Sosial şəbəkələrdə Prezidentin şərəf və ləyaqətini ləkələmə və ya alçaltmaya görə cəzalar sərtləşdirilir
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclas keçirilib. SİA-nın məlumatına görə, komitə sədri Əli Hüseynov iclasda "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, yeni layihəyə əsasən, istintaq hərəkətləri zamanı videoçəkilişdən istifadə edildiyi halda hal şahidlərinin iştirakının məcburiliyi aradan qaldırılacaq: "Zaman-zaman həm cinayət təqibinin sadələşdirilməsi, həm də cinayət mühakimə icraatının tezliyinin təmin olunması ilə bağlı məsələlər qaldırılır. Burada hal şahidlərinin iştirakının ancaq məcbuirliyi aradan qaldırılır, amma hal şahidlərinin iştirakı həm də mümkündür. Digər tərəfdən, apelyasiya baxışının təyin olunması barədə ilkin qərardan kassasiya şikayətinin verilməsi prosesinin məhdudlaşdırılmasına dair təkliflər irəli sürülüb. Belə ilkin qərardan şikayətin verilməsi əslində, cinayət mühakiməsinin bəzən aylarla uzadılmasına gətirib çıxarır. Bu dəyişikliyin edilməsi cinayət təqibinin sadələşdirilməsi və cinayət mühakiməsi prosedurunun tezləşdirilməsi üçün vacibdir".
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev dəyişikliklərlə bağlı bəzi məsələlərin ona qaranlıq qaldığını deyib: "Azərbaycanda cinayət təqibi zamanı belə problemlər ortaya çıxır ki, guya əməliyyat aparan hüquq mühafizə orqanları özləri müəyyən maddi sübutları hadisə yerinə qoyurlar, sonra onu oradan götütürlər. Hətta bəzi hallarda hal şahidlərini də ittiham edirlər. İndi hal şahidi olmadan da çəkiliş aparılsa, bu halda məhkəmə baxışı zamanı daha ciddi suallar ortaya çıxaracaq və əməliyyat çəkilişinin obyektyivliyi şübhə altına alınacaq. Tutaq ki, çəkiliş zamanı aşkara çıxarılmış maddi sübutların istintaq orqanları tərəfindən, yaxud əməliyyat-axtarışı həyata keçirən orqan tərəfindən qoyulub-qoyulmaması ilə bağlı məsələlər ortaya çıxaracaq. Düşünürəm ki, bu, ədalət məhkəməsini şübhə altına alan bir məqam olacaq və ona görə də bu dəyişikliyi etmək bəlkə də tezdir".
Layihəyə görə, axtarış və ya götürmə zamanı azı 2 hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 hal şahidinin iştirakı mütləqdir. Məcəlləyə müxtəlif təyinatlı digər dəyişikliklər də təklif olunur. Komitədə layihəni plenar iclasa çıxarmağı təvsiyə olunub.
Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atan və ya təhqir edən cərimələnəcək və ya azadlıqdan məhrum ediləcək. SİA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirlən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb. Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atan və ya təhqir edən cərimələnəcək və ya azadlıqdan məhrum ediləcək. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir edənlər 1000 manatdan 1500 manatdək və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Layihədə qeyd edilir ki, Azərbaycan Prezidentinin şərəf və ləyaqətini kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 500 manatdan 1000 manatadək cərimə və ya 2 ilədək islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Məcəllənin hazırkı variantında bu cərimə yalnız Azərbaycan Prezidentinın şərəf və ləyaqətinin ləkələnməsi və ya alçaldılması kütləvi informasiya vasitəsi və kütləvi çıxışlarda edildiyi zaman tətbiq edilir.
Layihənin müzakirəsi zamanı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib ki, tənqid normal bir şeydir: "Ancaq təhqir qətiyyən qəbul olunan deyil. Dövlət başçısının sosial şəbəkələrdə təqhir edənlərin tərbiyəsində problem var. Onlar qanun qarşısında cavab verməlidirlər. Mən üzümü ayrı-ayrı şəxslərin, eləcə də dövət başçısının ünvanına təhqir yağdıranlara demək istəyirəm ki, əgər zlərinin ana-bacıları, ailə üzvləri təhqir olunsa idi, özlərini necə hiss edərdilər!?".
Milli Məclisin deputatı Elşən Musayev qeyd edib ki, özünü müxalifət "lideri" adlandıran Əli Kərimli saxta profillər vasitəsilə social şəbəkələrdə təhqir dolu fikirlər səsləndirir: "Mən şəxsən özüm Əli Kərimlinin saxta profillərindən ikisinin adını müəyynələşdirmişəm: Azadə və Xatun. Uzun illərdir mənim ünvanıma təhqirlər yağdırırlar".
Milli Məclisin deputatı Fəzail Ağamalı vurğulayıb ki, president dövlətin simvolu, atributudur: "Gerbimizi, bayrağımızı necə qoruyuruqsa, dövlət başçımızı da elə qorumalıyıq. Bizlər də təhqəri edirlər. Axı günahımız nədir?".
Milli Məclisin deputatı Məlahət İbrahimqızı şərəf və ləyaqətin təhqir olunmasının qətiyyən yolverilməz olduğunu, saxta profillər vasitəsilə dövlət başçısının, ayrı-ayrı şəxslərin, dövlət adamlarının təhqir olunmasının qanunla qadağan olunmasının vacibliyin vurğulayıb.
Layihə Milli Məclisin plenar iclasında tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB