18 oktyabr Milli Müstəqillik günü münasibəti ilə dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olan, Azərbaycanın Quba rayonunda yerləşən Xınalıq kəndində Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Milli Şura tərəfindən həyata keçirilən "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramı çərçivəsində "Gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsi" mövzusunda baş tutub.
Tədbir kənd gənclərinin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli şüurunun inkişafı, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunub.
Açılış mərasimində çıxış edən ARGTMŞ-ın sədri Seymur Hüseynov qeyd edib: Azərbaycanımızın Müstəqilliyinin 25-ci illiyi ilə əlaqədar olaraq Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndinin gəncləri ilə birlikdə bayram edirik. Azərbaycanın bu dövrdə əldə etdiyi dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması və digər tarixi nailiyyətlər məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanır. Biz Azərbaycanın vahid gənclər platforması olaraq bütün bölgələrimizdə yaşayan gənclərin inkişafını qarşıya məqsəd qoyaraq bu istiqamətdə aparılan gənclər siyasətinə öz tövhəmizi verməyə davam edirik. Qeyd edim ki, Milli Şura "Yerli" Kənd Gənclərinin İnkişafı Proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrinin ucqar kəndlərində maarifləndirmə tədbirlərini keçirməyə davam etməkdədir. Bu günə qədər proqram çərçivəsində Azərbaycanın 18 rayonunun 40 kənd və qəsəbələrini əhatə etməklə 680 gəncin iştirakı ilə maarifləndirmə həyata keçirilib.
Açılış mərasimi başa çatdıqdan sonra həmin kəndin gənclərinə "Karyera planlaşdırılması və ixtisas seçimi" mövzusunda seminar keçirilib. Seminarda iştirakçılara mövzu ətrafında ilkin biliklər verilib, daha sonra gənclər qrup işlərində müzakirələrdə iştirak ediblər. Seminar bitdikdən sonra tədbir musiqi proqramı ilə davam edib və musiqi proqramda Quba rayonunun istedadlı gəncləri çıxış edib. Tədbirin sonunda Milli Şura tərəfindən kənd gənclərinin təltifetmə mərasimi baş tutub. Mərasimdə Milli Müstəqillik Günü münasibəti ilə Xınalıq kəndinin ictimai həyatında fəal iştirak edən gənclər fəxri fərmanla təltif olunublar.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2015-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Azərbaycan: 2020 Gələcəyə Baxış" İnkişaf Konsepsiyası, "2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası"nın prioritetlərinə uyğun olaraq Azərbaycanda ilk dəfə həyata keçirilən "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramı start verib. "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramının məqsədi kəndlərdə yaşayan gənclər ilə işin bir istiqamət kimi təbliğatının aparılması, gənclər təşkilatlarının kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, kənd gənclərinin bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir. Proqram çərçivəsində bu günə qədər həyata keçirilən maarifləndirmə tədbirləri Bakı şəhəri və 18 rayonunun 40 kənd və qəsəbələrindən 680-dən çox gəncin iştirakı ilə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB