Gənclər dəyişikliklərin vacibliyini qeyd edir YENİLƏNİB (FOTOLAR)

Gənclər dəyişikliklərin vacibliyini qeyd edir YENİLƏNİB (FOTOLAR)

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Lerik rayon şöbəsi Heydər Əliyev Mərkəzində ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. SİA-nın xəbərinə görə, tədbirdə "Yeni Azərbaycan" təşviqat qrupunun Lerik rayon şöbəsinin sədri Elxan Qənbərov, sədr müavini Elman Rəcəbov, rayon təşkilatının Gənclər Birliyinin sədri Zamiq Əhədov iştirak edib.

Tədbiri giriş nitqi ilə "Yeni Azərbaycan" təşviqat qrupunun Lerik rayon şöbəsinin sədri Elxan Qənbərov açıb. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında 26 iyul 2016-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılıb və ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli Konstitusiyanın qəbulu ön plana çəkilib, 1995-ci il mayın 2-də onun sədrliyi ilə dövlət xadimləri və hüquqşünaslar, müxtəlif ictimai-siyasi təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimlərindən ibarət Konstitusiya layihəsini hazırlayan komissiya yaradılıb. Komissiya tərəfindən hazırlanan layihənin cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirakı ilə ümumxalq müzakirəsi aparıldıqdan sonra 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası (Əsas Qanunu) qəbul edilib və 27 noyabr 1995-ci ildə qüvvəyə minib. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan Əsas Qanunumuzun qəbul edilməsi demokratik, hüquqi, dünyəvi dövlət qurulması sahəsində yeni bir mərhələ açdı, dövlət quruçuluğunda, ictimai-siyasi və mədəni həyatda dinamik proseslərə güclü təkan verdi. Dünyada ən demokratik konstitusiyalardan biri olan bu sənəd hakimiyyətin 3 qola bölünməsini təsdiqləməklə dövlət idarəçiliyinin və dövlət qulluğu sisteminin yaradılmasına start verdi, insan hüquq və azadlıqlarının prioritetləri prinsiplərini müəyyən etdi. 1996-cı ildə Hüquqi İslahatlar Komissiyası təşkil olundu, yeni qanunvericilik bazasının yaradılması prosesi başlanıldı. Genişmiqyaslı islahatlar beynəlxalq arenada Azərbaycanın nüfuzunun artmasına, Avropa ailəsinə inteqrasiya edilməsi prosesinə öz təsirini göstərdi, Azərbaycan 2001-ci ildə AŞ-nın üzvü oldu. 2002-ci il avqustun 24-də 2009-cu il martın 18-də referendum yolu ilə Konstitusiyada edilən dəyişikliklər Konstitusiyanın bir sıra normalarının təkmilləşdirilməsinə və başlıca olaraq insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsinə xidmət edir".

E. Qənbərov qeyd edib ki, ötən müddət ərzində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında baş verən dəyişikliklər, cəmiyyətin ümumi inkişaf səviyyəsinə və təkamül prosesinə uyğun olaraq dövlətin idarəetmə sisteminin əsasını təşkil edən qanunvericilik aktlarına, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinə zərurət yaradıb: "Bu zərurəti və Azərbaycan cəmiyyətinin istəyini nəzərə alaraq "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında" 26 iyul 2016-cı il tarixli qərar qəbul edib. Referendum Aktı layihəsində Azərbaycan Respublikası Konstitusiyasının 23 maddəsinə təklif olunan əlavə və dəyişiklik və 6 maddənin əlavə edilməsi Azərbaycan dövlətinin siyasi əsaslarının möhkəmləndirilməsinə, insan hüquq və azadlıqlarının və vəzifələrinin dəqiqləşdirilməsinə, ali qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsinə xidmət edir".

Geniş məruzə ilə rayon təşkilatının Gənclər Birliyinin sədri Zamiq Əhədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklər öz məzmununa və mahiyyətinə görə aşağıdakı əsas məqsədlərin əldə edilməsinə yönəlib: "Göründüyü kimi, referenduma çıxarılan məsələlər dövlətin və cəmiyyətin ən mühüm sahələrini əhatə edir. Buraya xüsusi mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, insanların fərdi və qrup şəklində hüquqlarının təmin edilməsinə, icra və qanunverici orqanlarının fəaliyyətinin daha səmərəli həyata keçirilməsinin təmin edilməsinə qədər geniş spektr müddəalar daxildir. Bu məsələlər xalqın mövqeyini öyrənmək, dəstəyini almaq üçün ümumxalq səsverməsinə – referenduma çıxarılır. Azərbaycan Konstitusiyasının 152-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Referendum Aktıinsan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təmin olunmasında dövlətin ali hakimiyyət, eyni zamanda, aidiyyatı səlahiyyətli orqanlarının fəaliyyətini tənzimləyən əsas prinsipləri daha da təkmilləşdirəcək, bu sahədə hüquqi normalara konstitusion status verəcək. Bu da son nəticədə ümumi inkişafımıza, qanunlarımızın daha mükəmməl olmasına, insan haqlarının ardıcıl və mükəmməl müdafiəsinə yeni imkanlar açacaq. İnanırıq ki, müdrik Azərbaycan xalqı sentyabrın 26-da "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə" Referendum Aktı layihəsinə müsbət rəyini bildirəcək".

Tədbirdə çıxış edən gənclər dəyişikliklərin vacibliyini qeyd edərək, seçki günü hamılıqla səsvermədə iştirak edəcəklərini bildiriblər.

Qusar rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun Qusar rayon şöbəsi rayonun ilk dəfə səs verən gəncləri ilə görüş keçirib. Tədbiri giriş sözü ilə açan "Yeni Azərbaycan" təşviqat qrupun Qusar rayon şöbəsinin sədri David İbramxəlilov tədbir iştirakçılarına sentyabrın 26-da ölkə Konstitusiyasına ediləcək əlavə və dəyişiklərlə bağlı məlumat verib. O bildirib ki, təklif olunan əlavə və dəyişikliklərin hər biri ölkəmizin gələcək inkişafında müstəsna rola malikdir: "Referendum Aktı həm dövlətimizin həm də dövlətçiliyimizin gələcək inkişafını müəyyən edəcək. Biz işıqlı gələcəyimizə səs verməliyik. Bütün gəncləri sentyabrın 26-da seçki məntəqələrinə gələrək, mühüm sənədə səsverməyə dəvət edirəm".

Tədbirdə çıxış edən millət vəkili Azər Badamov gənclərə həyata keçirilən layihələrdən bəhs edib, gənclərin problemlərinin həlli, onların ideya-təşəbbüslərinin reallaşdırılması üçün göstərilən diqqət və qayğıdan danışıb. Millət vəkili söyləyib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə gənclərə də yer ayrılıb: "Bütün bunlar ölkəmizdə gənclərə göstərilən diqqətin bariz nümunəsidir".

Daha sonra gənc seçicilər adından çıxış edən Rail Kazımov ölkə başçısı tərəfindən Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəklədiklərini vurğulayıb.

Xızı rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək gənclərlə görüş keçirib.

Görüşü giriş sözü ilə YAP Xızı rayon təşkilatı Gənclər təşkilatının sədri Namiq Cəfərov açaraq Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verib. O bildirib ki, bu dəyişikliklər bütün ölkə vətəndaşlarının, o cümlədən gənclərin maraqlarına uyğundur. N.Cəfərov ilk dəfə səs verəcək gəncləri fəal olmağa, sentyabrın 26-da referendum aktına səs verməyə çağırıb.

Görüşdə çıxış edən Milli Məclisin üzvü Tahir Süleymanov qeyd edib ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər tarixi zərurətdən irəli gəlir. 26 sentyabrda keçiriləcək referendumda Konstitusiya ilə bağlı 29 maddə vətəndaşların müzakirəsinə təqdim olunub. Onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. T.Süleymanov referenduma çıxarılan məsələlərin milli maraqlarımıza uyğun olduğunu vurğulayıb.

YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev ilk dəfə səs verən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq deyib ki, Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər siz gənclərin gələcəyi üçün yeni imkanlar açır: "Siz gənclər həmrəy olub, təklif olunan dəyişikliklərə "hə" deməlisiniz".

Görüşdə ilk dəfə səs verəcək gənclərdən Alverdiyeva Mətanət çıxış edərək qarşıdan gələn ümumxalq səsverməsi-referendumda yaxından iştirak edəcəklərini və öz gələcəklərinə səs verəcəklərini bildirib.

Ağsu rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı Ağsu rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirib. Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatı qərargahında "Həmrəy olaq, "HƏ" deyək!" devizi ilə keçirilən görüşü giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük uğurlardan, ölkəmizin dünya miqyasında artan nüfuzundan, bütün sahələrdə sürətli tərəqqidən, regionların inkişafı fonunda Ağsunun da günü-gündən çiçəklənməsindən və abadlaşmasından bəhs edib. O bildirib ki, ölkə Konstitusiyasında bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə ümumxalq səsverməsinin keçirilməsi dövrün tələbi və çağırışı kimi dəyərləndirilməlidir: "Bu məqsədilə sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsi çox vacibdir. Çünki bu dəyişikliklərə səs verməklə biz müstəqilliyimizə və dövlətçiliyimizə, onların daha da möhkəmlənməsinə, xalqın rifahının artırılmasına bir daha səs vermiş oluruq. 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə mühüm töfhələr verməsi baxımından zəruridir".

Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun aparat rəhbəri İsaxan Vəliyev Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin tarixi zəruriliyindən danışıb və bildirib ki, bu dəyişikliklər bir çox sahələrdə yeni keyfiyyət standartının yaranmasına səbəb olacaq: "Hazırda Azərbaycan çox ciddi hüquqi-siyasi hadisə ərəfəsindədir. Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi-referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlər yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq".

Ağsu rayon Ağsaqqallar Şurasının sədri Seyfəddin Abdullayev, Ağsu şəhər 1 saylı məktəb liseyin direktoru, YAP üzvü Sənan Nemətov,YAP Ağsu rayon təşkilatının Gənclər Birliyinin sədri Elnur Fərzəlizadə, Təklə kənd orta məktəbinin müəllimi Əmrulla Kərimov və başqaları çıxış edərək bildirdilər ki, 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək referendumda fəal iştirak edəcək, Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında Referendum Aktı layihəsinə "HƏ" deyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə