Azərbaycanın Latviyadakı müvəqqəti işlər vəkili Gəray Muradov bu ölkənin xarici işlər naziri Edqars Rinkeviçslə Avropa İttifaqı-Azərbaycan strateji tərəfdaşlığına dair sazişlə bağlı müzakirələr aparıb. SİA-nın məlumatına görə, tərəflər Riqada akkreditə olunmuş Avropa İttifaqına (Aİ) daxil olmayan ölkələrin xarici nümayəndəlik rəhbərlərinin iştirakı ilə nazir Rinkeviçsin şərəfinə İsveçrə səfirliyinin təşkil etdiyi işçi naharda görüşüblər.
E.Rinkeviçs Latviyanın xarici siyasəti, Aİ xarici siyasətinin prioritetləri, terrorizmə qarşı mübarizə, təhlükəsizlik, "ZUBR" yük qatarı, nəqliyyat dəhlizləri kimi məsələlərə toxunub. İştirakçıların verdiyi sualları cavablandıran XİN rəhbəri Suriyadakı vəziyyətə toxunaraq, münaqişənin region ölkələrinin iştirakı ilə və yalnız siyasi yolla həllinin mümkün olduğunu söyləyib. Suriyadakı atəşkəs rejiminin pozulmasını təəssüflə qarşılayan nazir, bu ölkədəki mövcud vəziyyətin yaxşılaşdırılması, sülh danışıqlarının bərpa olunması və humanitar yardımın çatdırılması üçün tərəflər arasında atəşkəsin yenidən əldə olunmasının vacibliyini qeyd edib.
Nazir Aİ-nin xarici sərhədlərinin möhkəmləndirilməsinə xüsusi fikir verilməli olduğunu vurğulayıb. O, Aİ ilə NATO arasındakı əməkdaşlığın Varşava bəyannaməsi əsasında davam etdirilməsinin zəruriliyini bildirib. Həmçinin, BMT Təhlükəsizlik Şurasının islahatına dəstəyini ifadə edib. O, Şuranın daimi və qeyri-daimi üzvlərinin sayının artırılmasının zəruriliyini vurğulayıb, hazırkı daimi üzvləri müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kimi hallarda öz veto hüququndan istifadə etməkdən çəkinməyə çağırıb.
Avropa İttifaqının Şərq Tərəfdaşlığına toxunan E.Rinkeviçs Ukrayna və Gürcüstan ilə vizasız gediş-gəliş rejiminin tətbiqi istiqamətində irəliləyiş, Azərbaycanla Aİ arasında sazişlərin hazırlanması, Aİ ilə Belarus arasında danışıqlar barədə söhbət açıb.
E.Rinkeviçs G.Muradovla söhbəti zamanı Latviya Seyminin sədri xanım İnara Murnietsenin Bakıya hazırkı səfəri, eləcə də planlaşdırılan digər yüksək səviyyəli səfərlər haqda məlumat verib. Tərəflər Azərbaycanın baxılmağa təqdim etdiyi Aİ-Azərbaycan strateji tərəfdaşlığına dair saziş ətrafında fikir mübadiləsi də aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB