Əsgərlərin andiçmə mərasimləri keçirilib

Əsgərlərin andiçmə mərasimləri keçirilib

12 noyabr 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində və Xızı rayonu ərazisində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

SİA-nın məlumatına görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılıb.

Konstitusiya gününə təsadüf edən mərasimlərdə böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə demokratik prinsiplər əsasında hazırlanmış konstitusiyanın qəbul edilməsinin dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı olduğu, əsas qanunumuzun yaratdığı geniş imkanlardan bəhrələnən xalqımızın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbələrə imza atması, respublikamızın sürətli inkişafa nail olması qürur hissi ilə qeyd edilib.

Dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı əsas niyyətlər kimi bəyan edən Konstitusiyamızın ölkəmizin hərbi qüdrətinin artırılmasına, ordu quruculuğu sahəsində böyük uğurların qazanılmasına, o cümlədən sərhəd mühafizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaratdığı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət sərhədlərimizin toxunulmazlığının təmin edilməsi istiqamətində davamlı dinamik inkişafa nail olunduğu xüsusi vurğulanıb.

Çıxışlarda Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilib.

Tədbirlərdə iştirak edən validеynlər hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik еdərək onlara Vətən sərhədlərinin kеşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.

Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə