Siyavuş Novruzov: "Ermənilər hər toplantıda yalan söyləyirlər" AÇIQLAMA

Siyavuş Novruzov: "Ermənilər hər toplantıda yalan söyləyirlər" AÇIQLAMA

Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə İstanbulda NATO Parlament Assambleyasının (PA) 62-ci sessiyası keçirilib. SİA-nın verdiyi məlumata görə, sessiyada ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinə Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov daxil olub.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə keçirilən siyasi komitənin iclasına Azərbaycan nümayəndə heyətindən Siyavuş Novruzov qatılıb. Dünyada sülhün və sabitliyin bərqərar olunmasında, münaqişələrin qarşısının alınmasında, terrorla mübarizədə, qaçqın və köçkünlərin müvəqqəti məskunlaşdırılmasında Türkiyənin mövqeyini iştirakçılara çatdıran M.Çavuşoğlu təmsilçilərin suallarını cavablandırıb. Ermənistan nümayəndəsinin təxribat xarakterli sualına cavab verən nazir onu yalan danışmaqda ittiham edib.

Siyavuş Novruzov mövzu ətrafında, o cümlədən ASALA erməni terror təşkilatının Azərbaycanda və Türkiyədə çoxlu sayda terror aktı törətməsi, işğalçı Ermənistanın əsassız ərazi iddiaları və s. məsələlər barədə fikirlərini bildirib. Milli Məclisin komitə sədrinin terrorla mübarizədə NATO üzvlərinin Türkiyəyə hansı səviyyədə dəstək verməsi barədə sualına cavabında M.Çavuşoğlu saxta "erməni soyqırımı", təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımı, erməni terror təşkilatlarının türk diplomatlarına qarşı həyata keçirdikləri ağır terror aktları ilə bağlı həqiqətləri iştirakçılara çatdırıb. Nazir vurğulayıb ki, Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmayanadək Türkiyə təcavüzkar ölkə ilə əlaqələr qurmayacaq, o cümlədən sərhədlər açılmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə