Avropa Xalq Partiyasının nümayəndə heyəti məcburi köçkünlərlə görüşüb
Azərbaycanda keçirilən ümumxalq səsverməsində Mərkəzi Seçki Komissiyasının dəvəti əsasında müşahidəçi qismində iştirak edən Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti, Genişlənmə komitəsinin sədri, Avropa Xalq Partiyasının keçmiş sədr müavini David Marionun başçılıq etdiyi Avropa Parlamentinin, Avropa ölkələrinin deputatlarının və bir sıra beynəlxalq təşkilatların əməkdaşlarının da daxil olduğu geniş tərkibli nümayəndə heyəti sentyabrın 25-də Binəqədi rayonundakı 2 saylı Evtikmə Kombinatının ərazisində məcburi köçkünlər üçün salınmış hündürmərtəbəli yaşayış binaları kompleksindən ibarət məhəllədə məskunlaşan soydaşlarımızla görüşüblər.
SİA-nın məlumatına görə, Dövlətqaçqınkomun sədrinin müavini Fuad Hüseynov ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən ümumxalq səsverməsi günü ərəfəsində vaxt tapıb ölkəmizdəki məcburi köçkünlərin real vəziyyəti ilə tanış olmaq məqsədi ilə böyük nümayəndə heyəti ilə görüşə gəldiklərinə görə qonaqlara minnətdarlığını ifadə edərək onların bu addımını yaxın tərəfdaşlıq əlaqələrinin nümunəsi kimi dəyərləndirib.
Nümayəndə heyətinin rəhbəri David Marionun hələ dörd il bundan əvvəl ölkəmizə səfərini, məcburi köçkünlərlə görüşlərini, münaqişə, onun səbəbləri və tarixi kökləri barədə məlumatlı olduqlarını nəzərə alan F.Hüseynov qonaqlara istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, istərsə də bu münaqişə nəticəsində ev-eşiklərindən didərgin salınmış soydaşlarımızın problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərlə bağlı əsasən son durum haqqında ətraflı məlumat veib.
Sonra qonaqlar adıçəkilən məhəllədə Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi məqsədilə ərazidəki məcburi köçkünlər üçün təşkil olunan 2 seçki məntəqəsində yaradılan hərtərəfli şəraitlə, məntəqələrin fəaliyyəti ilə yaxından tanış olmuş, seçki məntəqəsinin üzvləri və məcburi köçkün seçicilərlə görüşüb onları maraqlandıran suallara aydınlıq gətiriblər.
Qonaqlar həmçinin məhəllədə məskunlaşan məcburi köçkünlərin mənzilinə baş çəkib, onların yaşayış və həyat tərzi ilə də yerində maraqlanıblar.
Sonda qonaqlar məcburi köçkünlərlə söhbət əsasında son illər Azərbaycanın uğurlu inkişafından, məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli dövlət qayğısından, seçkilərə hazırlığın yüksək səviyyədə olduğundan, seçicilərin səsverməsi üçün azad və demokratik şərait yaradıldığından məmnunluqlarını ifadə etməklə həmçinin Avropa Xalq Partiyasının nümayəndələri olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqeyini dəstəklədiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB