Şeyxülislam: "Bu gün biz düşmənə qarşı birləşməliyik"

Şeyxülislam: "Bu gün biz düşmənə qarşı birləşməliyik"

"Azərbaycanda hər il qanvermə aksiyasında iştirak edənlərin sayı artır. Bu, ölkədə imanın, dinə olan münasibətin artmasının göstəricisidir". SİA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə verdiyi açıqlamasında deyib.

O bildirib ki, bu gün dinindən, məzhəbindən asılı olmayaraq, hər kəs qanvermə aksiyasında iştirak edir: "Əgər sovet dövründə ölkədə 17 məscid var idisə, bu gün 2000-dən çox məscid var. Bu da dövlətin dinə olan münasibətinin göstəricisidir. Bu gün ölkədə dindarlar üçün bütün şərait yaradılıb. Azərbaycanda Aşura günü qanvermə aksiyasının keçirilməsi prosesi dünyada çox bəyənilir. Hətta Türkiyə də Azərbaycanın bu təcrübəsindən istifadə edəcəyini bildirib. Bu gün dünyanın bir sıra ölkələrində qanvermə aksiyası keçirilir".

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verərək söyləyib ki, bu gün biz daha da əzəmətli olmalıyıq, düşmənə, zülmə qarşı birləşməliyik: "Bu gün şəhid günüdür. Biz şəhidliyin nə olduğunu yaxşı bilirik. İmam Hüseyn Kərbəlada vətən, xalq yolunda şəhid oldu. Bizim də Qarabağ boyda dərdimiz var. Biz də xeyli sayda şəhid vermişik. Allah təala şəhidlərimizə rəhmət eləsin! Aşura günü xalqımız sınmamalıdır, əzilməməlidir. Biz düşmənə qarşı daha sıx birləşməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə