Seçicilər referendumu dəstəkləyir FOTOLAR

Seçicilər referendumu dəstəkləyir FOTOLAR

26 sentyabr ümumxalq səsverməsi (referendum) ilə bağlı "Yeni Azərbaycan" təşviqat qrupu Gədəbəy rayonunda təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Gədəbəy rayon şöbəsinin sədri Rüstəm Nağıyev keçiriləcək referendumla bağlı Gədəbəy rayonunda fəal təbliğat işlərinin qurulduğunu bildirib.

"Yeni Azərbaycan" təşviqat qrupunun "HƏMRƏY OLAQ, HƏ DEYƏK!" devizi ilə təbliğat kampaniyasına start verdiyini bildirən R.Nağıyev referenduma təqdim olunan əlavə və dəyişikliklər layihəsində qeyd olunan müddəaların ölkəmizin gələcək inkişafında mühüm əhəmiyyətli rola malik olacağını deyib.

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" təşviqat qrupunun vəkili, millət vəkili Sevinc Hüseynova qeyd edib ki, nəzərdə tutulan Konstitusiya dəyişiklikləri ölkəmizin inkişaf strategiyasının daha da effektivliyini təmin edəcək. Millət vəkili qeyd edib ki, bunları təklif olunan layihədəki müddəalara nəzər saldıqda daha aydın görmək olar: "Təklif edilən əlavə və dəyişikliklərdə sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırıla bilməsi ilə bağlı məqamlar yer alır. Torpaqlardan səmərəli istifadə məsələsi hər zaman öz aktuallığını qoruyur. Bu gün dünyanın ən mühüm problemlərindən biri məhz ərzaq təhlükəsizliyi məsələsidir. Ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı məsələsinə aid bir sıra qanunlar, Dövlət proqramları qəbul edilib. Torpaq ehtiyatlarından səmərəli istifadə isə bizə bu işdə daha yaxından kömək edəcək. Bu mənada irəli sürülən müddəalar birmənalı şəkildə dövlətimizin inkişafına, eləcə də vətəndaşlarımızın sosial rifahının yüksəlişinə xidmət göstərir".

Tədbirdə çıxış edən Gədəbəy seçiciləri sentyabrın 26-da referendumda iştirak edəcəklərini və təklif olunan əlavə və dəyişikliklərin lehinə səs verəcəklərini bildiriblər.

Ağcabədi rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Qarabağ Muğam Mərkəzində Ağcabədi şəhər seçiciləri ilə görüşü keçirib. Görüşü giriş sözü ilə "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun Ağcabədi rayon şöbəsinin sədr müavini Nazim Bünyatov açaraq bildirib ki, Konstitusiya hər bir sivil dövlətin əsas qanunudur: "Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sosial, iqtisadi və siyasi sahədə əldə etdiyi nailiyyətlərdən və ölkəmizin beynəlxalq aləmdə gedən proseslərdən irəli gəlir".

Sonra söz Milli Məclisin 82 saylı Ağcabədi seçki dairəsinin deputatı Tahir Rzayevə verilib. Tahir Rzayev Konstitusiyamıza təklif olunan əlavə və dəyişiklikləri maddələr üzrə təhlil edərək tədbir iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər dövlətin idarə olunmasını yaxşılaşdıracaq, ölkəmizin təhlükəsizliyinin təminatında və insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayacaq.

Görüşdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədr müavini Teymur Rəhimov qeyd edib ki, Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər yeni inkişaflara və uğurlara səbəb olacaq, xalqımızın daha firavan yaşamasına zəmin yaradacaq, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasına, yeni iqtisadi layihələrin inamla həyata keçirilməsinə xidmət edəcək. O əmin olduğunu bildirib ki, 26 sentyabr səsvermə günü bütün Ağcabədi seçicilər seçki məntəqələrinə gələrək təklif olunan əlavə və dəyişikliklərə səs verəcəklər.

Tədbirdə "Yeni Azərbaycan" təşviqat qrupu Ağcabədi rayon şöbəsinin üzvləri Radə Qafarova, İbrahim Həsənov, Həcər Əliyeva çıxış edərək bildiriblər ki, Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər Ağcabədi rayon seçiciləri tərəfindən bütünlüklə bəyənilir və dəstəklənir.

Çıxış edənlər əmin olduqlarını bildiriblər ki, "Yeni Azərbaycan" təşviqat qrupu Ağcabədi rayon şöbəsinin gördüyü işlər, aparılan düzgün qurulmuş təbliğat və təşviqat işləri sayəsində seçicilər sentyabrın 26-da seçki məntəqələrinə gələrək Konstitusiya islahatlarına yekdilliklə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə