Azərbaycan gəncliyi Prezidentin bütün təşəbbüslərini dəstəkləyir FOTOLAR

"Yeni Azərbaycan" təşviqat qrupu Qaradağda ilk dəfə səs verəcək gənclərlə görüş keçirib
Azərbaycan gəncliyi Prezidentin bütün təşəbbüslərini dəstəkləyir FOTOLAR

"Yeni Azərbaycan" təşviqat qrupu Qaradağda sentyabrın 26-da keçiriləcək Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsində ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşü giriş sözü ilə açan "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Aydın Hüseynov Kostitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında geniş məlumat verib.

Səlahiyyətli nümayəndənin sözlərinə görə, ümumilikdə 29 maddədə əlavə və dəyişikliklər nəzərdə tutulub ki, bunların da hamısı birmənalı olaraq xalqımızın milli maraqlarına uyğun olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, hüquq və azadlıqların daha effektiv müdafiə olunmasına xidmət edir. A.Hüseynov əmin olduğunu bildirib ki, Azərbaycanın inkişafında, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan gənclərimiz ölkəmiz üçün kifayət qədər əhəmiyyətli olan bu prosesdə uğurla iştirak edəcək və dövlətimizin daha da inkişafı naminə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklər.

Görüşdə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü və partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək ölkəmizdə həyata keirilən gənclər siyasətinin uğurlarından, YAP-ın gəncliyin inkişafına dəstəyindən geniş bəhs edib. Onun sözlərinə görə, bu gün dövlətin ciddi diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşib və dövlət başçısının bütün təşəbbüslərini dəstəkləyir. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər haqqında da məlumat verən S.Orucovun sözlərinə görə, bu dəyişikliklər bir çox sahəni əhatə etməklə, ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir. S.Orucov Qaradağ rayon gənclərini 26 sentyabrda fəal olmağa və Referendum Aktına səs verməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Xanlar Fətiyev son 13 ildə ölkəmizdə reallaşdırılan iqtisadi siyasətin uğurlarından, o cümlədən qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatların müsbət nəticələrindən danışıb. Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son 13 ildə sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. X.Fətiyev deyib ki, respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur: "Bunun nəticəsidir ki, son 13 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,6 dəfə artaraq 386 minə çatıb".

Xanlar Fətiyev Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə müşahidə olunan inkişaf meyillərinin daha da sürətlənəcəyini, qarşıdakı dövrlərdə Azərbaycanın inkişafının daha geniş vüsət alacağını bildirib.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Zəliha Zamanova, bu il ilk dəfə səs verəcək gənclərdən Kamran Əfəndiyev, Vəzifə Əhmədova və digərləri ölkəmizdə gənclərin ictimai və siyasi həyatda fəal iştirakının təmin olunması, gənclərin potensialının artırılması istiqamətində mühüm tədbirlər görüldüyünü diqqətə çatdıraraq Konstitusiya islahatlarının gənclərin önündə daha geniş imkanlar açacağını bildirib, ümumxalq səsverməsində bu əlavə və dəyişikliklərə "HƏ" deyəcəklərini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə