Ramil Məmmədli: “Sarkisyan bu razılaşmaya imza atmaqdan çəkinir” AÇIQLAMA
"Əslində apreldə Azərbaycan Ordusunun cəbhəboyu ərazidə həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra əldə olunan atəşkəsin nisbi xarakter daşıyacağı əvvəlcədən bəlli idi. Həmin vaxt Ermənistan məcburi qaydada masaya oturmuşdu və münaqişənin həlli ilə bağlı verdiyi bütün sözlər gərginliyi azaltmaq xarakteri daşıyırdı". Bunu SİA-ya hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, əməliyyatları davam etdirmək və əraziləri işğaldan azad etmək istəyimiz isə böyük dövlətlərin maraqlarına xidmət etmədiyindən, təzyiqi artıra bilmədik: "Amma Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Rusiya prezidenti Vladimir Putinin qarşısında kompromisə gedəcəyinə dair söz vermişdi. Göründüyü kimi sonradan Ermənistan Rusiya qarşısında verdiyi sözdən yayınmaq üçün qərblə bir sıra manevrlər etməyə çalışdı. Hətta daxili stabilliyi pozmaq bahasına belə münaqişənin həllinə dolayısı ilə "yox" deyə bildi. Bu gün isə Ermənistan açıq şəkildə münaqişənin 5+2+Dağlıq Qarabağ Muxtar Respublikasının yaradılması, o cümlədən yerli azərbaycanlıların evlərinə qayıtmasına dair şifahi razılaşmadan imtina edir. Baxmayaraq ki, Azərbaycanın hərbi təzyiqi qarşısında rəsmi Moskvaya və qərbdəki dəstəkçilərinə sığınan Ermənistan kompromisə hazır olduğunu demişdi".
O əlavə edib ki, cəbhədə Ermənistanın atəşkəsi pozma hallarını artırması da bunun məntiqi davamıdır: "Bu, həm də prezidentlərin görüş tarixini uzatmaq məqsədi daşıyır. Əlbəttə, iki ölkənin xarici işlər nazirlərinin yaxın vaxtlarda nəzərdə tutulan görüşündən sonra prezidentlərin görüşü məsələsinə aydınlıq gələcək. Ancaq artıq birmənalı demək olar ki, Serj Sarkisyan işğal etdikləri 7 rayonun qaytarılmasına və azərbaycanlıların Dağlıq Qarabağ ərazisində yaşayış məntəqələrinə qayıtmasına razı deyil. Daha doğrusu Sarkisyan bu razılaşmaya imza atmaqdan çəkinir. Sarkisyan qorxur ki, bu zaman ona müxalif olan qüvvələr fəallaşar və o "xalq düşməni" damğası ilə üzləşər. Azərbaycan prezidenti İlham Əliyev isə bu yaxınlarda xarici mediaya verdiyi müsahibəsində açıq şəkildə ölkəmizin mövqeyini dünya birliyinə çatdırıb. Növbəti addım isə Ermənistanın və münaqişənin həllinə vasitəçilik edən tərəflərindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB