Spiker: "Dəyişikliklər xalqımızın firavan gələcəyinə xidmət edəcək"
Sentyabrın 27-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü, Azərbaycanla Dostluq qrupunun rəhbəri lord Devid Evansın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, sədr qonaqları səmimi salamlayaraq Azərbaycanda keçirilən Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendumu izləmək üçün ölkəmizə səfər etdiklərinə görə onlara minnətdarlığını ifadə edib. Spiker deyib ki, belə bir gündə Azərbaycanın dostlarının ölkəmizdə olması təqdirəlayiqdir. Çünki heç şübhə etmirik ki, onlar səsvermə prosesində gördüklərinə obyektiv qiymət verəcəklər. Bu isə ölkədə aparılan demokratik dəyişikliklərə dəstəyin göstəricisi kimi dəyərləndirilməlidir.
Görüşdə Spiker ölkənin Əsas sənədinə edilən dəyişikliklərlə əlaqədar referendumun keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu, insan hüquqlarının qorunmasının daha etibarlı təmin edilməsi ilə yanaşı, həm də idarəetmə mexanizminin təkmilləşdirilməsinə, bu mənada xalqımızın firavan gələcəyinə xidmət edəcək. Ümumxalq səsverməsinin azad, demokratik, şəffaf şəkildə keçirilməsi üçün bütün lazımi işlər görülüb. Ölkə ərazisində mindən çox məntəqədə veb-kameralar quraşdırılıb ki, bu da səsverməni onlayn izləmək imkanı yaradıb. Biz dünyada və regionda gedən prosesləri diqqətlə izləyir, Azərbaycandakı ictimai-siyasi vəziyyətə dostlarımız, o cümlədən beynəlxalq qurumlar tərəfindən obyektiv qiymət verilməsinə həssaslıqla yanaşırıq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Devid Evans Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə əlaqədar keçirilən ümumxalq səsverməsini müsbət dəyərləndirib. Qeyd edilib ki, onlar 6 seçki məntəqəsində prosesi izləyib, əhalinin fəallığının canlı şahidi olublar. Referendumun beynəlxalq səviyyədə keçirilməsi üçün bütün lazımi təşkilatı işlər yüksək səviyyədə yerinə yetirilib.
Qəbulda tərəflər onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü Devid Morris və digər rəsmi şəxslər iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB