Hazırda müxalifət cameəsinin azsaylı tərəfdararı artıq uzun müddətdir ki, bir sual üzərində "baş sındırırlar" – görəsən hər seçki və sair siyasi proseslərdən öncə "odlu-alovlu" çıxışları ilə hay-küy qaldıran, xalqı meydanlara çağıran düşərgə "liderləri" nəyə görə bu iqtidarlarını itiriblər? Niyə AXCP, Müsavat, KXCP, AMİP, VİP, Ümid, ADP, AzDP, AXP, eləcə də başqa "mənəm-mənəm" deyən partiya liderləri, o cümlədən, "Milli Şura", REAL, ADR kimi hərəkat rəsmiləri uzaq başı ya nəzarətlərində olan medialardan, ya da sosial şəbəkələrdən çıxa bilmirlər, çıxanda da nəticədə aciz duruma düşürlər? Ümumiyyətlə, müxalifətin növbəti ilini də məğlubiyyətli şəkildə başa çatrırmasının köklü səbəbi nədədir?
Əslində bu kimi sual artıq bir-neçə ildir ki, verilməkdədir və maraqlısı da budur ki, "liderlər" demək olar ki, bənzər çıxışları ilə yadda qalırlar. Ya hakimiyyət "günahkar" olur, ya da xalq. Xalqın özünü ondan təcrid etmiş müxalifətə dəstək verməməsi reallığın göstəricisi olsa da, bu reallıq hər zamankı kimi "liderləri" qane etmir.
Bu gün dünyada siyasi mübarizə tandemi tamamilə başqadır
Fəqət, maraqlı məqamlardan biri də budur ki, bu gün dünyada gedən proseslərdə istər-istəməz iştirakçıya çevrilmiş bir çox ölkələrdə müxalifət cameəsi də öz sözünü deyir, hətta iqtidarlarla davamlı dialoqa gedilir. Bu kimi demokratik mühit Azərbaycanda da mövcuddur. Sadəcə, radikalizm və dağıdıcılıq meyarlarını başlarından çıxara bilməyən ölkə müxalifətinin "liderləri" siyasi mübarizəni yalnız qeyri-demokratik, qeyri-sivil yolla aparılmasının tərəfdarları qismində gördüklərini gizlətmirlər. Ancaq dəfələrlə sübuta yetirilib ki, artıq belə "siyasi mübarizələr" çoxdan siyasi məzarlıqda dəfn olunub. Bu gün dünyada siyasi mübarizə tandemi tamamilə başqadır.
Düzdür, bu gün Azərbaycanda yeni müxalifət partiyaları da yaradılır ki, onlar hakimiyyət uğrunda mübarizəni yalnız demokratik yolla aparılmasının tərəfdarı olduqlarını qeyd edirlər. Amma bununla yanaşı, şinellərindən çıxdıqları ənənəvi müxalifəti də sərt şəkildə ittiham atəşinə tuturlar.
Tural Abbaslı: "Hakimiyyət buna uyğun şəkildə fəaliyyətində korrektələr aparır və xalqa xidmət edir...Xalq isə müxalifətə inanmır"
Məsələn, yeni yaradılmış AĞ Partiyanın sədri Tural Abbaslı son 23 ildə ölkədə vəziyyəti dəyişmək üçün müxalifətin istifadə etməli olduğu bütün hadisələrin baş verdiyini, lakin demokratik düşərgənin bundan istifadə edə bilmədiyi qənaətindədir: "Bu fürsətlərdən istifadə etməyən müxalifətimiz var. Bu, heç də yaxşı hal deyil. Müxalifət etiraz dalğasını gücləndirən, dövlətin inkişafında maraqlı olan bir düşərgədir. Hakimiyyət buna uyğun şəkildə fəaliyyətində korrektələr aparır və xalqa xidmət edir. Son 23 ildə siyasi və iqtisadi sahələrdə ciddi hadisələr baş verib ki, müxalifət burada əsas rol oynaya bilməyib. İstifadə etmək istəməyiblər, yaxud bunu edə bilməyiblər? Bu suallar daim müzakirə obyekti olub. Kimsə deyə bilməz ki, hansısa siyasi qurum hakimiyyətə gəlmək istəmədiyinə görə bundan istifadə etməyib. Əminəm ki, özünü müxalifət adlandıran istənilən qüvvə belə hadisələrdən istifadə edib, hakimiyyətə gəlmək arzusunda olub. Amma bunu bacarmayıb. Çünki xalq artıq onlara inanmır".
Partiya sədri deyir ki, xalqın inamını itirmiş bir qüvvənin onun adından danışıb uğur qazanması mümkün deyil: "Əminəm ki, indiki müxalifət dəyişməsə, adlar qalmaqda davam etsə, bundan sonra da bu tipli hadisələrdə siyasi düşərgə heç nə edə bilməyəcək. Vəziyyət isə daha da qəlizləşəcək..."
Göründüyü kimi, Tural Abbaslı reallıqdan çıxış edərək, proseslərə müxalif mövqeyindən yanaşsa da, gerçəkliyi də deməkdən çəkinmir. Daha dəqiq desək, hakimiyyətin ötən dövrdə əldə etdiyi nailiyyətləri etiraf edir, ənənəvi müxalifətin isə zəif olduğunu bildirir.
Lakin...
Elman Fəttah: "Müxalifətin xalqı səfərbər etməsinə mətbuat mane olur"
Lakin radikal müxalifətin özünü "təmizə" çıxarması üçün xalqdan başqa ittiham etdiyi daha bir cameə də mövcuddur – kütləvi informasiya vasitələti. Öz zəiflik və pərakəndəliklərinin əsas "günahkarlarından" birinin məhz KİV olduğunu iddia edən radikallar bununla özərini daha çox ifşa etmiş olurlar. Məsələn, Müsavat başqanın müavini Elman Fəttah bu məsələdə nə qədər qəribə də olsa, özlərini deyil, medianı suçlayıb. Xüsusilə, uzun illər Müsavatın təbliğatını aparan "Yeni Müsavat" qəzetini: "...Təəssüflər olsun ki, Azərbaycanda medianın əsas orqanları yanlış yazılar dərc edir, hökumətin təbliği ilə məşğul olurlar. Bu da müxalifətin xalqı səfərbər etməsinə ciddi maneçilik törədir".
Maraqlıdır, mətbuat nəyə görə reallığı kənara qoyaraq, müxalifətin yalanlarını yazmalıdır? Bu, o anlamı vermirmi ki, Arif Hacılının müavini medianın reallığı yazmasına qarşı çıxması, medianı ittiham etmək qeyri-demokratikliyin göstəricisidir? Müsavatçı funksionerin öz "təbirincə" desək, xalıq səfərbər edən nəyə görə mətbuat olmalıdır? Müxalifətin özünə gəlib ki? Yaxud, Elman Fəttah bununla öz zəifliklərini etiraf etmiş olmurmu..?
Beləliklə, fakt budur ki, radikal, yaxud ənənəvi müxalifət əslində özləri-özlərinin cavablarını verirlər. Yəni günahlarını başqa istiqamətlərə yönəltməklə acizliklərini ortaya qoymuş olurlar. Bu cür müxalifət isə nə ölkə siyasətinə, nə də xalqa lazım deyil. Hər halda onların özləri kimə lazım olduqları barədə düşünsələr, daha yaxşı olar. Hərgah, kimlərə, hansı dairələrə və qaranlıq xarici siyasi dairələrə işləmələri hər kəsə kifayət qədər bəllidir...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB