Dəyişikliklər demokratik inkişaf konsepsiyasına uyğundur YENİLƏNİB (FOTOLAR)

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Nizami rayon şöbəsi seçicilərlə görüşüb
Dəyişikliklər demokratik inkişaf konsepsiyasına uyğundur YENİLƏNİB (FOTOLAR)

Sentyabrın 26-da keçiriləcək Referendumla əlaqədar Azərbaycanda təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. SİA-nın xəbərinə görə, bu kampaniyaya böyük ruh yüksəkliyilə başlayan referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Nizami rayon şöbəsi sentyabrın 19-da seçicilərlə növbəti görüşünü keçirib. Tədbirdə çıxış edən referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Nizami rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Sədaqət Vəliyeva deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər ölkədə insan hüquq və azadlıqlarının konstitusion təminatının daha da gücləndirilməsinə, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsinə xidmət edir.

Bildirilib ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbulundan ötən dövr ərzində artıq iki dəfə - 2002-ci və 2009-cu illərdə ümumxalq səsverməsi ilə bu ali qanunvericilik sənədinə müəyyən əlavə və dəyişikliklər edilib: "Lakin son 7 il ərzində Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatında nəzərəçarpan dəyişikliklər baş verib, cəmiyyətin demokratikləşməsi və liberallaşdırılması, söz azadlığı, vicdan azadlığı və s. sahəsində çox əhəmiyyətli irəliləyişlərə nail olunub, multikulturalizm ideyaları artıq bizim həyat tərzimizə çevrilib. Bu baxımdan, cəmiyyətdə gedən proseslərə uyğun olaraq qanunvericilikdə, xüsusilə ölkənin Əsas Qanununda müvafiq dəyişikliklərin edilməsi obyektiv zərurətdən irəli gəlir, Azərbaycan Respublikasının bəyan etdiyi demokratiyanın inkişafı konsepsiyasına uyğundur. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə ehtiva edir. Əminliklə söyləmək olar ki, təklif olunan əlavə və dəyişikliklər hüquqların etibarlı təminatçısı olacaq, idarəetmə sisteminin daha da təkmilləşməsinə mühüm töhfələr verəcək".

Çıxış edən YAP Siyasi Şurasının üzvü, referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Qaradağ rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib ki, regionda və dünyada baş verən hadisələr, milli dövlətlərin təhlükəsizliyinə qarşı mövcud olan hədələr hər kəsi qabaqlayıcı tədbirlər görməyə sövq edir: "Təbii ki, Azərbaycan dünyada cərəyan edən hadisələr fonunda öz sabitliyini, müstəqilliyini möhkəmləndirə bilib. Bununla belə yeni şəraitdə daha əhatəli tədbirlər görməyə ehtiyac yaranır. Ona görə də, biz bu gün Konstitusiyaya əlavə və dəyişikliklərdən danışarkən tam məsuliyyətimizlə bildiririk ki, bu dəyişikliklər zərurətdən irəli gəlir və ölkənin daha güclü olmasına, daha sürətli inkişafına, daha əhatəli islahatların həyata keçirilməsinə şərait yaradacaq".

Fikirlərini görüş iştirakçıları ilə bölüşən Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev, Respublika Ağsaqqallar Şurasının Nizami rayon şöbəsinin sədri Mayıl Əliyev, həmiçinin, rayon sakinləri adından Heyranxanım İdriszadə və başqaları qeyd ediblər ki, onlar dövlətimizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün uğurlu daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin referendum təşəbbüsünü alqışlayır, dəstəyini ifadə edir. Çıxış edənlər əminliklə bildiriblər ki, 26 sentyabr tarixində seçki məntəqələrinə gedərək Konstitusiyaya təklif olunan dəyişikliklərə "HƏ" deyəcəklər.

Tovuz rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Tovuz rayonunda seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər hüquqi təlabatdan irəli gəlir. O qeyd edib ki, Referendum Aktı layihəsində təklif olunan əlavə və dəyişikliklər ilk növbədə ölkəmizdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın, vətəndaş həmrəyliyinin, xalq- iqtidar birliyinin möhkəmləndirilməsinə, dövlət idarəçiliyinin daha da gücləndirilməsi mənafeyinə xidmət göstərir.

Daha sonra M.Bayramov seçiciləri 26 sentyabr tarixdə seçki məntəqələrinə gedərək Prezident İlham Əliyevin hər zaman dəstəklədikləri siyasətinə səs verməyə, Referendum Aktı layihəsində təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deməyə çağırıb.

Tədbirdə çıxış edən Bakı Dövlət Universiteti Qazax filialının dosenti Məmməd Yusifov, təşviqat qrupunun üzvləri Mücaməddin Axundov, Səyyad Yusifov, İmran Məmmədov çıxış edərək "Azərbaycan Respublikasının Konstitusiyasında dəyşikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi barədə danışıb, dəyişdirilən və əlavə edilən hər bir maddə üzrə izahat verib, onların mahiyyətini və önəmini seçicilərin diqqətinə çatdırıb, eyni zamanda tədbir iştirakçılarını ümumxalq səsverməsində fəal iştirak etməyə səsləyiblər.

Görüşdə iştirak və çıxış edən millət vəkili Ülviyyə Ağayeva Dövlət başçısı İlham Əliyevin siyasətində Azərbaycan dövlətinin qüdrətlənməsi, onun müstəqilliyinin və təhlükəsizliyinin qorunması, bütün sahələrdə Azərbaycan xalqının mənafeyinin nəzərə alınması, güzəranın yaxşılaşdırılması məsələlərinin möhkəm yer tutuğunu qeyd edərək Referendum Aktı layihəsində təklif olunan əlavə və dəyişikliklərin də məhz bu hədəflərə yönəldiyini vurğulayıb.O əmin olduğunu bildirib ki, tovuzlular hər zaman olduğu kimi dövlətə, dövlətçiliyə sədaqətlərini, möhtərəm Prezidentə olan sevgilərini sentyabrın 26 -da seçki məntəqələrinə gedərək bir daha nümayiş etdirəcəklər.

Ağcabədi rayonu

Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə əlaqədar referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Ağcabədi şəhərində seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə "Yeni Azərbaycan" təşviqat qrupunun Ağcabədi rayon şöbəsinin sədr müavini Nazim Bünyatov açaraq son 13 ildə qazanılan uğurlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı fonunda Ağcabədinin də yeni mərhələdəki intibahından bəhs edib.

Sonra çıxış edən Milli Məclisin deputatı Tahir Rzayev Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər Azərbaycanda idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması baxımından, eyni zamanda, ölkəmizin təhlükəsizliyinin təminatında və insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayacaq.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov qeyd edib ki, Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər yeni inkişaflara və uğurlara səbəb olacaq, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun daha da artmasına, yeni iqtisadi layihələrin inamla həyata keçirilməsinə xidmət edəcək.

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupu Ağcabədi rayon şöbəsinin üzvləri Radə Qafarova, İbrahim Həsənov, Həcər Əliyeva əmin olduqlarını bildiriblər ki, "Yeni Azərbaycan" təşviqat qrupu Ağcabədi rayon şöbəsinin gördüyü işlər, düzgün qurulmuş təbliğat və təşviqat işləri sayəsində seçicilər sentyabrın 26-da seçki məntəqələrinə gələrək Konstitusiya islahatlarına yekdilliklə səs verəcəklər.

Astara rayonu

"Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun üzvləri təbliğat-təşviqat kampaniyası çərçivəsində Astara rayonu Kijəbə qəsəbəsində seçicilərlə görüş keçirib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq bildirib ki, 26 sentyabr 2016-cı il tarixdə ölkəmizdə ümumxalq səsverməsi keçiriləcək: "Məlumdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər il yeni-yeni uğurlar qazanılır, demokratik dövlət quruculuğu prosesində geniş islahatlar aparılır, ölkəmizin dünya miqyasında günü-gündən nüfuzu artır, regionlar sürətlə inkişaf edir, iqtisadiyyat genişlənir, sosial layihələr həyata keçirilir. Məhz bu və digər inkişafın nəticəsi olaraq zaman keçdikcə Konstitusiyada müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulurdu. Bu həm zərurət, həm də zamanın tələbidir. Bizlər isə bu tələbə dəsdəy olmalıyıq. Ona görə inamla deyə bilərəm ki, Astara seçiciləri birmənalı olaraq keçdiyimiz mühüm siyasi kampaniyada aktivlik nümayiş etdirərək, seçki günü dəyişikliklərə səs verəcək".

Görüşdə YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə seçicilərə ətraflı məlumat verib. O, Azərbaycan Konstitusiyasının 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını və dövr dəyişdikcə Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurətinin meydana gəldiyini diqqətə çatdırıb: "Dünyada siyasi–iqtisadi proseslər o qədər sürətlə dəyişir ki, dövrün tələblərinə uyğun olaraq Konstitusiyaya dəyişiklik həm zərurət, həm də günün tələbidir. Şübhəsiz ki, bu dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək lazımdır".

Konstitusiya Aktı layihəsindəki əsas məsələlərdən birinin də vitse-prezidentlik institutunun yaradılması olduğunu vurğulayan baş redaktor sözlərinə belə yekun vurub: "Qeyd edim ki, bu institut prezident idarəetmə üsulunun tətbiq olunduğu ölkələr üçün vacibdir. Hər bir qurumun özünün xarakterik xüsusiyyətləri var. Bu baxımdan, biz məsələni daha çox yeni və daha effektiv institusional qurumun yaradılması kimi başa düşməliyik. Bu yeni qurum özü-özlüyündə daha effektiv və səmərəli idarəetməni təmin edəcək. Prezident üsul-idarə

sisteminin mövcud olduğu bir sıra ölkələrdə prezident 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni, çevik, effektiv keyfiyyət yaradır. Bütövlükdə Referendum Aktı layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər- insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, tanınması, bank-maliyyə sisteminin idarə olunması və sair əks olunub".

Tədbirdə çıxış edən Kijəbə qəsəbə tam orta məktəbinin müəllimi Sabir Fətullayev və Tüləgüvan kənd tam orta məktəbinin müəllimi Firudin Abbasov sentyabrın 26-da seçki məntəqələrinə gedərək əlavə və dəyişikliklərə səs verəcəklərini bəyan ediblər.

Masallı rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı təbliğat-təşviqat tədbirləri çərçivəsində Masallı rayonunun Həsənli kəndində seçicilərlə görüş keçirib. "Yeni Azərbaycan" təşviqat qrupunun Masallı rayon şöbəsinin və YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev rayonda 26 sentyabr referendumu ilə bağlı fəal təbliğat işlərinin aparıldığını bildirib. "Yeni Azərbaycan" təşviqat qrupunun "Həmrəy olaq, "Hə" deyək" şüarı altında təşviqat apardığını qeyd edən sədr təklif olunan əlavə və dəyişikliklərin böyük qisminin hüquq və azadlıqların miqyasını genişləndirməyə xidmət edəcəyini diqqətə çatdırıb.

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı layihəsi haqqında geniş məlumat verən Seyfəddin Əliyev söyləyib ki, Referendum Aktında yer alan müddəalar ümumi inkişaf proqramlarının daha çevik, effektli şəkildə həyata keçirilməsinə imkan verəcək: "Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin keçirilməsi ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır. Heç kimə sirr deyil ki, ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların əsasında Azərbaycan vətəndaşlarının rahat və firavan yaşayışının təmin olunması məqsədi dayanır. Konstitusiya dəyişiklikləri də inkişafa, sabitliyə və bütövlükdə ölkənin gələcəyinə xidmət edir. Ona görə də seçicilər görüşlər zamanı bu dəyişikliklərə öz müsbət münasibətlərini ifadə edir, islahatların xalqın və dövlətin maraqlarına xidmət etdiyini əminliklə söyləyirlər".

Görüşdə YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin mahiyyəti barədə seçicilərə məlumat verib: "Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirib. Referendum Aktı layihəsində əksini tapmış əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın inkişaf dinamikası, modernləşmə strategiyasının tələbləri ilə uzlaşır. Hər bir dəyişikliyin zamanı, vaxtı olduğu kimi, artıq Konstitusiyaya da əlavə və dəyişikliklər edilməsinin vaxtı çatıb. Bu dəyişikliklər Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern, inkişaf etmiş ölkəyə çevirəcək".

Prezidentliyə namizədlərin yaş həddi məsələsinə də aydınlıq gətirən V.Rəhimzadə bildirib ki, Konstitusiyanın 100-cü maddəsinə təklif edilən dəyişiklik prezidentliyə namizədlər üçün 35 yaş həddini aradan qaldırır: "Bu düzəlişə əsasən Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Bu o deməkdir ki, 18 yaşı tamam olan və sadalanan kriteriyalara uyğun istənilən şəxs dövlət başçısı seçilə bilər".

Görüşün sonunda seçiciləri maraqlandıran suallar cavablandırılıb.

Ucar rayonu

Referendum üzrə "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun üzvləri sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək seçicilərlə görüş keçirib. Görüşdə ilk çıxış edən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva gənclərə rayonda görülən hazırlıq işlərindən danışıb.

Referendum Aktında yer alan müddəların əhəmiyyətindən danışan Ş Abdullayeva söyləyib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlətimizin və dövlətçiliyimizin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Təşkilat sədri bütün seçiciləri eləcdə də ilk dəfə səs verən gəncləri sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi-referendumda aktiv olmağa dəvət edib.

Daha sonra çıxış edən "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Vüsal Hüseynov Konstitusiyada əlavə və dəyişikliklərin edilməsinin zamanın vacib siyasi hadisəsi olduğu, Azərbaycan dövlətçiliyinə xidmət etməsi barədə geniş məlumat verərək sentyabrın 26-da Referendum keçirilməsini xalqın iradəsini əks etdirdiyini xüsusi vurğulayıb.

Yığıncaqda gənc seçicilər Oruc Piriyev və Nuru Piriyev çıxış edərək Konstitusiyada edilən dəyişikliklərin gənclərimiz üçün geniş şərait yaradacağını qeyd edərək qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə "HƏ" deyəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə