Dindarlarla Əli Kərimli arasında kəskin fikir ayrılıqları yarandı ŞƏRH
Sirr deyil ki, Azərbaycan iqtidarının apardığı uğurlu sosial-iqtisadi siyasət, xalqın maraqlarına hesablanmış qətiyyətli addımların atılması istər daxili, istərsə daə xarici dairələrin narahatlıq hissləri keçirmələrinə səbəb olmaqdadır. Ümumiyyətlə, Azərbaycan dövlətçiliyinin möhkəm təməl sütunlarına malik olmasından, xalq-dövlət vəhdəti faktorundan ciddi təlaş keçirən bir sıra siyasi dairələr son anda daim dövlətçilik maraqlarına qarşı xəyanətkar mövqeləri ilə seçilmilş radikal müxalifətdən istifadə edərək, dağıdıcılıq prinsiplərini işə salmağa cəhdlər göstərirlər. Lakin yuxarıda qeyd edilən faktlar nəticəsində tərəfdarlarının sayı getdikcə azalan radikal müxalifət ictimai rəy qarşısındakı nüfuzunu tamamilə itirib və ölkənin siyasi səhnəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalıb.
Azərbaycan xalqı yaxşını-pisdən ayırmağı bacarmaqla yanaşı, illər öncəki dövrü xatırlayır, dağıdıcılığı, anarxiyanı birmənalı olaraq rədd edir
Məhz belə bir məqamda xalq növbəti dəfə xarici qüvvələrin fəallaşmasının aşkar şahidinə çevrilir. Hətta düşünmək olar ki, Azərbaycanın müstəqil, qətiyyətli və möhkəm təməllərə əsaslanmış siyasətinə qarşı mənfur planlar cızan bəzi xarici qüvvələr radikal müxalifətə ciddi dəstək verməklə bu xain zümrəni yenidən canlandırmaq arzusu ilə ölkənin siyasi həyatına qaytarmaq istəyirlər. Ancaq indi küçədə 90-cı illər deyil və Azərbaycan xalqı yaxşını-pisdən ayırmağı bacarmaqla yanaşı, illər öncəki dövrü xatırlayır, dağıdıcılığı, anarxiyanı birmənalı olaraq rədd edir.
O da gizli deyil ki, məhz bu məqsədi reallaşdırmaq üçün nəninki ucuz siyasi çevrələrdən, o cümlədən, radikal-ekstremist qrup maraqlarından çıxış edən dindarlardan da maksimum şəkildə istifadə olunur.
Əli Kərimlinin mitinqdəki "ateistlərlə dindarlar çiyin-çiyinə" şüarı alınmadı
Məsələn, radikal dindarlarla radikal müxalifət arasında əlaqələr qurulur. Xüsusilə, "Milli Şura"nın son mitinqində Mövsüm Səmədov və Taleh Bağırzadənin tərəfdarlarının iştirakı bunu bir daha sübut edir. Həmin mitinqdə AXCP sədri Əli Kərimlinin mitinqdə ateistlərin də iştirak etmələrinə rəğmən, dindarların (?!-R.N.) da onlarla çiyin-çiyinə iştirak etməsi barədə vurğulaması isə özü-özülüyündə bəzi suallar yaradır. Bəli, xarici qüvvələrin bugünlərdə geninə-boluna xərclədikləri pullar məhz bu amili reallaşdırıb – ölkədəki sabitliyi pozmağa çalışan bəzi dindarlar birdən-birə "dindar" olduqlarını unudaraq, digər radikalizm xəstəliyinin daşıyıcıları olan ateistlərlə, allahsızlarla bir ağızdan dövlətçilik əleyhinə yönəlmiş "Milli Şura" mitinqində "birləşirlər". Ancaq bu "birliyin" ömrünün uzun çəkməyəcəyi əvvəlcədən bəlli idi. Məsələn, mitinqdən sonra sosial şəbəkələrdə aparılan müzakirələr radikal dindarlarla "Milli Şura" və AXCP arasında kəskin problemlərin olduğunu üzə çıxarıb. Çünki anidən dindarlara "qucaq açan" və tərkibində kifayət qədər ateistlərin olduğu "Milli Şura" onları Ə.Kərimlinin siyasi ambisiyalarının reallaşdırılmasında vasitə hesab edir. Yəni dindarlar "Milli Şura"ya yalnız meydanı doldurmaq və izdiham görüntüsü yaratmaq üçün lazımdır.
Dindarların etirazları: "Bu müxalif qrupların islamla ziddiyyətləri var", "Milli Şura"nın mitinqi dindarların hesabına baş tutub", "Möminlər, bu sionist fondlarından pul alan müxalifətə inanmayın, 2005 ci ildə bunlar Corc Buşun şəklin mitinqdə qaldırırdılar. O vaxt Amerika müsəlman şiə İraq xalqını qətl edir, hərəmləri bombalayırdı!", "Əli Kərimlinin məscidə getdiyini, namaz qıldığını görən olub? Amma Amerika səfərliyindən əl çəkmir" və s.
Artıq, bu məsələdə ciddi fikir ayrılıqları üzə çıxıb. Vaxtında ayılan dindarlar Qərb dairələrinin sifarişini yerinə yetirən Ə.Kərimlinin əlində oyuncaq olduqlarını görür və mitinqə qoşulmaqlarını səhv hesab edirlər. Buna isə digər bir səbəb yaranıb. Belə ki, "Milli Şura"nın mitinqi zamanı Ə.Kərimlinin dindarların nümayəndəsinə söz verilməməsi, yalnız aksiyanın sonlarında ümumi cümlə ilə anması onlları qəzəbləndirib. Nəticədə aktiv radikal dindarlar "Qərbçi müxalifətin içərisində həzm olunmamaq" üçün tərəfdarlarını ehtiyatlı olmağa çağırır, satqın müxalifətlə əlaqələri tənqid edirlər. Onlardan bir neçəsini təqdim edirik.
Tohid İbarahimbəyli adlı dindar yazır: "İslamçılar Qərbyönümlü müxalifətin içində həzm olunmamalıdırlar. Bu müxalif qrupların islamla ziddiyyətləri var".
Mövsüm Səmədov səhifəsinin admini isə yazır ki, "Milli Şura"nın mitinqinə toplaşanların çoxu bu qurumun üzvü deyil, dindarlar olub: ""Milli Şura" indiyə qədər dəfələrlə mitinqlər edib. Amma heç vaxt bu qədər adam yığışmamışdı". Səhifənin admini bununla göstərmək istəyir ki, "Milli Şura"nın mitinqi məhz dindarların hesabına baş tutub.
Digər dindar - Rauf Musazadə isə təəccüb edir: "Sionistlərlə (müxalifət və maliyyələşdikləri bəzi Qərb siyasi dairələri) möminlər necə dil tapıb? Möminlər, bu sionist fondlarından pul alan müxalifətə inanmayın, 2005 ci ildə bunlar Corc Buşun şəklin mitinqdə qaldırırdılar. O vaxt Amerika müsəlman şiə İraq xalqını qətl edir, hərəmləri bombalayırdı!".
Başqa bir dindar isə sual edir: "Ə.Kərimlinin məscidə getdiyini, namaz qıldığını görən olub? Amma Amerika səfərliyindən əl çəkmir".
Bax, belə! İndi ortada ciddi bir fikir ayrılıqları yaşanıb və çox yəqin ki, "Milli Şura"nın növbəti mitinqlərində biz bu fikir ayrılıqlarından doğan əsl gerçəkliyi görəcəyik.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB