AXCP-ADR savaşı başlandı... SƏBƏB

Və Arif Hacılı dərhal Əli Kərimliyə qahmar çıxdı
AXCP-ADR savaşı başlandı... SƏBƏB

Uzun müddətdir ki, AXCP ilə münasibətlərini normallaşdırmağa cəhd edən, lakin həmin cəhdləri uğursuzluqla nəticələnən Müsavat başqanı Arif Hacılı üçün yeni imkan yaranıb. Belə ki, SİA-nın əldə etdiyi məlumata görə, artıq bir neçə gündür Əli Kərimliyə yaxın olan tərəflərlə Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu arasında yaşanan söz davasıdır. Daha dəqiq desək, sözügedən gərginlik Q.İbadoğlunun mətbuata "Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü" (MSŞT) haqqında açıqlamalarından sonra başlayıb. Məhz bu açıqlama düşərgədaxili növbəti qalmaqalın yaranmasına səbəb olub və nəticədə polemikalar sosial şəbəkəyə transfer olunub.

Hacılı bir neçə ildir ki, Qubadoğludan qisas almaq hissi ilə alışıb-yanır

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid Q.İbadoğlunu müxtəlif məsələlərdə ittiham atəşinə tutaraq, sonradan qəzetin internet səhifəsində onun haqqında sərt fikirlər bildirib. Məhz bu baxımdan, qalmaqalın yaranmasını görən A.Hacılı dərhal AXCP təmsilçisinə dəstək göstərib. Çünki Hacılı bir neçə ildir ki, Qubadoğludan qisas almaq hissi ilə alışıb-yanır. Buna səbəb isə Müsavat partiyasının qarmaqarışıqlarla, dava və kütləvi istefalarla nəticələnmiş başıbəla qurultayıdır. Xatırlatmaq yerinə düşərdi ki, Q.İbadoğlu başqanlığa namizəd olsa da Müsavatın sabiq başqanı İsa Qəmbərin tapşırığı əsasında seçkilərdə saxtakarlıq oldu bə nəticədə partiyada kəskin parçalanma baş qaldırdı.

Müsavat başqanından ADR sədrinə ismatıc: "İndi də zootexnikdən tutmuş, ibtidai sinif müəlliminədək hər biri mədən sənayesi mütəxəssisinə çevrilib"

Bu gün belə bir mövzunun yenidən ortaya çıxması isə Hacılıya sərf edir və o bir güllə ilə iki dovşan vurmağa cəhd edir. Birinci güllə ilə AXCP sədri Ə.Kərimli qarşısında xalq toplayıb məhv üzərində olan nüfuzunu saxlamağa çalışır, ikinci güllə ilə isə düşməninə çevrilmiş Q.İbadoğludan qisasını almağa səy göstərir. Bu baxımdan, A.Hacılı feysbuk vasitəsilə ADR sədrini kompleksiz adlandırıb və demək olar ki, dolayı yolla təhqirə məruz qoyub. SİTAT: "Bu adamların heç bir kompleksi yoxdur. Seçki məsələlərinə qrant ayrılanda seçki "texnoloqu", insan haqları, siyasi məhbuslar məsələsinə qrant ayrılanda bu sahənin "mütəxəssisləri" oldular. İndi də zootexnikdən tutmuş, ibtidai sinif müəlliminədək hər biri mədən sənayesi mütəxəssisinə çevrilib".

Ancaq görünür, A.Hacılı öz ehtimalında ciddi şəkildə yanılıb. Çünki onun Qubadoğluya yazdığı statusunu heç bir cəbhəçi "like" (bəyənmə) etməyib. Bəyənilən statuslar yalnız AXCP üzvlərinə aiddir və çox yəqin ki, A.Hacılının Q.İbadoğluya qarşı yazdığı statusunu Ə.Kərimli bəyənilməyə qoymayıb.

Beləliklə, fakt budur ki, A.Hacılı dərhal Ə.Kərimliyə qahmar çıxmaqla özünü daha çətin vəziyyətə salıb. Çünki AXCP sədrinin onu yenidən öz partiyasına yaxın buraxaraq, əməkdaşlıq etməsi mümkünlük məcrası daxilində deyil.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə