Qadınlardan Referendum Aktına DƏSTƏK (FOTOLAR) YENİLƏNİB

Qadınlardan Referendum Aktına DƏSTƏK (FOTOLAR) YENİLƏNİB

Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı 26 sentyabr 2016-cı ildə keçiriləcək referendumun təbliğat-təşviqat kompaniyası çərçivəsində "Yeni Azərbaycan" təşviqat qrupu Cəlilabadın qadın seçiciləri ilə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşdə Milli Məclisin deputatı Malik Həsənov və Yeni Azərbaycan Partiyası Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı qeyd edib ki, Konstitusiya hər bir sivil ölkənin əsas qanunu kimi ən ali hüquqi qüvvəyə malikdir: "Ali qanun özündə cəmiyyətin siyasi, hüquqi və iqtisadi əsaslarını təsbit etməklə yanaşı, həm vətəndaş hüquqlarını əks etdirir, həm də ölkənin inkişaf prioritetlərini müəyyən edir. Bu mənada Konstitusiya özünün ali hüquqi xüsusiyyətləri ilə hər bir xalqın və dövlətin həyatında xüsusi rola malikdir. Konstitusiya da digər qanunlar kimi daima inkişafda olmalıdır. Yəni cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması, Konstitusiyada islahatların aparılamasını zəruri edir. Bu baxımdan son 13 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial, iqtisadi, siyasi inkişafı sahəsində əldə olunan nailiyyətlər və beynəlxalq aləmdə gedən proseslər Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklərin aparılmasına zərurət yaradıb. Buna görə də "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" referendum aktı qəbul edilib".

Mirsüleyman Mirxaslı Konstitusiyanın ayrı-ayrı maddələrində ediləcək dəyişiklikər və əlavələr barədə seçicilərə məlumat verərək qeyd edib ki, Referendum Aktında nəzərdə tutulan müddəalar Azərbaycan dövlətçiliyinin daha da möhkəmlənməsinə, iqtisadiyyatın sürətlə inkişaf etdirilməsinə, insan hüquq və azadlıqlarının qorunmasına, ölkədə idarəçilik sisteminin daha da təkmilləşdirilməsinə, ictimai münasibətlərin tənzimlənməsinə xidmət edəcək.

Görüşdə iştirak edən millət vəkili Malik Həsənov seçicilər qarşısında çıxış edərək qeyd edib ki, ölkəmizdə qadınlara dövlət tərəfindən daima diqqət və qayğı göstərilir: "Ümummilli Lider Heydər Əliyev kursunun layiqli davamçısı, ölkəmizin Prezidenti İlham Əliyevin həyata keçirdiyi bütün tədbirlər və şaxələndirilmiş islahatlar Azərbaycanın və xalqımızın, o cümlədən qadınlarımızın uğurlu gələcəyinə istiqamətlənib. Bu baxımdan ölkə başçısının "Azərbaycan Respulikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respulikasının Referendum aktının layihəsini geniş şəkildə cəmiyyətin müzakirəsinə təqdim etməsi də ölkəmizdə bundan sonrakı dövrdə daha möhkəm dövlətçiliyə və cəmiyyət həyatında yeni inkişafa malik olmaq zərurətindən irəli gəlir".

Millət vəkili Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin ayrı-ayrı müddəalarını qadın seçicilərə ətraflı izah edərək, sənəddə yer alan müddəaların ölkə əhalisinin daha firavan yaşamasına xidmət edəcəyini diqqətə çatdırıb. O, əvvəlki seçki və referendumlarda Cəlilabadlı seçicilərin, xüsusilədə qadınların həmişə yüksək siyasi fəallıq göstərdiklərini qeyd edərək, tədbir iştirakçılarını referendumda fəal iştirak etməyə və mühüm sənədə "HƏ" deməyə çağırıb.

Tədbirdə çıxış edən Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova, YAP Cəlilabad rayon təşkilatı Qadınlar Şurasının sədri Fərqanə Məmmədova, Cəlilabad şəhər 4 saylı tam orta məktəbin müəllimi Gülbəniz Məmmədova, Cəlilabad şəhər 7 saylı tam orta məktəbin müəllimi Yeganə Rzayeva, Cəlilabad şəhər 3 saylı uşaq bağçasının müdiri Günel Məmmədova, Göytəpə şəhər 1 saylı tam orta məktəbin müəllimi Günel Əliyeva, Göytəpə şəhər 2 saylı uşaq bağçasının müdiri Xanım Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbəsi Aytəkin Əliyeva, Cəlilabad şəhər Rəsm qalereyasının əməkdaşı Təranə Nəzərova və başqaları çıxış edərək 26 sentyabr 2016-cı ildə referendumda ailə üzvləri ilə birlikdə fəal iştirak edəcəklərini və referenduma "HƏ" deyəcəklərini bəyan ediblər. Onlar bütün seçiciləri referendumda fəal iştirak etməyə, dövlətçiliyimizə və gələcək inkişafımıza "HƏ" deməyə çağırıblar.

Yardımlı rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun YArdımlı şöbəsi bu gün qadınlarla görüş keçirib. Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatında baş tutan görüşdə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Mirkazım Kazımov, YAP Yardımlı rayon təşkilatı qadınlar şurasının sədri Aygün Şabiyeva, Şəhər 1 saylı uşaq bağçasının müdiri Gülnarə İsmayılova, YAP Yardımlı rayon təşkilatı idarə heyətinin üzvü Məzlum Mənsimov və digərləri iştirak ediblər.

Görüşdə ilk çıxış edən təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Mirkazım Kazımov qadın seçicilərərə Referendum Aktının əhəmiyyəti haqqında məlumat verib: "Cəmiyyətdə qadınların rolu hər zaman önəmli olub. 26 sentyabr tarixində Konistitusiyamızın 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi ümumxalq səsverməsinə çıxarılır. Bunlardan 23 maddəyə dəyişiklik, 6 maddəyə isə əlavələr olunacaq. Bu əlavə və dəyişikliklər günün, zamanın, beynəlxalq idarəetmə sisteminə inteqrasiyanın tələbindən irəli gəlir. Ona görə hər birimiz ölkəmizin inkişafı naminə "HƏ" deməliyik".

Görüşdə çıxış edən YAP Yardımlı rayon təşkilatı qadınlar şurasının sədri Aygün Şabiyeva referendumun mahiyyəti, ümumxalq səsverməsinin reallaşmasını şərtləndirən amillər haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra çıxış edən natiqlər Referendum Aktında nəzərdə tutulan dəyişiklərə müsbət yanaşdıqlarını bildirərək 26 sentyabrda keçiriləcək səsvermədə fəal olacaqlarını bildirib.

Yığıncağın sonunda YAP Yardımlı rayon təşkilatı qadınlar şurasının sədri Aygün Şabiyeva bütün qadınları səsvermə günü məntəqələrə gələrək səsvermədə aktiv iştirak etməyə səsləyib.

Kürdəmir rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Kürdəmir rayonunda təbliğat-təşviqat kampaniyası çərçivəsində qadınlarla görüş keçirib. Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının Qadınlar Şurasının sədri Sevda Hacıyeva Referendum Aktı barəsində seçicilərə məlumat verib. O, bildirib ki, Referendum Aktı layihəsində öz əksini tapan əlavə və dəyişikliklərin Azərbaycan dövlətinin inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edəcəyi şübhəsizdir: "Ulu Öndər Heydər Əliyevin siyasi kursunun sədaqətli davamçısı Prezident İlham Əliyev demokratik dövlət quruculuğu prosesində geniş islahatlar aparır, iqtisadiyyat genişlənir, sosial layihələr həyata keçirilir. Bu baxımdan Konstitusiyada müəyyən dəyişikliklərin edilməsinə ehtiyac duyulurdu. Bu həm zərurət, həm də zamanın tələbidir. Ona görə də əminliklə söyləyirəm ki, Ulu Öndər siyasi kursuna hər zaman sədaqət nümayiş etdirən qadın seçicilərimiz bütün seçkilərdə olduğu kimi, referendumda da aktivlik nümayiş etdirərək təklif olunan layihənin lehinə səs verəcəklər".

Sevda Hacıyeva 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumda məntəqələrə gələrək Azərbaycanın inkişafı naminə Konstitusiyada ediləcək dəyişikliklərə həmrəylikə "Hə" deməyə səsləyib.

Görüşdə "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Vüsal Hüseynov çıxış edərək Konstitusiyaya təklif olunan 29 maddədə əlavə və dəyişikliklərin mahiyyəti barədə seçicilərə ətraflı məlumat verib.

Təklif olunan dəyişikliklərin yaranma zərurəti, əhəmiyyəti barədə danışan millət vəkili söyləyib ki, Referendum Aktında yer alan müddəalar ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlir: "Bu dəyişikliklər Azərbaycanı qarşıdakı illərdə daha güclü, daha modern və inkişaf etmiş ölkəyə çevirəcək. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin atdığı hər bir addım Azərbaycan dövlətinin və xalqımızın uğurlu gələcəyinə istiqamətlənib. Konstitusiyaya təklif edilən əlavə və dəyişiklikləri nəzərdən keçirdikdə aydın görünür ki, həmin maddələr ölkə vətəndaşlarının daha yaxşı və firavan yaşamasını təmin etmək üçün səsverməyə çıxarılıb. Ona görə də sentyabrın 26-da keçiriləcək referendumda xalqımızı daha aktiv olmağa səsləyirəm".

Görüşdə YAP Kürdəmir rayon təşkilatının və "Yeni Azərbaycan" Təşviqat Qrupunun Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli çıxış edərək Konstitusiyaya təklif edilən dəyişikliklər haqqında ətraflı məlumat verərək, bu dəyişikliklərin dövlətçiliyimizə böyük töhfələr verəcəyini bildirib və Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 26 sentyabr 2016-cı il tarixində keçiriləcək ümumxalq səsverməsində hər bir vətəndaşın fəal iştirakı, bu dəyişikliklərə səs verməsinin vacib olduğunu diqqətə çatdırıb.

Görüşdə çıxış edən rayon qadınlarından Elmira Şıxəliyeva, Qəndaf Zülfüqarova və Dürriyə Seyidova vurğulayıblar ki, vətəndaşlarımız onlara yaradılan demokratik mühitdən istifadə edərək, Prezident İlham Əliyevin ətrafında sıx birləşib, ölkəmizin inkişafı parlaq gələcəyi naminə və bu siyasi kampaniyada həmrəylik nümayiş etdirərək konstitusiyada edilən dəyişikliklərə "Hə" deyəcəklər.

Beyləqan rayonu

Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupu Beyləqan rayonu Mədəniyyət sarayında qadın seçicilərlə görüş keçirilib. Görüşdə Beyləqan rayon Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının sədri Gülbəniz Cəfərova, YAP Qadınlar Şurasının üzvü Aynur İbrahimova, millət vəkili Şahin İsmayılov və digərləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən YAP Qadınlar Şurasının sədri Gülbəniz Cəfərova qadınların ölkəmizin siyasi-ictmai həyatındakı rolundan bəhs edib. O Azərbaycan qadınlarının bütün seçkilərdə aktiv olduğu kimi budəfəki səsvermədə fəal olacağına əminliyini bildirib. G. Cəfərov Beyləqan qadınlarını sentyabrın 26-da Referenduma "HƏ" deməyə çağırıb.

Görüşdə çıxış edən Millət vəkili Şahin İsmayılov söyləyib ki, bu gün Azərbaycan yüksək inkişaf dinamikasına malik güclü dövlətdir: "Həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf edir. Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir hüquqi dövlətdir. Hazırkı Konstitusiya islahatlarında ölkəmizdə insan hüquqlarının konstitusion əsasları daha da möhkəmləndirilir".

YAP Qadınlar Şurasının üzvü Aynur İbrahimova da çıxışında Konstitusiyaya təklif olunan dəyişiklikləri dəstəklədiyini və bu yeniliklərin ölkəmizin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

Görüşdə iştirak edən qadınlar da Referendum Aktını dəstəklədiklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə