının 75 faizinin məhz Azərbaycanın payına düşdüyünü qeyd edib.
Tədbirdə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov çıxış edərək partiya üzvlərini əlamətdar hadisə münasibətilə təbrik edib. Əli Əhmədov YAP-ın yaranması, keçdiyi böyük şərəfli yol və qazandığı möhtəşəm nailiyyətlərdən ətraflı bəhs edib. Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini izah edən Əli Əhmədov qeyd edib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi: "Belə bir vəziyyətdə Azərbaycanın xilası yolunu Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar Ulu öndərin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Çünki Azərbaycan çox ciddi milli fəlakətlərlə üz-üzə qalmışdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması xalqımızı bu fəlakətdən xilas etdi".
Əli Əhmədov deyib ki, Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyətə malik olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Onun fikrincə, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin ən möhtəşəm hadisələrindən biridir. "24 il öncə Yeni Azərbaycan Partiyasının yaradılması müasir tariximizdə Azərbaycan xalqının taleyini dəyişən əzəmətli hadisələrdən biridir", - deyə YAP İcra katibi qeyd edib.
YAP-ın yaranmasını iki fundamental amillə əlaqələndirən Əli Əhmədov qeyd edib ki, bunlardan birincisi xalq, ikincisi isə şəxsiyyət amilidir: "O dövrün mənzərəsini təhlil etsək əminliklə deyə bilərik ki, YAP xalqın istəyi ilə yarandı. 1990-cı illərin ağır, çətin anları xalqımızı belə bir partiya yaratmağa sövq etdi. YAP Azərbaycanda yeganə siyasi təşkilatdır ki, xalqın istəyi ilə yaranıb. Partiyanın yaranmasında ikinci amil isə şəxsiyyət amilidir. Azərbaycan xalqı məhz Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın çətinliklərdən, məhv olmaq təhlükəsindən xilas olunmasını görürdü. Buna görə də, Heydər Əliyevin rəhbərliyi ilə belə bir partiyanın yaradılmasını dəstəklədi. Hər iki amil YAP-ın yaranmasının və bu gün möhtəşəm siyasi təşkilata çevrilməsini təmin edib".
YAP-ın Azərbaycan tarixində böyük rol oynadığını deyən Əli Əhmədovun sözlərinə görə, bu partiya ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirib: "YAP yeni siyasi fəlsəfəyə, yeni baxışlara əsasən yaranaraq siyasi meydana qədəm qoyub, tez bir zamanda böyük və nüfuzlu siyasi təşkilata çevrilib. Partiyaya Heydər Əliyev kimi görkəmli şəxsiyyətin rəhbərlik etməsi cəmiyyətin bütün təbəqələrinin bu siyasi təşkilatın ətrafında birləşməsinə səbəb oldu".
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan vətəndaşlarını 24 il əvvəl narahat edən problemlər bu gün öz yerini davamlı inkişafa və tərəqqiyə verib. Onun sözlərinə görə, ötən dövr ərzində YAP üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib. YAP-ın uğurlar partiyası olduğunu deyən Əli Əhmədov bildirib ki, bu, təkcə partiyamızın deyil, müasir Azərbaycanın taleyidir. Çünki partiyamız müasir, müstəqil dövlətimizlə eyni addımlayır. "Ölkəmizin bugünkü inkişafına gəlib çatmasının başlıca amili ondan ibarətdir ki, ötən illər ərzində Azərbaycanda məhz Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yol uğurla davam etdirilib. Partiyamızın yüz minlərlə üzvü həmişə olduğu kimi bundan sonra da müstəqil dövlətimizin inkişafı naminə böyük fədakarlıqlar göstərəcək", - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, YAP-ın böyük gücünün və qüdrətinin kökündə dayanan bir çox fundamental əsaslar mövcuddur. "Birincisi, təbii ki, partiyanın Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılması və Onun müəyyənləşdirdiyi ideyalar və prinsiplərə əsaslanmasıdır. Digər fundamental əsas YAP-ın Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərməsidir. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət və bu siyasətin böyük uğurlar qazanması, iqtisadiyyatımızın güclənməsi, iqtisadi yüksəliş əsasında insanların rifahının yaxşılaşması, ölkəmizin imicinin dəyişdirilməsi, simasının yeniləşməsi, modernləşməsi, beynəlxalq aləmdə nüfuzunun artması və digər bu kimi amillər həyata keçirilən siyasətə insanların inamını möhkəmləndirib. Bu inam YAP-ın gücünü, qüdrətini artıran amillərdən biridir. Digər amil isə YAP-ın bütövlükdə Azərbaycanın intellektual gücünü, siyasi intellektini özündə birləşdirməsidir. Bunun bir ifadəsi də YAP-ın öz sıralarında yüz minlərlə insanı birləşdirməsidir.
Digər tərəfdən, bu, sadəcə, bir statistika deyil, böyük intellektual gücün YAP-ın ətrafında sıx birləşməsini ehtiva edir və bu intellektual güc çoxlu sayda vətəndaşın YAP sıralarında birləşməsi ilə əzəmətli siyasi gücə və siyasi mərkəzə çevrilmiş olur. Bu insanlar Heydər Əliyev ideyalarına sadiqliyi, bu gün Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləmələri, bütövlükdə cəmiyyətdəki yüksək nüfuz və hörmətləri ilə YAP-ın nüfuzunu müəyyənləşdirirlər. Bütün bunların hamısı YAP-ın gücünü göstərən fundamental əsaslardır", - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov daha sonra bildirib ki, Ulu öndər Heydər Əliyev siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. Qeyd olunub ki, YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır. Əli Əhmədov bildirib ki, YAP öz nəhəng fəaliyyəti ilə həm ölkəmizdə, eləcə də beynəlxalq aləmdə nüfuzlu siyasi təşkilat kimi tanınmaqdadır. Belə ki, Yeni Azərbaycan Partiyasının adındakı yeniləşmə məfkurəsi Azərbaycanın hüdudlarından da kənara çıxıb: "Bu ideya yeni cəmiyyət qurma fəlsəfəsini ortaya qoyur. Bu baxımdan, xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyası inkişaf və tərəqqi yolunu tutmaqla öz öncüllüyünü qoruyur".
YAP Sədrinin müavini eyni zamanda qeyd edib ki, bu gün YAP ümumxalq partiyasına çevrilib. Çünki partiyanın ətrafında yüz minlərlə insan birləşir, ölkəmizin inkişafı və tərəqqisi naminə fəaliyyət göstərir. Ona görə də YAP-ın uğurlu fəaliyyəti həm də ölkəmizin nailiyyətlər qazanmasına öz töhfələrini verməkdədir. Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan hazırda regionun lider dövlətidir. Ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əldən verməyəcək. "Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsini sübuta yetirən ciddi misallar gətirmək olar. Bir neçə il əvvəl ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi gənc ölkənin xarici siyasətinin və ümumilikdə dövlətin həyata keçirdiyi siyasətin uğurundan xəbər verir. Azərbaycanın həyatındakı dəyişikliklər, ölkənin inkişafı davamlı olacaq", - deyə YAP Sədrinin müavini qeyd edib.
Əli Əhmədov deyib ki, bir neçə aydan sonra YAP üzvlərinin sayı 700 min nəfərə çatacaq: "Azərbaycanın tarixində belə bir güclü partiya heç vaxt olmayıb. Təsadüfi deyil ki, bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 700 minə yaxın Azərbaycan vətəndaşı cəmləşib. Bu, böyük bir qüvvədir. Partiyamızın sıralarında olmaq hər bir üzvümüz üçün qürur mənbəyinə çevrilib. Bu, sadəcə, bir statistika deyil, bu, 700 minə yaxın Azərbaycan vətəndaşının Ümummilli liderin ideyalarına dərin məhəbbətinin göstəricisidir, bu ideyaları reallaşdıran Prezident İlham Əliyevin siyasətinə və dövlətçiliyə sədaqətin ifadəsidir. Çünki Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycan dövlətinə sədaqətlə xidmət edib. YAP üzvü olmaq, sədaqətli Azərbaycan vətəndaşı olmaq, dövlətçiliyə xidmət etmək deməkdir".
Qazanılan uğurlarla yanaşı, ölkəmizin qarşısında gələcək hədəflərin də dayandığını deyən Əli Əhmədov ölkəmizin iqtisadiyyatının daha da güclənməsinin, əhalinin rifah halının daha da yüksəlməsinin, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsinin qarşıda dayanan əsas vəzifələr sırasında olduğunu vurğulayıb.
Onun fikrincə, bütün bunlar müstəqilliyimizin əbədiyaşar olması üçün önəmlidir: "Yeni iqtisadi modelin ortaya qoyulması, yeni islahatların həyata keçirilməsi isə ölkəmizin gələcək inkişafı üçün çox etibarlı zəmin olacaq. Beləliklə, qarşımızda mühüm vəzifələr dayanır. İnanıram ki, biz, üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların yeni mərhələsi ölkəmizə yeni nailiyyətlər qazandıracaq və bütün bunlar Azərbaycan vətəndaşlarına xidmət edəcək, iqtisadiyyatımız daha da inkişaf edəcək, daha möhtəşəm nailiyyətlər əldə edəcək, insanlarımız müstəqil dövlətin verdiyi bütün imkanlardan daha geniş və faydalı şəkildə istifadə edəcəklər".
Əli Əhmədov bu prosesdə YAP-ın da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Yeni Azərbaycan Partiyasının yaranmasının 24 illiyi münasibətilə qonaqları təbrik edib və Yeni Azərbayan Partiyasının Azərbaycanın müasir siyasi tarixində mühüm rolundan danışıb. Ümummilli liderin öz xalqını, dövlətini fədarakarcasına sevdiyini, xalqının yolunda bütün çətinliklərdən keçdiyini, 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasını yaratdığını, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə əsil vətən, dövlət sevgisi göstərdiyini qeyd edib.
O, ulu öndərin hər zaman öz xalqının yanında olduğunu, bu gün onun ideyalarının yaşadığını vurğulayıb.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva isə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu inkişaf strategiyasının hazırda cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdiyini qeyd edib, hər kəsin cənab Prezident İlham Əliyev ətrafında birləşməsinin vacibliyini, cənab Prezident İlham Əliyevin Azərbaycanın inkişafı üçün çalışdığını və bu fəaliyyətin hər kəsə nümunə olduğunu bildirib.
Sonra Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının ictimai-siyasi həyatında fəal iştiraka görə bir qrup partiya fəalına Fəxri Fərmanlar, Yeni Azərbaycan Partiyası sıralarına keçmiş bir qrup gəncə isə onların partiya biletləri təqdim edilib.
Tədbirə bədii hissi ilə yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB