Təxminən 10-15 il bundan əvvəl hansısa qəzetdə bu günümüz üçün maraq, həm də aktuallıq kəsb edən kiçik bir yazı oxumuşdum. Yadımda qalanları sizinlə bölüşməyə çalışacağam. Deməli hadisə belə vaqeə olur: iki şəxs dayanacaqda görüşür, biri o birindən soruşur ki, nə var, nə yox? İşlərin necədir, vəziyyət nətəridi? Cavab çox maraqlı olur. Deyir ki, dünyada 6 milyard adam yaşayır, dünyanın bir tərəfində gecə, o biri tərəfində gündüz olduğunu nəzərə alsaq, deməli 3 milyard insan bu saat oyaqdır. Həmin 3 milyardın 60-65 faizi, yəni təxminən 2 milyardı ya məktəbli, ya da təqaüdçüdür. Yerdə qaldı 1 milyardı, bunun da 50 faizi qadınlardır, onlar da ev işlərində, uşaq böyütməkdədirlər. Qalanlar: 100 milyon insan orduda xidmət edir, 100 milyonu dünya səyahətindədir, 50 milyonu müxtəlif xəstəliklərdən əziyyət çəkir, 50 milyonu isə həmin xəstələrə qulluq edir. 100 milyon insan qul kimi işlədilir ki, 99 milyon 999 min 998 harını doyuzdura bilsin. Vəssalam.
"Vəssalam niyə?" deyə birinci şəxs qatladığı barmaqlarına baxıb, "bəs iki nəfər hara getdi?", deyə soruşur. Dostu da halını pozmadan, "o iki şəxs də biz ikimizik, dayanıb burada boş-boş onun-bunun nə ilə məşğul olduğunu araşdırırıq", deyir.
Bu misal bu günümüz üçün niyə aktualdır, sualına qayıdaq. Yəqin ki, cəmiyyətin siyasətə yaxın kəsimi müxalifətin radikal qanadının ötən bazar günü Bakıda mitinq keçirdiyindən xəbərdardır. Nə olub, olub. Müxaliflər ölkədə yaradılmış münbit şəraitdən, sərbəst toplaşmaq imkanından istifadə edərək istəklərini yerinə yetirdilər. Düzdür, onların keçirdiyi mitinq referendumqabağı təbliğat-təşviqat kampaniyasının keçirilməsi haqda qanuna zidd olsa da, buna imkan verildi. Amma bizim sözümüzün canı bu deyil. Məsələ say məsələsidir.
Müxalifət mətbuatı "Məhsul" stadionuna gələnləri Əli Kərimlinin tərəfdarı kimi qələmə verib elə bağırır ki, guya bir az da keçsə bütün Azərbaycan əhalisi "Yurd" liderinin əmrinə müntəzir dayanacaq. Əlbəttə, eyforiya xəstəliyi çox pis mərəzdir. Ona yoluxdunsa, bitdin. Elə biləcəksən ki, dünya sənindir, Əli Kərimli kimi. "Yurd" lideri elə bilir ki, stadiondakıların hamısı "AXCP-Milli Şura" qruplaşmasının üzvləridir. Əslində "Yurd" lideri bunun belə olmadığını hamımızdan yaxşı qanır. Amma sərf edir deyə, susmağa üstünlük verir. Biz isə yuxarıda misal çəkdiyimiz iki dostun söhbətini Əli Kərimlinin yadına salmaq istəyirik.
Stadiona gələnlərin 2 min nəfər olduğunu nəzərə alsaq, onun 1000 nəfəri təsadüfi tamaşaçılar – yaxınlıqda yaşayan, işləyən, yoldan ötən idi. 500 nəfərin isə polis, jurnalist, tum, "peraşki", qaynadılmış qarğıdalı satan olduğunu nəzərə alsaq yerdə qaldı 500-ü. Qalan hissəsinin statistikası daha bərbad gündədir. Belə ki, 500-ün 250-si digər partiyaların bu tədbirə maraq üçün qatılmış üzvləri idisə, qalan 247 nəfər rayonlardan, Bakının ətraf qəsəbələrindən aldadılmış, pulla ələ alınmış (Əli Kərimlinin bu yaxınlara qədər silahdaşı, sirdaşı olmuş Razi Nurullayevin şəhadətinə görə, "Yurd" lideri mitinqə qatılan hər kəsə 10 manat mükafat vəd edibmiş) müxalifətçilərin əsl niyyətindən bixəbər kütlə, bir qrup islamçı idi. Bir nəfər – Cəmil Həsənli isə dünya səyahətinə çıxdığından tədbirə qatıla bilməmişdi. Vəssalam!
Vəli Vəliyev
P.S. Yerdə qalan iki nəfər də, Əliynən Gültəkini deyirəm, avaraları…
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB