Deputat: “Böyük türk milləti buna imkan verməyəcək” MÜNASİBƏT

Deputat: “Böyük türk milləti buna imkan verməyəcək” MÜNASİBƏT

"İki gün öncə Amerika Dövlət Depatramenti İstanbul konsulluğundakı diplomatlarının və diplomat adı altında çalışan əməkdaşlarının ailə üzvlərindən terror təhlükəsi ilə bağlı oranı tərk etmək tələbində bulundu. Bu cür xəbərdarlıqların heç də terrorun qarşısını almaq məqsədilə verilmədiyi aydındır. Ancaq bu, amerikalıların təhlükəsizliyini təmin etmək məqsədilə də verilmir". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, Türkiyədəki 15 iyul olayları, yəni baş tutmayan çeviriliş cəhdindən sonra qardaş ölkəyə qarşı siyasi, geosiyasi, maliyyə, iqtisadi və sair təzyiqlər gücləndirilib ki, terror təhlükəsi haqda artan xəbərdarlıqlar da onun bir növüdür. Amerika Türkiyədən nə istəyir? Bu sualın cavabını dünən bir dəstə erməni ekspert qarşısında etdiyi çıxışında ABŞ-ın Ermənistandakı səfirliyinin siyasi və iqtisadi şöbəsinin rəhbəri Metyu Yusen verib.

Yusen ölkəsinin Türkiyədən rəzil Sürix protokollarını təsdiqləməsini tələb etdiyini bildirir. Bu adam deyir ki, guya Ermənistan o zaman böyük güzəştə gedərək Türkiyə ilə əlaqələri normallaşdırmaqda ilk addım atıb, ancaq rəsmi Ankara gərəkənləri etməyib. Soruşmaq ayıb olmasın, görəsən hansı güzəştdən söhbət gedir? Ermənistan nədə güzəştə gedib?".

Deputat deyib ki, Metyu Yusen İstanbulda terror xəbərdarlığı edən ölkəsinin Türkiyədən niyə narazı düşdüyünə aydınlıq gətirərkən də yenə də Ermənistanla əlaqələrin düzəlməməsi faktını vurğulayır: "O, "Qərbin yanında yer alan, öz əhalisi ilə və uzun zamandır düşmənçilik etdiyi ölkələrlə sülh içində yaşayan bir Türkiyə" görmək istədiklərini bildirir. Maraqlıdır, həm də etdiyi xəbərdarlıqlarla Türkiyədəki terroru körükləyən, onu öz əhalisi ilə sülh içində yaşamağa qoymayan görəsən kimdir? Son zamanlar PKK terrorçularından tutulan silahlar nədən daha çox Amerika və digər qərb dövlətlərinin istehsalıdır? Kim kimə düşmənçilik edir, Türkiyə Ermənistana, yoxsa Ermənistan Türkiyəyə? Uydurma soyqırımı, torpaq iddiasını kim ortaya atıb, Türkiyə, yoxsa Ermənistan? Bu iddianın arxasında Ermənistandan başqa daha kimlərin qulaqları görünür?

Amerikalı diplomat bu sualın cavabını bilməmiş deyil. Onu da bilməmiş deyil ki, arzuladqıları Türkiyə məhz uydurma soyqırımını tanıyan, nəticədə torpaqlarının bir hissəsini ermənilərə, başqa bir hissəsini də "Böyük Yaxın Şərq" planına uyğun şəkildə yeni bir dövlətə peşkəş verməli olan Türkiyədir.

Görməyəcəklər, böyük türk milləti buna imkan verməyəcək! Çünki böyük dövlətlər gəldi- gedərdir, böyük millətlər isə əsla!".

Bütün xəbərlər Facebook səhifəmizdə