Hacı Surxaydan satqın və xəyanətkarlara SƏRT BƏYANAT

“Münafiq qüvvələrə Azərbaycan xalqı layiqli qiymət verəcəkdir!”
Hacı Surxaydan satqın və xəyanətkarlara SƏRT BƏYANAT

Son vaxtlar radikal müxalifətin bu və ya digər şəkildə dindar kəsimi siyasi alətinə çevirərək xəyanətkar siyasi ambisiyalarını reallaşdırmağa cəhd etməsi Azərbaycanda fəaliyyət göstərən ilahiyyatçıları və din xadimlərini də narahat etməkdədir. Qeyd olunur ki, radikalizm və dağıdıcılıq üsulları ilə xarici qüvvələr qarşısında nökərçilik edənlər bu çirkin əməllərindən əl çəkməli, ictimai rəydə çaşqınlıq yaratmamalıdırlar. SİA İçərişəhər Cümə məscidinin axundu, tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədlinin məsələ ilə bağlı bəyanatını təqdim edir:

-Biz, son vaxtlar dünyada cərəyan edən müxtəlif hadisələri, savaşları, eləcə də dini, irqi diskriminasiyaları müşahidə etdikcə bir daha şahidi olmaqdayıq ki, bütün bunlara rəğmən, Azərbaycan bir sabitlik adası kimi digər ölkələrə nümunədir, örnəkdir. Lakin təəssüflər olsun ki, bəzi Azərbaycanı istəməyən daxili və xarici qüvvələr ölkəmizdəki sabitliyi pozmağa cəhdlər edir, bu kimi çirkin niyyətli addımları ilə şəhidlərimizin qanları və canları bahasına əldə etdiyi müstəqilliyinə zərbə vurmağa çalışırlar. Əsasən ateistlik üzərində köklənmiş radikal təfəkkürlü müxalifətin indi də dindarları özlərinin siyasi alətinə çevirmək, onlardan öz çirkin siyasi məqsədləri üçün istifadə etmək cəhdləri qətiyyən yolverilməzdir.

Əlləri minlərlə soydaşımızın qanına bulaşmış erməni ekstremistlərinin, işğal olunmuş ərazilərimizdə qondarma separatçı rejimin nümayəndəsi — Bako Saakyanın oğlu ilə birlikdə Vətəninə qarşı qərəzli dinləmələrdə iştirak edənlərdən, düşmənlərlə əlbir olub, onlarla eyni mövqeni bölüşənlərdən Azərbaycan xalqına nə fayda ola bilər...

Belələri, şəhid qanlarını batıranlardır. Bu, haqq mücadiləmiz üçün qanlarını axıtmış şəhid soydaşlarımızın ruhlarının təhqiridir. Qəhrəman şəhidlərimizin ailələrinin heysiyyatına toxunmaqdır. Bütün Azərbaycan xalqının müqəddəs şəhidlərlə bağlı ülvi hisslərinə toxunmaqdır. Bu, müstəqilliyimiz uğrunda fəda olmuş, ərazi bütövlüyümüz, Qarabağ uğrunda canlarından keçmiş, Xocalıda vəhşicəsinə qətl edilmiş soydaşlarımızın ruhlarını narahat etməkdir. Bu, həm də doğma yurd-yuvasından qovulmuş, məcburən köç etmiş qaçqın, köçkün həmvətənlərimizin təhqir olunması, onların nisgilinə hörmətsizlik deməkdir.

Vətəni sevmək imandandır — buyurub Peygəmbərimiz Mühəmməd Salavatullah. Vətənini sevməyən, onu siyasi ambisiyaları, məkrli iddialarına qurban verən şəxslərə nə ad vermək olar... Vətəninin mənafelərinə xaincəsinə yanaşan, satqın xislətli belələrinin imanlı insanlarlarla nə işi, nə əlaqəsi ola bilər. İmanlı dindarlara müraciət etməyə mənəvi haqqı belə çatmayanların dindarlara təəssübkeşliyi növbəti xain əməldir. Dindən siyasi alət kimi istifadədən başqa bir şey deyildir. Dini şüarları siyasətlə istifadə edənlərin mənfur niyyətləri puçdur.

Dinimiz haqqı-nahaqdan, batildən, dogrunu-əyridən seçməyi vacib buyurur. Dogru yalanı kəsməlidir mütləq. Təhqir olunmuşlar — milyonlar bu təhqirin ünvanını — bir ovuc çirkin siyasətbazları susdurmalıdırlar. Gah ateist, lazım olanda dindar, din təəssübü çəkən olan, əqidə, məslək məsələlərini belə siyasi oyunbazlıq elementinə çevirməkdən utanmayan münafiq qüvvələrə Azərbaycan xalqı layiqli qiymət verəcəkdir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə