FTB agentinin ölümündə Klinton izi! TƏHLİL

FTB agentinin ölümündə Klinton izi! TƏHLİL

Sabah ABŞ-da keçiriləcək prezident seçkilərindən öncə baş verənlər sadə amerikalılarda gələcəyə pessimist baxış formalaşdırdığı bir zamanda, bu ölkənin siyasətini yürüdənlərdə fəlakətə hazırlıq ab-havası yaradıb. Buna səbəb nədir, niyə "demokratik" Amerika birdən-birə iyrəncliklərlə, insan haqlarına sayqısızlıqla, demokratiyadan bixəbərliklə dolu bir ölkə təsiri bağışlayır? Cəmiyyətində bu qədər rəzilliklə, xarici siyasətində bu qədər yalançı "xilaskar" obrazı ilə dolu bir məmləkət özünü dünyaya ədalət carçısı kimi təqdim edə bilərmi? Görünür, ABŞ-ın ifasında bu mümkündür.

Prezident seçkilərində "eşşəklər"in təmsilçisi Klinton "fillər"in namizədi Trampla təbliğat marafonuna "ölüm-dirim" savaşı kimi başlayıb. Arxivlər açılıb, bütün dosyelər əks tərəfin vurulması üçün səfərbər edilib. Təbii ki, məqsəd seçkilərdə səs qazanmaqdır. Amma bu marafonda hərə öz hesabını aparır: sadə amerika seçicisi gələcəyini düşünərək, partiyalar isə iqtidarlıq ömrünü uzatmaq istəyi ilə. Namizədlərin davranışında isə başqa nüanslar yer alıb: uduzmamaq üçün əks-təbliğat. Dünya isə "sülhsevər", "demokratiyanın beşiyi" Amerikanın astarının kifləndiyinin şahidi olur.

Nəzərə alsaq ki, ABŞ həm də özünü ideal seçki keçirən demokratik ölkə kimi təqdim edir. Amma son seçki marafonu göstərdi ki, ABŞ demokratiyası yalnız reklam xarakterli, cəmiyyətin içi nə qədər çürük və metastaz xarakterli xəstəlik mənbəyidir. Sən demə Amerika korrüpsiya içində boğulurmuş, rüşvət magistralında ancaq milyon dollarlıq pul vahidləri sürətlə şütüyürmüş, əhalidən toplanmış vergilər sosial problemlərin həllinə, insanların rifahına yox, dünyanın müharibə ocaqlarını alovlandırmağa, "dünya barışı" adı altında xarici ölkələrdəki terror dəstələrini maliyyələşdirməyə sərf edilirmiş. Bütün bu faktlar Trampın seçki marafonunda söylədiklərindəndir. Daşınmaz əmlak maqnatı seçiciləri qəflət yuxusundan oyatmaq üçün dəhşətli faktları da açıqlamaqla demokratların nə qədər çirkli oyunun oyunçuları olduqlarını diqqətə çatdırıb.

Tramp daha sonra rəqibinin seçkilər zamanı verdiyi sözləri heç vaxt tutmadığını və xüsusilə son "e-mail məsələsi"ndə etibarı itirdiyini deyərək, prezident seçiləcəyi təqdirdə Klintonu həbs etdirəcəyini deyib, onun cinayət məsuliyyətinə cəlb ediləcəyini söz verib: "Mən xüsusi prokuror təyin edəcəyəm ki, electron poçt məsələsini araşdırsın".

Klinton isə FTB-nin bir ildən artiq davam etmiş təhqiqatının heç bir nəticə vermədiyini yada salıb. Amma xanım Klinton deyəsən bu məsələdə bir az tələskənliyə yol verib. Demokratların namizədinin adının ölüm işində hallandırılması onun üçün heç də yaxşı sonuclanmayacaq. Məsələ burasındadır ki, xanım Klintonun e-mail poçtunu araşdıran Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşı araşdırmaların bitməsinə bir gün qalmış öz evində ailəsi ilə birlikdə yandırılaraq öldürülüb. Hadisədən 48 saat sonra FTB Hillari Klintonun e-mail məsələsi ilə bağlı araşdırmaların bitdiyini və heç bir qanunsuzluğun olmadığını elan edib.

Ölüm işini araşdıran müstəqil ekspertlərin qənaəti isə daha dəhşətlidir. Onların fikrinə görə, FTB agentinin ölümü Hillari Klintonun hakimiyyətə gəlməsini istəyən və seşki marafonuna milyardlarla dollar sərf edən "dərin dövlət" tərəfindən təşkil edilib. Bu fakt ABŞ-da seçki marafonunun yalnız siyasi debatlardan ibarət olmadığına, daha çirkin oyunların getdiyinə işarə vurur.

Tramp Klintonu həm də İŞİD-ə silah göndərməkdə ittiham edir. Bu isə ABŞ siyasilərinin, dövlət katibi Klintonun timsalında rəsmi Vaşinqtonun terror təşkilatlarına dəstək verdiyinə əyani sübutdur. Debatların birində Klinton Əssədə qarşı kürd qüvvələrini silahlandırmağı təklif edib və bunun hansı problemlər yaradacağını bildiyinə də işarə edib. Kürd qüvvələri deyəndə Klinton peşmərqəni yox, YPG-ni nəzərdə tutduğunu deyib. Amma hər kəs bilir ki, ABŞ-ın hərbi müttəfiqi Türkiyə PYD/YPG-ni terror təşkilatı elan edib. Bunun da səbəbləri var, di gəl ki, ABŞ öz maraqlarından çıxış edərək YPG-ni xilaskar kimi təqdim etməyə cəhd göstərir.

Budur Amerika demokratiyasının üzü və astarı. Amma bir məşhurun dediyi kimi, "gülümsəyin, cənablar, gülümsəyin". Gülümsəyin ki, ABŞ dünyanı istədiyi kimi barmağına dolasın, öz gözündəki tirin yanından boylanıb başqasının gözündə tük axtarsın.

Vəli VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə