Referendum demokratiyanın möhtəşəm təntənəsi olacaq! FOTOLAR

Referendum demokratiyanın möhtəşəm təntənəsi olacaq! FOTOLAR

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü Gəncə şəhər, "Gülüstan" qəsəbəsindəki "İstiqlal" parkında keçirilib. SİA-nın xəbərinə görə, millət vəkillərinin, ziyalıların, ağsaqqalların, partiya fəallarının, gənclər və qəsəbə sakinlərinin qatıldığı tədbirdə, ümumilikdə 3000 nəfərdən çox seçici iştirak edib. Sonsuz fərəh, firavanlığın təzahürü olan yüksək əhval-ruhiyyə, böyük coşqu ilə görüşdə iştirak edən seçiçilər əllərində "Yaşasın müstəqil Azərbaycanın lideri cənab İlham Əliyev!", "İnkişaf və tərəqqi naminə "HƏ" deyəcəyik!", "Var olsun, həmrəyliyimiz və birliyimiz!" şüarları yazılmış plakatlarla Konstitusiya islahatlarına müsbət rəy ifadə ediblər.

Görüşü "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Naqif Həmzəyev açaraq, seçiciləri salamlayıb, mütəşəkkillik və coşqu nümayiş etdirdiklərinə görə bütün seçicilərə minnətdarlığını bildirib, 26 sentyabrda bu birliyi, mütəşəkkilliyi davam etdirərək, onların seçki məntəqələrinə gəlib, gələcəkdə daha yaxşı yaşamaq, uğurlar qazanmaq, Vətənimizi güclü və qüdrətli görmək istəyi ilə yekdilliklə səs verəcəklərinə əminliyini bildirib.

"Bu gün Azərbaycan dövləti güclü dövlətlər sırasındadır. Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik və nəticələr də göz qabağındadır. Bu gün ölkəmiz, həmçinin 4 min yaşı olan müasir və qədim Gəncəmiz bütün istiqamətlər üzrə inkişafdadır, həm sosial-iqtisadi, həm də mədəni-mənəvi sahədə qazanılan möhtəşəm nailiyyətlər bizi daha uğurlu, daha işıqlı sabaha aparır. Azərbaycanda güclü iqtisadiyyat qurulub, güclü sosial sahə yaradılıb, 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib, bərpa edilib və əhalinin istifadəsinə verilib. Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, öz daxili imkanlarına arxalanaraq irəliyə gedir. Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, belə bir ölkədə yaşayır, ali məqsədlərini həyata keçirir, arzularına, istəklərinə firavan mühitdə asanlıqla nail olur. Demokratik inkişaf modelinə malik olan Azərbaycanda Konstitusiyaya dəyişikliklərin edilməsi təqdirəlayiq haldır və bu, islahatlar siyasətinin tərkib hissəsi kimi dəyərləndirilməlidir.

Əminliklə vurğulaya bilərəm ki, 2016-cı il sentyabr ayının 26-da xalqımız, eləcə də gəncəlilər dövlət rəhbərinin Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı təşəbbüsünə müsbət rəy bildirəcək və bu dəyişikliklər ölkədə dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, gücləndirilməsi ilə yanaşı, demokratiyanın növbəti möhtəşəm təntənəsi olacaq"- deyə, millət vəkili Naqif Həmzəyev deyib.

Millət vəkili Pərvin Kərimzadə çıxışında deyib ki, Prezident cənab İlham Əliyevin beynəlxalq hüquq normalarını rəhbər tutaraq həyata keçirdiyi islahatlar nəinki daxili siyasətin, eyni zamanda paralel olaraq xarici siyasətin daha da inkişaf etdirilməsinə dəyərli töhfələr verir. Bu gün uğurla davam etdirilən inkişaf strategiyası, bütün sahələrdə yeni-yeni nailiyyətlərin əldə edilməsi Azərbaycan Respublikasının hüquqi dövlətdən sosial dövlətə keçidinin son mərhələsinin yaşandığını sübut edir.

Millət vəkili Pərvin Kərimzadə istənilən dövlətin milli gücə sahib olması üçün təbii resursların, əhali, iqtisadi, hərbi güc faktorları ilə yanaşı, mənəvi-psixoloji və ideoloji amillərin də həlledici rol oynadığını önə çəkib: "Müasir dünyaya inteqrasiya edən Azərbaycan qloballaşma və inteqrasiya proseslərinin müsbət cəhətlərindən yararlanır. Bununla belə, Azərbaycan xalqı özünün əsrlərdən gələn milli-mənəvi dəyərlərini qoruyur, doğma Vətənə, ölkənin maraqlarına münasibətdə vətənpərvər, azərbaycançı mövqedə dayanır. Konstitusiya islahatları həmçinin milli-mənəvi dəyərlərimizin inkişaf etdirilməsi, insanların mədəni səviyyəsinin yüksəlməsi, hüquqi, dünyəvi, demokratik və müstəqil Azərbaycanın yeni zəfərlərə imza atması istiqamətində çox uğurlu addım olacaq. Bizim hər birimiz bu islahatlara səs verməli və cənab İlham Əliyevin uzaqgörənliklə irəli sürdüyü təşəbbüsü dəstəkləməliyik".

YAP Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik katibi, professor Fuad Əliyev, təbliğatçılardan dosentlər Cavid Bağırzadə, Ceyhun Hüseynov, Hüseyn Bəxtiyarov, Aidə Qasımova, Kifayət Fəttahi və Xalq artisti Şahnaz Haşımova bildiriblər ki, görüşlərimiz zamanı insanlar bu məqamı vurğulayırlar ki, dövlət başçısı cənab İlham Əliyevdən gələn bütün təşəbbüsləri müdafiə edirik.

Onlar sentyabrın 26-da seçki məntəqələrinə gedərək Referendum Aktına səs verəcəklərini bəyan edirlər. Bununla belə, "Yeni Azərbaycan" təşviqat qrupu üzərinə düşən vəzifəni yerinə yetirərək, Konstitusiya islahatlarının mahiyyətini insanlara izah edir, onları referendum günü fəal olmağa çağırır. Çünki bəzi müxalifət qüvvələri bu islahatların əleyhinə təbliğat aparırlar. Sözsüz ki, bu cəhdlər əbəsdir və heç bir nəticə verməyəcək. İnanırıq ki, seçicilər yüksək səs çoxluğu ilə Referendum Aktını qətiyyətlə dəstəkləyəcəklər.

"Gülüstan" qəsəbəsi sakinləri adından çıxış edən ağsaqqal Əli Quliyev bildirib ki, şəhərimizdə geniş abadlıq-quruculuq işləri aparılıb, bir sıra infrastruktur layihələr həyata keçirilib, 800-dən çox binanım dam örtüyü dəyişdirilib, yeni parklar salınıb, küçə və prospektlər daha yaraşıqlı görkəm alıb, şəhərimiz yaşıllıqlara, gül-çiçəklərə qərq olub, hər tərərfdə gözəllik göz oxşayır, mənalı istirahətimiz, rahat yaşamağımız üçün hər cür şərait var: "Üzərimizə düşən odur ki, bütün bunlar üçün ölkə Prezidentinə minnətdarlığımızı bildirək, vətəndaşlarla səmimi münasibətdə olduğuna, nə problemimiz varsa dərhal aradan qaldırdığına, hərtərəfli qayğısını bizdən əsirgəmədiyinə görə şəhər rəhbərliyinə təşəkkür edək, Konstitusiya islahatlarına "HƏ" deyək!

Bütün xəbərlər Facebook səhifəmizdə