Avropa Şurasının nümayəndələri ilə Penitensiar xidmətdə görüş FOTOLAR

Avropa Şurasının nümayəndələri ilə Penitensiar xidmətdə görüş FOTOLAR

Bu gün Avropa Şurasının "Azərbaycanda penitensiar xidmətin islahatlarına əlavə dəstək" layihəsinin icrasına başlanması ilə bağlı AŞ-nın Azərbaycan Respublikasındakı rəhbərinin müavini Jöel Mermet və layihə üzrə məsul əməkdaş Aynur Yusifova ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində görüş keçirilib.

SİA-nın məlumatına görə, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov qonaqları salamlayaraq Avropa Şurası tərəfindən ölkəmizin penitensiar sistemində aparılan islahatlara göstərilən dəstəyə yüksək dəyər verdiyini qeyd edib.

Jöel Mermet AŞ-nin fəaliyyət planı çərçivəsindəki layihənin məqsədinin Azərbaycanın penitensiar sistemində aparılan islahatlara zəruri sahələr üzrə dəstəyin davam etdirilməsindən ibarət olduğunu bildirib.

Ölkəmizin penitensiar sisteminə göstərilməsi nəzərdə tutulan əlavə dəstəyin istiqamətlərinin müəyyənləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb, o cümlədən məhkumalara və təqsirləndirilən şəxslərə göstərilən tibbi xidmətin səviyyəsinin artırılmasının və həbsxanaların idarə olunmasının təkmilləşdirilməsinin diqqət mərkəzində saxlanıldığı qeyd edilib.

Layihənin həyata keçirilməsi ilə əlaqədar üç pilot cəzaçəkmə müəssisəsinin müəyyənləşdirilməsi təklifi müzakirə olunub.

Qonaqlar səmimi qəbula görə xidmət rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş, layihənin icrası ilə bağlı görüşlərin davam etdiriləcəyini qeyd ediblər.

Görüşdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə