“Azərbaycan Türkiyə- Rusiya əməkdaşlığında vacib rol oynayıb” ŞƏRH
"Türkiyə enerji dəhlizi olmaqdan daha çox bir hub-mərkəzə çevrilmə yolunda əhəmiyyətli layihələrə imza atır. Bu baxımdan Azərbaycan həm Türkiyə- Rusiya böhranının aradan qaldırılmasında, həm də əməkdaşlıq mühitinin formalaşmasında çox vacib rol oynayıb". Bunu SİA-ya açıqlamasında İstanbulda keçirilmiş 23-cü Dünya Enerji Konqresinin yekunlarını şərh edən Beynəlxalq Strateji Baxış İnstitutunun direktoru politoloq Yusif Çinar deyib.
Onun sözlərinə görə, Ankaranın həm Xəzərin, həm də Rusiyanın təbii qazının Türkiyə üzərindən Avropaya daşınmasını təmin etməsi əməkdaşlığın getdikcə artmasına səbəb olacaq.
Politoloq konqres çərçivəsində prezidentlər Putin və Ərdoğanın görüşməsinin əhəmiyyətinə də toxunub: "Ərdoğan və Putin görüşündə gündəmin ən aktual mövzuları-"Türk axını" layihəsi, "Akkuyu"nüvə stansiyası, Türkiyə vətəndaşlarına tətbiq olunan viza, Suriya məsələsi müzakirə olundu. Sammitin ən əhəmiyyətli hadisəsi Rusiya və Türkiyənin "Türk axını" qaz boru xəttinin çəkilməsinə dair sazişi imzalaması idi. Rusiyanın Türkiyə ilə enerji sahəsində əhəmiyyətli addımlar atması bölgədə bu sahədəki rəqabətə yeni bir nəfəs gətirəcək. Çünki Rusiya- Türkiyə enerji əməkdaşlığı yalnız Qara dənizlə məhdudlaşmaya, Aralıq dənizi və Orta Şərqi əhatə edə bilər. Belə ki, Rusiya ilə Türkiyənin əməkdaşlığının inkişaf etdirilməsi Suriya və Orta Şərqdə müsbət mənada yeni siyasi inkişaflara yol aça bilər. Bu mənada Rusiya və Türkiyə neft və qaz istehlak edən Qərb ölkələrinə qarşı işbirliyini inkişaf etdirərək çox əhəmiyyətli bir mərhələyə gəliblər".
Politoloqun fikrincə, bu əməkdaşlığın Orta Şərqə sabitlik gətirib-gətirməyəcəyini yaxın perspektivdə daha rahat müşahidə etmək olar. Onun sözlərinə görə, Türkiyə- Rusiya enerji əməkdaşlığı bölgədə kartların yenidən dəyişdirilməsini təmin edəcək, yeni tarazlıqlar meydana gətirəcək: "Bunun nəticəsini qısa müddətdə Suriyada görəcəyimizi təxmin edirəm. Əməkdaşlıq protokollarının imzalanmasından sonra bölgədəki qərarvericilər tərəfindən Mosul əməliyyatı barədə yenidən düşünüləcək".
"Türk axını" layihəsinin əhəmiyyətinə diqqət çəkən Y.Çinar hesab edir ki, Rusiya Avropaya çatmaqda bir növ Ukraynanı bu layihə ilə bypass (kənarda qoymaq) edib: "İkinci nəticə budur ki, Rusiya Ukraynanın gələcək dövrlərdə təbii qazı etibarlı bir şəkildə nəql edə bilməyəcəyini düşünür. Bundan əlavə, Ukrayna üzərindən Avropaya açılan rus boru xətti ömrünü tamamlamaq üzrədir. Rusiya yeni sərmayələr qoyarkən yanında güclü tərəfdaş istəyir. Boru kəmərlərinin inşasında Türkiyə və Rusiya əhəmiyyətli investisiya qoyacaq. "Türk axını" layihəsinin yalnız iqtisadi deyil, siyasi nəticələri də çox önəmlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB