Dövlət Başçısı: "Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir"
"Azərbaycanda bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda səfərdə olan Roma Papası Fransiskin Heydər Əliyev Mərkəzində ictimaiyyətlə görüşündə çıxış edən Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, savadlılıq radikalizmə, nadanlığa qarşı əsas maneə, səddir: "Azərbaycanda savadlılıq 100 faizdir. Biz milli-mənəvi dəyərlərimizə çox sadiqik. Eyni zamanda bir müasir ölkəyik. Əfsuslar olsun ki, 1990-cı ildə Ermənistanın hərbi təcavüzü nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və ətraf yeddi rayon işğal edilib. Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Azrtıq 10 ölkə bu qətliamı soyqırımı kimi tanıyıb. ATƏT regiona iki dəfə faktaraşdırıcı missiya göndərib. Üzə çıxarılan faktlar insanı dəhşətə gətirir. Bütün məscidlərimiz, qəbiristanlıqlarımız dağıdılıb. Biz isə Bakıda erməni kilsəsini bərpa etmişik. Ona görə də təsadüfi deyil ki, Azərbaycanı multikulturalizm mərkəzi kimi tanıyırlar".
Azərbaycan prezidenti qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir: "Bu münaqişədən xalqımız böyük əziyyət çəkir. Münaqişə dövründə əhalisi 8 milyon nəfər olan Azərbaycanın əhalisinin 1 milyonu qaçqın və məcburi köçkün idi. Buna baxmayaraq, Azərbaycan 25 ildə şərəfli yol keçib. Bir neçə il əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdi. Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB