"İŞİD və ya "Taliban" Avropa, Qərb parlamentində təmsil olunsa, münasibətləri necə olar?!" Ekspert ŞƏRHİ

"İŞİD və ya "Taliban" Avropa, Qərb parlamentində təmsil olunsa, münasibətləri necə olar?!" Ekspert ŞƏRHİ

"Qanlı terror təşkilatı olan PKK-nı dəstəkləyən millət vəkillərinin həbs olunması Türkiyədəki mövcud vəziyyət baxımından lazımlı bir addım idi". Bunu SİA-ya açıqlamasında Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin vitse-prezidenti, siyasi ekspert Mehmet Fatih Öztarsu deyib.

Onun sözlərinə görə, Türkiyə Böyük Millət Məclisində təmsil olunan, hər cür demokratik haqqdan istifadə edə bilən və dövlətdən maaş alan bu insanların öz sözləri və davranışları ilə qanlı terror təşkilatına dəstək olmaları və terror hərəkətlərinin reallaşması üçün çağrış etmələri qəbuledilməzdir: "Həmin şəxslər indiyə qədər PKK və onun əlaltıları tərəfindən həyata keçirilən terror hadisələrinin heç birinə reaksiya verməyib, tam əksinə dəstək göstəriblər. Türkiyədə indi ən vacib olan sülhün təmin edilməsi, terror təşkilatlarının təmizlənməsi və bölgədə təhlükəsizliyin təmin edilməsidir. Xüsusilə 7 iyun 2015-ci ildən bəri sivil vətəndaşlara və vəzifəli şəxslərə yönəlik bütün terror hərəkətlərinə görə PKK dəstəkçiləri məhkəmə qarşısında cavab verməlidirlər".

Politoloq Avropa İttifaqı və digər beynəlxalq qurumların, Qərbin Türkiyəyə yönəlik təzyiqlərinə də toxunub. Onun sözlərinə görə, Avropa İttifaqından Türkiyəyə qarşı çox çirkin açıqlamalar verildi: "Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri PKK-nı dəstəkləyən bəzi millət vəkillərinin həbs olunması ilə Türkiyənin həddini aşdığı açıqlamasını verdi. Aİ tərəfindən belə çirkin ittihamlara məruz qalan Türkiyənin susmasını gözləmək olmaz. Avropa və ABŞ-a bir xatırlatma etmək gərəkdir. İŞİD və ya "Taliban" onların ölkələrində müsəlmanları təmsil etdiyini söyləyib və bir qisim səs alaraq o ölkələrin parlamentlərində təmsil olunsalar və 30 ildən çox bir müddət ərzində terror hərəkətləri həyata keçirsələr, münasibətləri necə olardı?! Karikaturaçısı öldürülən Fransa bütün dünyanı terrora qarşı birgə mübarizəyə çağırır. Ancaq illərdir on minlərlə insanını terrora qurban verən Türkiyənin atdığı hər addım bu ölkələr tərəfindən qınanır. Bu isə qəti şəkildə doğru deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə