Azərbaycan prezidenti: "Yaxın Şərqdə vəziyyət getdikcə kəskinləşir"

Azərbaycan prezidenti: "Yaxın Şərqdə vəziyyət getdikcə kəskinləşir"

"2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Dövlət başçısı bildirib ki, Yaxın Şərqdə vəziyyət kritik həddə çatıb: "Yaxın Şərqdə müşahidə olunan qarşıdurma çox böyük fəlakətə gətirib çıxara bilər. Çünki hamımız yaxşı görürük ki, vəziyyət getdikcə kəskinləşir".

Prezident İlham Əliyev Avropanın miqrant böhranı yaşandığını xatırladıb: "Mən miqrant böhranı haqqında dəfələrlə öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, öz canlarını qurtarmaq istəyən o insanların heç bir günahı yoxdur. Onların ölkələri xarici müdaxilə nəticəsində dağıdılıb. Onların şəhərləri yerlə-yeksan edilib, yaxınları, qohumları, yüz minlərlə insan həlak olub. Onlar öz canlarını qurtarmaq üçün Avropaya pənah aparırlar. Ancaq Avropada bəzi hallarda onları tikanlı məftil, qəfəs gözləyir. Bu da əlbəttə ki, əgər belə demək mümkündürsə, bu ilin əlamətidir və sivilizasiyalararası münasibətlərə çox böyük zərbə vurur. Biz artıq neçə ildir çalışırıq ki, mədəniyyətlərarası dialoqu gücləndirək. Bizim fəaliyyətimiz dünyada böyük rəğbət qazanıb. Ancaq əfsuslar olsun ki, dünyanın müxtəlif ölkələrində tendensiya əks istiqamətdə gedir".

Ölkə başçısı virğulayıb ki, miqrant böhranı öz növbəsində Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar: "Bu, ilk növbədə onu göstərir ki, cəmiyyət artıq onlara daha böyük dəstək verir, eyni zamanda, əgər gələcəkdə bu meyl davam etsə, həmin partiyalar hakimiyyətə gələcəklər. Ondan sonra onların siyasətinin nədən ibarət olacağı heç kəs üçün sirr deyil. Beləliklə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək. Bizim cəmiyyətimiz bütün bu reallıqları bilməlidir. Artıq həm yaşadığımız bölgə, həm də dünya dəyişib. Biz də öz siyasətimizi buna uyğun şəkildə aparmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə