"Sərəncam yolların uzunömürlülüyünü təmin edəcək"

"Sərəncam yolların uzunömürlülüyünü təmin edəcək"

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncamından irəli gələn məsələlərlə bağlı öz üzərinə düşən öhdəliyi yerinə yetirəcək". Bunu SİA-ya açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

O bildirib ki, ölkə başçısının sərəncamına əsasən yerinə yetiriləcək işlər nəticəsində məlum ərazilərdə asfalt örtüyünün ömrü də uzanacaq: " Yağış sularının avtomobil yollarında yığılıb qalması, asfaltın tez bir zamanda sıradan çıxmasına səbəb olan amillərdən biridir. Xüsusilə də həmin ərazilərdə intensiv hərəkət asfalt örtüyünün uzun ömürlülüyünu qısaldır. Bu baxımdan Ölkə başçısının sərəncamı əsasında həyata keçiriləcək işlər yolların uzun ömürlüyünü də təmin etmiş olacaq".

Bakı şəhərində kanalizasiya ilə bağlı ən çox problemlərin olduğu əraziləri açıqlayan A. Nəcəfli qeyd edib ki, Binəqədi şossesi, Ziya Bünyadov prospektinin Əliyar Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsində, o cümlədən Heydər Əliyev prospektində Bağırov körpüsünün sağında yerləşən ötürücünün yanıda kanalizasiya ilə bağlı problemlər var: "Belə ki, intensiv yağışlar nəticəsindən həmin ərazilərdə kanalizasiya korrektoru yağış sularını ötürməyə gücü çatmırdı və bu səbəbdən də bu ərzilərdə problemlər yaranırdı. Binqədi şossesində isə ümumiyyətlə kanalizasiya korrektoru yoxdur. Yağış suları quyulardan nasoslar vasitəsilə yaxınlıqdakı gölə atılırdı və bunun da nəticəsində göldə suyun səviyyəsi qalxır ətrafdakı ərazilərə və avtomobill yolunun müəyyən hissəsi su altında qalırdı".

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb. İşçi qrupunun rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib. Baş nazirin müavini Abid Şərifov, Prezidenti Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Balababa Rzayev və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov işçi qrupunun üzvləri təyin olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə