Səfirlik: "Meksika və Azərbaycan hər zaman olduğundan daha yaxındır”
Meksikanın Azərbaycandakı səfirliyi fəaliyyətinin ikinci ildönümü münasibətilə açıqlama yayıb. SİA-ya daxil olan açıqlamada deyilir ki, 1 oktyabr 2014-cü il tarixində Meksika Azərbaycanda öz səfirliyini açdı və beləliklə, bu ölkənin Qafqazda ilk diplomatik nümayəndəliyi fəaliyyətə başladı. Səfirliyin açılması yalnız ikitərəfli diplomatik əlaqələr inkişafının səviyyəsinin artmasını yox, həmçinin Meksikanın Azərbaycanla əlaqələrə verdiyi dəyəri də göstərdi. Məlumatda qeyd edilib ki, 2015-ci ilin may ayında Meksikanın Azərbaycandakı ilk səfiri Rodriqo Labardini Bakıya gəldi: "Həmin vaxtdan etibarən Meksika haqqında bilikləri Azərbaycanda təşviq etmək məqsədilə səfirlik mədəni tədbirlərin reallaşmasına başladı. Meksikanın rəssamlığı, musiqisi, mətbəxi və kinosuna həsr olunmuş bu nümayişlər Azərbaycan ictimaiyyətində böyük maraq oyatdı. Mədəniyyətin xalqlar arasında təbii körpü olmasına əsaslanaraq, təkcə 2015-ci ildə səfirlik tərəfindən 31 mədəni tədbir həyata keçirilib. Bu gün Azərbaycanda tez-tez mariaçi musiqisinə qulaq asılır, takoların və Meksika mətbəxinin digər təamların dadına baxılır. Qarşılıqlı tanıtım və yaxınlaşma müxtəlif sahələr üzrə əlaqələrin inkışafı üçün möhkəm əsas yaradır".
Səfirliyin açıqlamasında o da vurğulanıb ki, Meksika və Azərbaycanın çoxsaylı sahələr üzrə əməkdaşlıq üçün böyük potensialı var: "Hər iki ölkə kabrohidrogenlərin vacib istehsalçısıdır və bu sektorda zəngin təcrübəyə malikdir. İkitərəfli münasibətlərin və əməkdaşlığın inkişafı üçün iqtisadi və ticari əlaqələrin möhkəmləndirilməsi mütləqdir. Qarşılıqlı ticarət əlaqələrinin artmasında səfirliklərin rolunu da qeyd etmək lazımdır. Meksikanın statistik məlumatlarına əsasən, ölkənin Azərbaycanla ikitərəfli ticarəti 2014-cü ildə 2 milyon dollar təşkil edirdisə, bu rəqəm 2015-ci ildə 10 milyon ABŞ dollarına yüksəlib. Buna baxmayaraq, bu göstəricilər ikitərəfli münasibətlərin təqdim etdiyi əsil gücü əks etdirmir. Son illərdə Meksika iqtisadiyyatın bir çox sahəsində böyük uğurlar qazanıb: kənd təsərrüfatı, elektron, avtomobil və kosmik sənaye, turizm və s. Bununla belə, Meksika 2030-cu ildə dünyanın ilk altı iqtisadiyyatına malik ölkəsi olmaqda iddialıdır".
Səfirlik qeyd edib ki, bu il Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edir: "Bu dövr ərzində ölkə inkişafın vacib mərhələsini keçərək beynəlxalq arenada öz mühüm yerini qazanıb. Çoxsaylı sahələr üzrə geniş miqyaslı müxtəlif tədbirlərin Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq iştirakı və nüfuzunu yüksəldib. Hər iki ölkənin gələcəkdə əlaqələri inkişaf etdirə biləcəyi hələ çox sahələr var, lakin indi Meksika və Azərbaycan hər zaman olduğundan daha yaxındır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB