Surxay Məmmədlidən dindarları siyasi alətə çevirənlərə QINAQ

“Allah evinin qapısını açmısınızmı? Məscidlərdə olmusunuzmu?”
Surxay Məmmədlidən dindarları siyasi alətə çevirənlərə QINAQ

"Hesab edirəm ki, dini siyasi alətə çevirmək ən böyük ədalətsizlikdir. Ümumiyyətlə, kimlərsə bu vasitədən istifadə edirsə, onların nə dinə, nə də imana aidiyyatları yoxdur". Bu fikirləri SİA-ya tanınmış ilahiyyatçı, İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli son günlər bəzi dindarların radikal müxalifətin aksiyalarına qatılmalarına münasibətini bildirərkən deyib.

Surxay Məmmədli bildirib ki, ələlxüsus İslam dini dövləti, Vətəni sevməyi aşılayan bir dindir: "Vətəni, dövləti sevmək imandandır. Lakin təəssüflər olsun ki, özlərini "siyasətçi" adlandırıb bəzi Qərb nümayəndəliklərinin qapılarından çəkilməyənlər bu amili dərk etmirlər, nəticədə şəxsi mənfəətləri və xəyanətkar siyasi ambisiyaları naminə dindar kəsimi öz sıralarına cəlb etməyə çalışırlar. Onlara sual etmək, onlardan soruşmaq lazımdır ki, bir müddət bundan öncəyə qədər din, İslam, əxlaq barədə məlumatları olmadıqları bir vaxtda indi nə tez "imana" gəldilər?!"

"Bu gün güclü və qüdrətli, regionda və dünyada öz sözünü deyən müstəqil Azərbaycan dövləti var, bu dövlətin, bu xalqın dəstəklədiyi Prezidenti var"-deyə vurğulayan Hacı Surxay Məmmədli qeyd edib ki, O, var gücü ilə çalışır ki, bu gün dünyada gedən siyasi-iqtisadi, maliyyə böhranı ölkəmizdən maksimum şəkildə yan keçsin, təsirsiz ötüşsün: "Fakt budur ki, cənab İlham Əliyev yürütdüyü uğurlu daxili-xarici siyasəti nəticəsində regionumuzda möhtəşəm qonşuluq siyasəti aparır, Rusiya, İran, Türkiyə və s. dövlətlərlə münasibətlərini ən üstün mövqeyə daşıyır. Azərbaycanı regional layihələrdə aparıcı qüvvəyə çevirir və o cümlədən, ölkəmizdə formalaşmış dinlər-məzhəblərarası dialoq formatını dünyaya bənzərsiz nümunə kimi təqdim edir. Bu gün müxtəlif dinlərə ibadət edən insanlar öz dini ayinlərini çox rahat şəkildə icra edirlər. Halbuki, Qərb ölkələrində biz müsəlmanlara qarşı necə diskriminasiya siyasəti aparıldığını, insan haqlarının pozulduğunu görməkdəyik.

Təəssüf ki, bəzi Qərb ölkələrinin Azərbaycandakı nümayəndəlikləri indi bu sabitliyi pozmaq üçün əllərində olan bütün imkanlardan istifadə etməyə cəhd göstərirlər. Bunun üçün isə özlərini "siyasətçi" adlandıran radikal müxalifət təşkilatlarına hər cür maddi dəstək göstərirlər. Bu barədə mətbuatda kifayət qədər yazılar var. Belələri Qərb qurumları qarşısında özlərini təsdiq etməkdən ötrü hadisələri dərindən dərk etməyən, siyasətə qarışmayan dindar kəsimi özlərinə siyasi alət etməyə çalışırlar, onları öz aksiyalarına qatıb "narazı kütlə" imicini formalaşdırmağa səy göstərirlər. Bu, çox təəssüfedici bir haldır".

Tanınmış ilahiyyatçı bildirib ki, o. zaman-zaman öz xütbələrində dindarları dövləti sevməyə, onu qorumağa və bu kimi məsələlərdə hər zaman diqqətli olmağa dəvət edir: "Çünki xalqımız, oğul və qızlarımız öz canları-qanları, şəhidlikləri müqabilində müstəqilliyimizi qazandırıblar. Azərbaycanın müstəqilliyini müdafiə etmək, ölkəmizi daxili və xarici düşmənlərdən qorumaq bizim ən əvvəl vətəndaşlıq borcumuzdur. Mən fürsətdən istifadə edərək, ölkədəki siyasi-ictimai sabitliyi pozmağa çalışan bəzi adamlara səslənirəm və onlara sual edirəm ki, sizlər ömrünüzdə bir dəfə də olsa Allah evinin qapısını açmısınızmı? Məscidlərdə olmusunuzmu? Ömrünüzdə bir dəfə də olsa namaz qılmısınızmı? Xeyr, əsla! Ancaq biz, bu kimi adamları Allah evinin qapısında deyil, hər dəfə Qərb nümayəndəliklərinin astanalarında görürük. Ona görə də buradan dindar qardaş və bacılarıma səslənirəm və deyirəm. Əziz mömin qardaş və bacılarım, bu kimi qrupların İslamla, müsəlman əxlaq və dəyərləri ilə kəskin ziddiyyətləri var, onlar dindarları aldadaraq öz məqsədlərini reallaşdırmağa çalışırlar. Ona görə də dəyərli dindarlar, xarici ölkələrin ermənisifətli fondlarından pul alan xəyanətkarlara inanmayın, Əsl imanlı olan kəs buna getməməli və xəyanətkarların bu addımlarına qətiyyətli şəkildə "yox!" deməlidir!".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə