Ötən gün ABŞ-da prezident seçkiləri baş tutdu. Seçkilərdə əsas mübarizə Demokratlar partiyasından namizəd, ABŞ-ın 42-ci prezidenti Bill Klintonun həyat yoldaşı, eks-dövlət katibi Hillari Klinton və çox vaxt açıqlamaları ilə təkcə ABŞ-da yox, dünyada müzakirələrə səbəb olan milyarder Donald Tramp arasında gedirdi. Son nəticələrə görə, Donald Tramp ABŞ-ın yeni prezidenti seçildi. Bəs bu seçkilər Azərbaycana nə vəd edir? SİA bununla bağlı politoloqların fikrini öyrənib.
Politoloq Cümşüd Nuriyev söyləyib ki, ABŞ-ın yeni prezidenti olan Donald Trampın siyasi platforması ilə tanış olduqda, onun xarici siyasətində Amerikanı ədalətə apara biləcək məsələlərin olduğunu görmək olur: "Xüsusilə də ABŞ-ı jandarm rolundan geri çəkmək, başqa dövlətlərin işinə qarışmamaq kimi məsələlərin gündəmdə olması Azərbaycanın ərazi bütövlüyü bərpa etmək üçün Amerikanın bu günə qədər yürütdüyü ikili standartlı siyasətinin əleyhinədir. Donald Tramp dövlət məmurlarının lobbiçiliklə məşğul olmasına qadağa qoyacaq ki, buna əsasən, Ağ evdə çalışanlar vəzifəsindən azad edildikdən sonra 5 il müddətində lobbiçiliklə məşğul ola bilməyəcəklər. Bu, Azərbaycan üçün mühümdür. Çünki indiyədək Dağlıq Qarabağ məsələsində erməni lobbiçiliyə mübarizə aparırıq. Trampın lobbiçiliyə vuracağı zərbə birmənalı şəkildə Azərbaycanın maraqlarına uyğundur".
C.Nuriyev qeyd edib ki, ABŞ prezidentinin azərbaycanlı iş adamları ilə münasibətləri iki ölkə arasında iqtisadi əlaqələrə müsbət təsir edə bilər: "ABŞ prezidenti təkcə Bakıda deyil, Moskvada fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə yüksək səviyyəli münasibətlərə malikdir. Bütün bunların fonunda ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində müsbət rol oynaya bilər. Düzdür ABŞ-da 5-ci kolon var, lakin prezidenti kifayət qədər güclü fiqur olduqda bu məsələləri həll etmək imkanına malik olur Bundan əlavə yeni prezident Azərbaycanı tanıyan və həqiqətləri bilən bir insan kimi təkcə ərazi bütövlüyü deyil, iqtisadi məsələlərdə də iki ölkə arasında münasibətlərdə müsbət dəyişikliyə səbəb ola bilər. Azərbaycanın ABŞ-la strateji tərəfdaş və əməkdaşlıqla bağlı razılığı var. Ölkələr arasında münasibətlər yüksək səviyyədədir. Lakin ABŞ-dakı erməni lobbiçiliyi ölkəmizlə bağlı düzgün qərara çıxarmağa imkan vermirdi. ABŞ-da siyasi mühit dəyişdiyinə görə, Azərbaycanla bağlı bir çox məsələlərdə müsbət irəliləyişlər gözləyirəm. Prezidentliyə namizəd olan Hillari Klinton Azərbaycanın daxili işlərinə çox qarışırdı. Lakin ondan fərqli olaraq Donald Tramp indiyədək Azərbaycanla bağlı fikir söyləməyib. Bundan əlavə, Donald Trampın nə maliyyəyə, nə də digərlərinə ehtiyacı yoxdur. O, sadəcə olaraq ABŞ-ın prezidenti olub, ölkəsini güclü görmək istəyir".
Politoloq Fikrət Sadıqov isə qeyd edib ki, bir çox hallarda ABŞ prezidentləri seçilməmişdən əvvəl vəd etdikləri bəyanatları sonradan ardıcıl şəkildə həyata keçirmirlər: "Lakin budəfəki seçkilər əvvəlkilərdən fərqləndi. Çünki, yeni prezident siyasətçi deyil və onun siyasi təcrübəsi demək olar ki, yoxdur. Donald Tramp yeni fikir və ideyalara malikdir. Bütün prezidentləri digər ölkələrlə münasibətdə uzun illər təsdiq olunan format çərçivəsində addım atırlar. Amma o da bir reallıqdır ki, Tramp dəfələrlə sabiq prezident Obamanın post-sovet ölkələrində yerləşən respublikalarla qurduğu münasibətlərdən razı olmadığını bəyan edib. Düzür, yeni prezident konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunmayıb, amma orada yeni nəfəsin lazımlılığını qeyd edirdi. Əgər Tramp dediklərinə əməl edərsə, o zaman münaqişənin həlli ilə bağlı addım atıla bilər. Amma hazırda problemin həlli ilə əlaqədar qəti fikir söyləmək hələ tezdir. Hər halda, seçkilərdən sonra ABŞ-Azərbaycan münasibətləri pis olmamalıdır. Çünki, yeni prezident iş adamıdır və ölkəmizdə bizneslə bağlı sıx münasibətlərə malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB