Suraxanı rayonunda seçicilərlə görüş keçirilib

Suraxanı rayonunda seçicilərlə görüş keçirilib

Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində Suraxanı rayonunda seçicilərlə görüşlər davam edir.

Belə görüşlərdən biri də 20 sentyabr 2016-cı il tarixdə Zığ qəsəbə Mədəniyyət evində "Bələdiyyə" təşviqat qrupunun üzvləri ilə həyata keçmişdir.

Tədbiri giriş sözü ilə açan "Bələdiyyə" təşviqat qrupunun üzvü Suraxanı rayon Hövsan Bələdiyyəsinin sədri Elburus Xəlilov Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə əlaqədar 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Ümumxalq səsverməsinə (Referendum) gedən hazırlıqdan danışaraq qeyd etdi ki, Azərbaycan Konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib və Konstitusiyada dəyişiklik 2 dəfə: 24 avqust 2002-ci ildə və 18 mart 2009-cu ildə referendum yolu ilə həyata keçirilmişdir. Ötən 7 il ərzində ölkədə gedən inkişaf onu təkmilləşdirmək zərurətini yenidən meydana gətirmişdir

Təklif olunan dəyişikliklər Azərbaycanın sürətli inkişafına, iqtisadi qüdrətinin artmasına, dünya dövlətləri sırasında daha da irəliləməsinə və xalqımızın firavan gələcəyinə əsaslı zəmin yaradır.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin müəllimi Elşad Nəsirov bildirdi ki, dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, insan hüquq və azadlıqlarının daha da yüksək səviyyədə təmin olunması üçün dövrü olaraq dövlətlərin hüquqi bazasında, əsas qanunu olan konstitusiyada dəyişiklik edilməsi vacibliyini yaradır. Yenilənmə eyni zamanda iqtisadi sahədə çevik və effektiv idarəetmə müxanizminin tətbiqi, ictimai münasibətlərin tənzimlənməsi və həyatımızın digər sahələrində dövrün tələblərinə uyğun islahatların həyata keçirilməsi üçün də vacibdir.

Ümumiyyətlə, zamanı yetişdikcə Konstitusiya islahatlarının aparılması zəruridir. Bu baxımından bizim əsas qanunumuz olan Konstitusiyada dəyişiklik və əlavələrin olunması məqsədi ilə keçiriləcək referendumun böyük əhəmiyyət daşıyır. Bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qavunvericilik təşəbbüsü hüququndan yararlanaraq İyul ayının 18-də "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə sərəncam imzalamışdır.

Tədbirdə çıxış edən Əmircan Bələdiyyəsinin üzvü Cəmilə Ağayeva, "Qadın və İnkişaf Mərkəzi"nin sədri Şövkət Xanməmmədova, şəhid anası, məcburi köçkün Saray Quliyeva bildirdilər ki, həyata keçirilən müstəqil siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib və dünyanın aparıcı dövlətləri və təşkilatları tərəfindən Azərbaycan Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırılır. İnkişafın Azərbaycan modeli yaranmış və iqtisadi islahatlar uğurla həyata keçirilir. Bu da Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə səbəb olub.

Azərbaycan ictimaiyyəti bir daha təqdim olunan müddəalarla yaxından tanış olaraq müzakirələrdən sonra səsvermə nəticəsində bu dəyişiklikləri qəbul etməklə həm ölkəmizin ali sənədinin təkmilləşdirilməsinə, həm də respublikanın inkişafına, daha səmərəli idarə olunmasına öz töhfəsini verəcək.

Rayonun gəncləri adından çıxış edən Qaraçuxur Bələdiyyəsinin üzvü Eldar Mirzəliyev qeyd etdi ki, ölkəmizdə gənclərə fəaliyyət üçün böyük imkanlar yaradılıb. Təklif olunan dəyişikliklər Azərbaycan gəncliyinə də daha geniş imkanlar yaradacaq və onların inkişafı üçün böyük stimul olacaq.

Çıxış edənlər ümumxalq səsverməsində fəal iştirak edəcəklərini bəyan etməklə bərabər bütün seçiciləri ölkə başçısı ilə, həmişə olduğu kimi bu dəfə də, həmrəyliyini nümayiş etdirərək səsvermədə iştirak etməyə və təklif olunan dəyişikliklərə "HƏ" deməyə çağırdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə