Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
SİA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlərin ifadələri dinlənilib.
Şahid qismində dindirilən Bakı şəhəri, Binəqədi rayon icra hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçi-memarı vəzifəsində 27.08.2012-ci il tarixdən 09.01.2014-cü il tarixədək işləmiş Əkbərov Hacıbaba Xeyrulla oğlu ifadəsində bildirib ki, o zalda olan təqsirləndirlən şəxslərdən Novruzov Qəzənfər Məhərrəm oğlunu və Orucov Nizami Qara oğlunu tanıyır.
Xatırladaq ki, Novruzov Qəzənfər Məhərrəm oğlu 22 may 2015-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 225.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib, 12 aprel 2016-cı il tarixdə ona Azərbaycan Respublikası CM-nin 225.2. və 308.2-ci maddələri ilə yenidən ittiham elan edilib. İşin müstəsna mürəkkəbliyi ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 02 sentyabr, 07 dekabr 2015-ci il və 02 mart 2016-cı il tarixli qərarları ilə həbsdə saxlama müddəti 19 iyun 2016-cı il tarixədək uzadılıb.
H. Əkbərov deyib ki, o, Binəqədi Rayon İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçi-memarı vəzifəsinə gələndə artıq binada üzlənmə işlərinə başlanılıb. O sadəcə, bu barədə qiymətləndirmə cədvəlinə imza atıb: "Mən tikinti işlərinin aparılması ilə bağlı yalnız təklif irəli sürürdüm".
Sonra şahidlə təqsirləndirilən Qəzənfər Novruzovun vəkili arasında sənədin imzalanma məsələsi ilə bağlı mübahisə yaranıb. Şahid qiymətləndirmə cədvəlinin nüsxəsinə saxlanılması üçün imza atdığını desə də, vəkil buna etiraz edib, onu yalan danışmaqda ittiham edib.
Təqsirləndirilən Miryusif Mahmudov binanı İcra Hakimiyyətinin deyil, öz şəxsi vəsaiti hesabına üzlədiyini məhkəmənin diqqətinə çatdırıb: "Çəkilən xərc İcra Hakimiyyəti tərəfindən iş bitəndən sonra ödəniləcəkdi".
Digər şahid, sözügedən binaya üzlük vurulması işləri üzrə iş icraçısı olmuş Adıgözəlov Telman Məmmədhəsən oğlu bildirib ki, 2012-ci ilin yay aylarında iş məqsədilə "Global Construction" şirkətinin nümayəndəsi Xanlar adlı şəxsə müraciət edib. Sonuncu ona Azadlıq prospekti 200 nömrəli binanın fasadına üzlük vurulacağını deyərək işlərin görülməsindən ötrü bir neçə işçinin axtarıb tapılmasını tapşırıb. O da Xanların yanına 7 nəfər usta aparıb, lakin onun həmin şəxslərin rəsmi işə qəbul olunub-olunmamaları barədə heç bir məlumatı olmayıb.
Şahid dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandırıb. O deyib ki, vəzifəsinin icrasına başlayarkən bina hələ üzlənməmişdi.
Məhkəmə prosesi noyabrın 1-i saat 10:30-da davam edəcək.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB