Hasan Oktay: “Azərbaycan Qafqaz bölgəsində regional gücə çevrilə bilər”
"İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi regionda yeni bir sülhün təməli kimi də qiymətləndirilə bilər". Bunu SİA-ya açıqlamasında konqresin yekunlarını şərh edən Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay deyib. O xatırladıb ki, Suriyada başlayan, Ukraynada davam edən regional böhran, daha sonra Türkiyə və Rusiya arasındakı təyyarə olayı regionu döyüş vəziyyətinə gətirdi: "Amerika başda olmaqla Qərb dövlətləri Türkiyəni Ukraynada Rusiyaya qarşı cəbhəyə cəlb etmək istəyirdilər. İstanbulda imzalanmış "Türk axını" sazişi iki il oncə imzalanmalı idi. Lakin ABŞ başda olmaqla Qərb ittifaqı bu anlaşmaya maneə törətmək üçün əlindən gələni etdi. Sonra isə Suriya üzərindən Türkiyəni Rusiya ilə qarşı-qarşıya qoydular.
Rusiya hökuməti də baş verənləri lazımı qədər dəyərləndirə bilmədi. Türkiyədəki 15 iyul çevriliş cəhdindən sonra Ankara və Moskva səlahiyyətliləri yenidən düşündülər və gərginliyə son qoyaraq İstanbulda "Türk axını" sazişin imzaladılar.
"Türk axını"nın "TANAP" və "TAP" layihələri ilə birləşərək böyük bir enerji potensialının Avropaya nəqli müzakirə mövzusudur. İndi Rusiya, Azərbaycan və Türkiyə üçün öncə Suriya probleminin həll edilməsi və Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli nizamlanma yolunun tapılmasıdır. Regional inkişaf və enerji sahəsindəki imkanlar bunu reallaşdıra bilər".
Politoloq hesab edir ki, Rusiya ilə Türkiyə arasındakı problemlər tez bir zamanda həll ediləcək və regional güc olma yolunda hər iki dövlət əhəmiyyətli addımlar atacaq: "Azərbaycan bu iki super güc arasında balanslı bir siyasət apararaq Qafqaz bölgəsində regional gücə çevrilə bilər. Azərbaycanın enerji potensialı buna imkan verir".
Bütün xəbərlər Facebook səhifəmizdə