"Avropa Şurasının standartları bəllidir, açıq şəkildə Azərbaycanı tənqid etmək üçün bəhanə axtarırlar". Bunu SİA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa AŞ-nın baş katibi Torbyorn Yaqlandın ölkəmizin İnsan haqları konvensiyasına əməl etməməsinə dair açıqlamasına münasibət bildirərkən deyib.
Millət vəkili Yaqlandın fikirlərinin əsaslı olmadığını bildirib: "Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin ölkəmizə dair qərarlarının əksəriyyətini yerinə yetirir. Bəzi dairələr bundan daha çox siyasi məqsədlərlə istifadə etməyə çalışırlar. Yəni özlərinə yaxın olan insanların müəyyən problemlərini bütövlükdə Azərbaycana şamil etmək istəyirlər. Bu məsələnin gündəmə gətirilməsi qərəzli xarakter daşıyır və AŞPA-nın qıs sesyası ərəfəsində ölkəmizi təsir altında saxlamaq, onun nüfuzuna müəyyən qədər xələl gətirmək məqsədinə xidmət edir. Eyni tələbi Ermənistana və digər ölkələrə qarşı irəli sürmürlər. Çünki Azərbaycana qarşı qərəzli yanaşırlar".
F.Mustafa, həmçinin Yaqlandın qeyd edilən məsələni Nazirlər Komitəsinin növbəti iclasının gündəliyinə salınması ilə bağlı fikrinə də toxunub: "Azərbaycanın əlində kifayət qədər arqumentlər var və biz həmin arqumentlərdən çıxış edərək öz düzgün mövqeyimizi ifadə edəcəyik. Nəticədə deyilənlərin qərəzli olduğu üzə çıxacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB