Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, eləcə də təqsirləndirilən şəxslərin fikirləri alınıb.
Hakim Əfqan Hacıyev təqsirləndirilən şəxs Məmmədov Ağacavad Hacı oğlunun prosesdə səhhəti ilə əlaqədar iştirak etmədiyinə görə barəsində həbs qəti imkan tədbiri seçilməsini təklif edib. Vəkillər və zərərçəkmişlər buna etiraz ediblər.
A.Məmmədovun vəkili Məzahir Şahmarov onun ürək çatışmazlığı ilə əlaqədar məhkəmə prosesində iştirak etmədiyini deyib və bununla əlaqədar lazımi sənədləri hakimə təqdim edib.
O bildirib ki, müdafiə etdiyi şəxs 10 oktyabr 2016-cı ildə Kardiologiya institutuna yerləşdirilib, hazırda stansionar qaydada müalicə alır: "Şəkər xəstəsidir, ürək çatışmazlığından əziyyət çəkir, gəzib otura bilmir, sərbəst nitq qabiliyyətini itirib. Dəfələrlə məhkəmə prosesləri zamanı onun vəziyyəti ağırlaşıb, məhkəməyə təcili yardım çağırılıb, tibbi yardım göstərilib. Amma tibbi yardımlara baxmayaraq onun səhhəti yaxşılaşmayıb".
Daha sonra məhkəmə prosesində fasilə elan olunub. Hakim məhkəmə zalında səsləndirilən bütün fikirləri və A. Məmmədovun səhhətini nəzərə alaraq onun barəsində verilmiş qərarı, yəni ölkədən heç yerə çıxmamaq haqqında iltizam qətiimkan tədbirini qüvvədə saxladı.
Beləcə növbəti məhkəmə prosesi oktyabrın 24-ü saat 10.30-a təyin olunub.
Xatırladaq ki, Məmmədov Ağacavad Hacı oğlu 18 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 308.2. və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrlə ona ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 14 aprel 2016-cı il tarixdə ona Azərbaycan Respublikası CM-nin 308.2-ci və 313-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.
Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB